AZXEBER.COM dünyasını dəyişmiş dünya liderlərinin ölüm səbəbi ilə bağlı araşdırma aparıb.
Görkəmli
sərkərdə, Fransa imperatoru Napoleon Bonapartın (1769-1821) ölümü ilə bağlı bir
neçə variant var. Bəziləri onun zəhərləndiyini, bəziləri isə adadan qaçaraq
uzun müddət başqa ad altında yaşadığına deyir. Həkimlərin diaqnozuna görə isə, Napoleon
mədə xərçəngindən vəfat edib.
Uzun
illər SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalinin (1879-1953) ölümünün
sirləri hələ də müəmmalı qalır. Tarixi mənbələrdə Stalinin 1953-cü ilin martın 5-də beyninə qansızmadan
vəfat etdiyi göstərilir. Belə bir versiya da mövcuddur ki, Lavrenti Beriya və
ya N.S.Xruşşov onun ölümünə göstəriş verib.
20-ci əsrin
ən qanlı diktatorlarından biri olan Adolf Hitlerin (1889-1945) ölümü ilə bağlı
arxiv materiallara nəzər salsaq, bir sıra təzadlara rast gələrik. İlk baxışdan
cavab birmənalı və aydındır: dəlisov fürer və onun həyat yoldaşı Eva Braun
1945-ci ildə aprel ayının 30-da 15:30-da, İmperiya dəftərxanasında
quraşdırılmış yeraltı bunkerdə intihar ediblər. Başqa bir versiyaya görə isə
Hitler intihar etməyib. O Eva Braun və tərəfdaşları ilə mühasirəyə alınmış
Berlindən Cənubi Amerikaya qaçıb və orada vəfat edib.
SSRİ-nin
qurucularından olan Vladimir İliç Leninin (1870-1924) ölümü hələ də 20-ci əsrin
sirrlərindən biri kimi qalmaqdadır. Stalinin Lenini zəhərləməsi versiyası təsdiqlənməsə də səngimək bilmir. Digər
sənədlərdə isə Leninin ağır xəstəliyə tutularaq əlil arabasında əzabverici
ağrılarla yaşayaraq 21 yanvar 1924-cü ildə beyninə qansızma nəticəsində öldüyü
bildirilir.
Böyük Britaniyanın baş naziri, ingilis siyasi və dövlət xadimi Uinston Çörçillin (1874-1965) də ölümü maraq doğurub. O 80 yaşından depresiyyadan əziyyət çəkməyə başlayır və ruhi sarsıntılar keçirir. Ömrünün son 10 ilini tənha yaşamağa üstünlük verir. 1965-ci ilin yanvarın 24-də Çörçill ölümyatağında son sözləri belə olur: "Hər şey necə də cansıxıcıdır"
Osmanlı imperiyasının 7-ci padşahı Fateh Sultan Mehmet (1432-1481) Üsküdarla Qəbzəarasında Maltəpə yaxınlığındakı ordugahında 3 may 1481-ci ildə vəfat edib. Ölüm səbəbi olaraq nikris xəstəliyi göstərilsə də, zəhərlənərək öldüyü də bəzi mənbələrdə göstərilir.
Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndər Mustafa Kamal Paşa Atatürkün (1881-1938)
ölümü ilə bağlı bəzi mənbələr masonlar tərəfindən sui-qəsd nəticəsində
öldürüldüyünü qeyd etsə də, bu da təsdiqlənməyiib. O 10 noyabr 1938-ci il saat
09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat
edib.
Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəyə
12 günlük səyahətindən sonra vəfat edib. Özalın bir sui-qəsdə qurban getmiş ola
biləcəyi ehtimalı da illərdir müzakirə edilir, ancaq bu fakt da təsdiqini tapmayıb.
Türkiyə Respublikasının 9-cu prezidenti, görkəmli siyasi xadimi Süleyman Dəmirəl (1924-2015) 91 yaşında uzun müddətdir müalicə olunduğu Ankara Güvən xəstəxanasında 2015-ci ilin 17 iyun tarixində saat 02:05-də ürək çatışmazlığı və tənəffüs yolları infeksiyası səbəbindən ölüb.
Kuba
lideri Fidel Kastro (1926-2016) ömrünün
son illərində xəstəliyi üzündən taqətdən düşüb. 25 noyabr 2016-ci ildə Kuba
dövlət televiziyası Fidel Kastronun çoxlu orqan çatışmazlığından vəfat etdiyini
bildirib.
Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi (1869-1948)
30 yanvar 1948-ci ildə Yeni Dehlidə yerləşən Birla evinin bağçasında gecə gəzintisi
edərkən hindli bir radikal olan Nathuram Qodse tərəfindən sui-qəsd nəticəsində
vurularaq öldürülüb.
ABŞ-ın
35-ci prezidenti Con Kennedi (1917-1963) snayper tüfəngindən açılan atəşlə 22
noyabr 1963-cü ildə qətlə yetrilib. Bu qətl 20-ci əsr Amerika tarixinin ən önəmli
hadisələrindən biri olmaqla yanaşı, eyni zamanda əsrin ən müəmmalı sirri olaraq
qalıb.
ABŞ-ın 16 –cı prezidenti Avraam Linkoln (1809-1865) ilk qətlə yetirilən ABŞ
prezidentidir. 15 aprel 1865-ci ildə Avraam Linkoln teatrda "Bizim
Amerikalı əmioğlumuz" tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks
But tərəfindən qətlə yetirilib.
İraq tarixinin ən qalmaqallı lideri olan Səddam Hüseynin (1937-2006) həyatı maraqlı məqamlarla doludur.
O 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 - də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006 - cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir. 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam edilmişdir.
İnqilab lideri və uzun illər Liviyanın dövlət başçısı Muammer Qəddafinin (1942-2011) də aqibəti Səddam kimi olub.
Ölkədə baş verən müharibə zamanı Liviya xalqının güclü müqavimətinə baxmayaraq, üsyançılar NATO-nun köməyilə bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli və s. Liviya şəhərlərini ələ keçirmişdilər. Nəhayət oktyabrın 20-də üsyançılar Liviyanın son ümidi olan Sirt şəhərinə soxuldular və Qəzzafini vəhşicəsinə öldürdülər.
Görkəmli
Monqol hökmdarı və sərkərdəsi Böyük Monqol İmperiyasının qurucusu Çingiz Xanın(1162-1227) ölüm səbəbi naməlum qalıb. 1226-cı ildə onun orduları Tanqut dövlətini
mühasirəyə alır. Mühasirə zamanı Çingiz Xan qəflətən 11 avqust 1227-ci ildə vəfat
edib. Ölüm səbəbi nəinki sərkərdələrdən həmçinin salnaməçilərdən də gizli saxlanılıb.
Roma
imperatoru Qay Yuli Sezar (e.ə.100-cü il-e.ə. 44-cü il 15 mart) ən yaxın silahdaşı olan Brutun xəyanətinə
uğrayaraq sui-qəsd nəticəsində öldürülüb. O ölüm anında bu sözləri deyib: "Sən
də mi Brut”
Türk
dünyasının ən məşhur sərkərdələrindən olan, "Avropanın imperatoru"
titulunu qazanmış Hun İmperiyasının hökmdarı Atilla (406-453) toy gecəsi qanaxmadan(ağız və burnundan qan
açılaraq) vəfat edib. Bəzi mənbələr bunun sui-qəsd olduğunu qeyd edir.
Makedoniyalı İsgəndər (e.ə.336-e.ə.323) ölümü ilə bağlı bir neçə versiya
vardır. Bəzi mənbələrdə sui-qəsd bəzilərində isə zəhərlənmə malyariya və qarın
yatalağı kimi xəstəliklər nəticəsində öldüyü bildirilir.
ABŞ-ın banilərindən biri olan görkəmli ictimai-siyasi xadim Bencamin Franklin (1706-1790) ağciyərlərində nəfəs darlığı və tənəffüs sistemi ağırlaşdığı üçün səhhəti pisləşir və 17 aprel 1790-cı ildə 84 yaşında vəfat edib.
Şah İsmayıl Xətai (23 iyun 1487, Ərdəbil – 23 may 1524, Ərdəbil) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli dövlətçilik ənənələri məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldan başlanır.
Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi
iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz
rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Azərbaycan
Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində
ABŞ-ın Klivlend Klinikasında 80 yaşında ürək çatışmazlığından yerli vaxtla səhər
saat 10-da dünyasını dəyişib. Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı,fövqəladə
idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri
və dövlət xadimləri arasında onun adı həmişə
birincilər sırasında çəkilir.
Son olaraq isə bu sözlərlə yazını bitirmək
istərdim: Dahilər heç bir zaman ölmür.
Tahirə Nur,
AZXEBER.COM