Bir məlumatın izi ilə...
Bakıda fəaliyyət göstərən "Dobromed" Klinikasının faəliyyətinin dayandırılması ilə bağlı məlumat vermişdik.
Sözgedən məlumatın ictimaiyyətə açıqlanan versiyasında klinikanın iqtisadi məsələlər üzrə direktoru Solmaz Əliyeva bildirib ki, tibb ocağının fəaliyyətinin dayandırılmasına səbəb xəstəxananın ginekologiya şöbəsində müəyyən çatışmamazlıqlar olub. Bəs bu nöqsanlar nələrdən ibarətdir? Öncə Səhiyyə Nazirliyinin məsələ ilə bağlı ilk açıqlamasına nəzər salaq.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli: "Qüsurlar aradan qaldırılana qədər klinikaya verilən lisenziya dayandırılıb. İndi klinikada qüsurlar aradan qaldırılandan sonra yenidən Səhiyyə Nazirliyinə müraciət edə bilərlər. Müraciət əsasında yenidən komissiya təşkil olunacaq. Yoxlamalarda qüsur aşkar olunmasa, o zaman klinikaya lisenziya verilə bilər".
Klinikanın ginekologiya şöbəsində müəyyən çatışmamazlıqların olması ilə əlaqədar “Dobromed”-in fəaliyyətinin müvəqqəti dayandırılması bir sıra suallar yaradır. Qeyd etməyi vacib hesab edirik ki, Azərbaycanda son illərdə tibb ocaqlarında ana və uşaq olümü halları artmaqdadır. Sözügedən klinikanın məhz ginekoloji şöbəsində baş vermiş nöqsanlarla bağlı fəaliyyətinin dayandırılması ilə bağlı məlumatın açıqlanması bəzi təxminlərin meydana çıxmasına rəvac verir. Klinikanın ginekoloji şöbəsində hansı ciddi nöqsanlar baş verib? Bu barədə ictimaiyyətə niyə geniş açıqlamalar verilmir? AZXEBER.COM olaraq məsələlərə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə bir daha bu olayın üzərindəki qaranlıqlara işıq salmaq istədik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirliyə bir neçə sual ünvanladıq. Müsahibimizin suallarımıza cavabı belə oldu: - "Dobromed" Klinikasının faəliyyətinin dayandırılması ilə bağlı bəzi qüsurların olduğunu qeyd etmisiniz. Bunlar hansı qüsurlardır? - Mənim bu barədə heç bir məlumatım yoxdur. Yəqin ki, texniki məsələlərlə bağlı lisenziya müvəqqəti dayandırılıb. - "Dobromed" Klinikasının ginekoloji şöbəsində ölüm hadisəsi baş veribmi? Səbəb bu ola bilərmi? - Xeyr. Heç bir ölüm hadisəsi baş verməyib. “Ginekologiya” şöbəsində hər hansı bir problemin yaşanması məhz ölüm hadisəsinin olması demək deyildir. Əgər bu cür hal yaşansaydı, müvəqqəti olaraq deyil, daimi olaraq bu klinikanın fəaliyyəti dayandırılmışdı. - "Dobromed" Klinikası nə qədər müddət fəaliyyət göstərdikdən sonra lisenziyasının müvəqqəti dayandırılması barədə qərar verilib? - Ümumiyyətlə, hər bir müəssisəyə lisenziya 5 illik verilir, ancaq nə qədər sonra dayandırılıb, bu barədə məlumatım yoxdur. A.Qədirli bizimlə söhbətində onu da qeyd etdi ki, “Dobromed” Klinikası ilə bağlı daha ətraflı məlumat Səhiyyə Nazirliyinin saytında verilib. Nəzərə çatdıraq ki, nazirliyin saytında “Dobromed” Klinikası haqqında məlumata rast gəlmədik.
Sözügedən olayla bağlı “Dobromed” Klinikası ilə də əlaqə saxladıq. Klinikanın işçisinin bizə verdiyi açıqlama bundan ibarət oldu: “Klinika hazırda fəaliyyət göstərmir. Bu üzdən də xəstə qəbul etmirik. Nə zaman açılacağı isə bəlli deyil”.
Müsahibimizin sözlərinə görə, klinikanın heyətindən heç kim hazırda işə çıxmır.
“Dobromed” Klinikasının fəaliyyətini nə zaman bərpa ediləcəyi ilə bağlı sualımıza əməkdaşın cavabı belə oldu: “Bu barədə hələlik heç bir məlumat verə bilmirik”.
Göründüyü kimi, verilən bütün suallar açıq havada qalır. Çünki məmurlar verilən suallardan yayınırlar. Nöqsanlar, yaranmış problemlərlə bağlı məlumat verməmək mövqeyi tutmağa üstünlük verirlər. Səbəbi isə onlara bəllidir. Bizə və ictimaiyyətə yox.
İndi isə suallarımızı sadalayırıq. Hörmətli məmurlar, zamanınız olanda onları cavablandırmağı unutmamaq şərti ilə.
- Azərbaycanda bu günə kimi ana və uşaq ölümü hadisəsi baş vermiş neçə tibb ocağının fəaliyyətinə xitam verilib?
- Bütün qurumlarda olan problemlər, nöqsanlar cəmiyyət üçün açıq olmalıdır. Əlbəttə ki, məxfiliyinin qorunması qanunla tələb olunan sirlər istisna olunmaqla. Sizin bizə söyləmək istəmədiyiniz məlumatlar da bu sıraya aiddir. Çünki bu məsələlər açıqdır. Nəyi və niyə gizlədirsiniz?
- Nəzərinizə çatdırmağı borc bilirik ki, rəsmi dövlət qurumu hər hansı nöqsan aşkarlayıb ölçü götürüb addım atırsa, bu barədə rəsmi məlumatı geniş ictimaiyyət üçün açıqlamağa və qurumun saytında yerləşdiməyə borcludur. Bu, Sizlərin vəzifə borcunuzdur.
- Əgər hər hansı məlumat cəmiyyətdən gizlədilirsə və yaxud zamanında verilmirsə, bu, haqlı olaraq dezinformasiyalara, şayiələrə yol açır. Biz isə dəqiq, açıq informasiyaya üstünlük vermək yolunu tuturuq. Rəsmi istinad mənbəyi olmaqla əlbəttə ki. Məhz bu səbəbdən də Siz məmurlardan israrla məlumat tələb edirik. Hər kəsin vəzifə borcu olduğu kimi, bizim işimizə də məmurların hörmət etməsini öncə istəyirik, sonra isə tələb edirik.
Sonda isə yazdıqlarımıza söz ardı...
Azərbaycanda az qala hər ay ana və uşaq ölümü hallarının baş verməsinin hamımız nə qədər acı da olsa, şahidi oluruq. Bunu göz önünə gətirərək ümid edək ki, Səhiyyə Nazirliyi yaxın günlərdə bu məsələ ilə bağlı ətraflı, geniş bir açıqlama ilə çıxış edəcək.
Gözləyirik...
Azxeber.com