Dünya bazarında neftin qiyməti ucuzlaşır - Qızılın isə… - AÇIQLAMA

Dünya bazarında neftin qiyməti ucuzlaşır - Qızılın isə… - AÇIQLAMA
İQTİSADİYYAT
15:20 02.07.2026
345
Hörmüz boğazında gəmiçilik hərəkətinin bərpa olunması və regionda gərginliyin nisbətən azalması fonunda dünya neft bazarında qiymətlər enməyə başlayıb. Son bir neçə gündür neftin qiymətində ardıcıl ucuzlaşma müşahidə olunur.

Dünya bazarında "Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,88 ABŞ dolları və ya 3,82 faiz azalaraq 72,46 ABŞ dollarına düşüb.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 2,85 ABŞ dolları və ya 3,9 faiz ucuzlaşaraq 69,98 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə əsasən, "Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti də enərək bir barel üçün 68,79 ABŞ dolları olub.

İqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, Hörmüz boğazının açılması ilə ərəb ölkələri daha çox neft satmağa başlayıblar:

"Hörmüz boğazının açılmasından sonra neftin qiyməti düşüb. Çünki ərəb ölkələri müharibə təhlükəsi olan zaman daha çox qızıl satırdılar. Əllərində olan bütün qızılı satırdılar. Nefti isə Hörmüz boğazının bağlı olmasına görə sata bilmirdilər. Hazırda isə Hörmüz boğazının açılması ilə ərəb ölkələri daha çox neft satmağa başlayıblar. İranın özü belə iyun ayı ərzində 40 milyon barel neft satmağa nail olub. Bu isə rekord göstəricilərdən biridir”.


İqtisadçı ekspert bildirib ki, hazırda qızılın qiyməti artır:

"Hazırda qızılın qiyməti az da olsa, yavaş-yavaş artmağa başlayıb. Bir unsiya qızılın qiyməti təxminən 4 min 100 ABŞ dolları civarındadır”.

O qeyd edib ki, əgər müharibə və gərginliklər dayanarsa, gələn il daha aşağı neft qiymətləri görə bilərik:

"Neftin qiyməti düşdükcə Azərbaycanın valyuta gəlirləri azalır. Amma hələlik burada təhlükəli vəziyyət yoxdur. Çünki Azərbaycanın büdcə parametrləri neftin bir barelinin 65 ABŞ dolları qiyməti əsasında hesablanıb. Hazırda Azərbaycan neftinin qiyməti 73-74 ABŞ dolları civarındadır. İlin əvvəlindən formalaşan orta qiymət də 65 ABŞ dollarından yüksək olduğuna görə bu il üzrə orta qiymətin də həmin səviyyədən yuxarı olacağı gözlənilir. Əgər müharibə və gərginliklər dayanarsa, gələn il daha aşağı neft qiymətləri görə bilərik”.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR