"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları

"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
MARAQLI
11:19 07.08.2026
336
ABŞ Prezidenti Donald Tramp xarici vətəndaşların övladlarının ABŞ vətəndaşlığı əldə etməsi məqsədilə ölkəyə səfər etməsini nəzərdə tutan "doğum turizmi”nin qarşısının alınmasına yönəlmiş sərəncam imzalayıb.

Bəs insanlar niyə uşaqlarını xarici ölkələrdə dünyaya gətirməyə üstünlük verirlər?

AZXEBER.COM xəbər verir ki, dünyanın bəzi ölkələrində uşağın doğulduğu ərazi ona avtomatik vətəndaşlıq hüququ qazandıra bilir. Xüsusilə Amerika qitəsində bu prinsip daha geniş tətbiq olunduğundan son illərdə "doğum turizmi” geniş yayılıb.

Dünyada doğum yeri əsasında vətəndaşlıq (jus soli) prinsipini tətbiq edən ölkələrin böyük əksəriyyəti Amerika qitəsində yerləşir. ABŞ, Kanada, Meksika, Braziliya, Argentina və digər bir sıra Amerika ölkələrində doğulan uşaq, valideynlərinin vətəndaşlığından asılı olmayaraq (diplomatların övladları kimi bəzi istisnalar xaric), həmin ölkənin vətəndaşı olur.

Bu vətəndaşlıq uşağa bir sıra hüquq və imtiyazlar qazandırır. Bunlara həmin ölkənin pasportunu əldə etmək, ölkədə məhdudiyyətsiz yaşamaq və işləmək, dövlət məktəblərində və universitetlərində yerli vətəndaşlar üçün nəzərdə tutulan şərtlərlə təhsil almaq, dövlət səhiyyə və sosial təminat proqramlarından qanunvericiliyə uyğun istifadə etmək hüququ daxildir.

Bundan əlavə, vətəndaş olan şəxs seçki yaşına çatdıqdan sonra səs vermək və ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət vəzifələrinə namizəd olmaq hüququ əldə edir. ABŞ-də isə vətəndaş olan şəxs 21 yaşına çatdıqdan sonra müəyyən şərtlərlə valideynlərinin daimi yaşamaq üçün müraciətinə sponsorluq edə bilir.

Avropa ölkələrinin əksəriyyətində isə vəziyyət fərqlidir. Burada təkcə həmin ölkədə doğulmaq vətəndaşlıq almaq üçün kifayət etmir. Əsas meyar valideynlərin vətəndaşlığı və ya uzunmüddətli qanuni yaşayış statusudur. Bu səbəbdən Avropada "doğum turizmi” ABŞ və Amerika qitəsinin bəzi ölkələrində olduğu qədər geniş yayılmayıb.

Məsələn, Almaniyada uşaq yalnız valideynlərdən ən azı birinin uzunmüddətli qanuni yaşayış statusu olduğu halda vətəndaşlıq ala bilir. Fransada doğulan uşağa doğulduğu anda avtomatik vətəndaşlıq verilmir, lakin müəyyən müddət ölkədə yaşadıqdan sonra vətəndaşlıq əldə etmək imkanı yaranır.

İtaliya, İsveçrə və Avstriyada isə əsasən "qan bağı” (jus sanguinis) prinsipi tətbiq edilir. Bu ölkələrdə valideyn vətəndaş deyilsə, təkcə həmin ölkədə doğulmaq vətəndaşlıq almaq üçün əsas sayılmır. İrlandiyada da əvvəllər doğum əsasında avtomatik vətəndaşlıq verilsə də, qanunvericilik dəyişdirildiyindən hazırda bunun üçün əlavə şərtlər tələb olunur.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR