Dövlət Sosial Müdafiə Fondunda bir sıra rəhbər vəzifələrə təyinatlar olub.
AZXEBER.COM Tribunainfo.az-a istinadən xəbər verir ki, fondun rəhbəri Zəka Mirzəyev xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib.
Z.Mirzəyevin bir neçə gün əvvəl özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olması məlum olub.
Bildirilib ki, təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, buna cavab verilməyib.
Məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.
Qeyd edək ki, Zəka Mirzəyev bu ilin aprelində DSMF sədri təyin edilib.
DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili mövzu ilə bağlı AZXEBER.COM-a bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır.
Heç bir fakta əsaslanmadan bir saytın dərc etdiyi, sonradan bəzi saytların da ona istinadən, dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır.
Belə ki, Fondun icraçı direktoru təyin
olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.
Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir.
Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz.
Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər.
Qeyd edilən yalan xəbəri yaymış media subyektlərindən media qanunvericiliyinə uyğun olaraq, bu təkzib məlumatını dərc etməyi xahiş edirik.