Dünya mətbuatı bu gün nə yazır? - MANŞETLƏR

Dünya mətbuatı bu gün nə yazır? - MANŞETLƏR
MEDİA
15:07 31.01.2012
2197
ABŞ-ın “Wall Street Journal” qəzetinin Avropa nəşrində yer alan bir xəbərdə respublikaçıların prezidentliyə namizədlərindən Qinqriçin Florida ştatında rəqibindən geri qaldığı bildirilib. Xəbərə görə, keçən həftə sonu keçirilən rəy sorğuları Qinqriçin rəqibi Romnidən xeyli geridə qaldığını göstərib. Sorğuların nəticələrinə görə, Romni 47 faiz dəstək alarkən, Qinqriçin səsləri 27 faizdə qalır.
Digər ABŞ qəzeti “İnternational Herald Tribune” Rusiyanın Suriyada toqquşmaların dayandırılması üçün vasitəçilik etmə təşəbbüsünün baş tutmadığını yazıb. Xəbərdə bildirilir ki, Suriya rejimi Dəməşqin şərq məhəllələrində başlayan üsyanı yatırmaq üçün ordu birliklərini oraya göndərsə də, ağır silahlarla təchiz olunmuş üsyançıları ortadan qaldıra bilməyib. Qəzet, həvəskar video-görüntülərə istinad edərək Xums şəhərində də qanlı toqquşmaların davam etdiyini yazıb.
Fransanın “Liberation” qəzeti prezident Nikola Sarkozinin 2007-ci və 2012-ci ildəki ziddiyyətli açıqlamalarını bu başlıqla diqqətə çatdırıb: “2012: Daha az qazanmaq üçün daha az çalışın. 2007: daha çox qazanmaq üçün daha çox çalışın”.

Qəzet yazır ki, Sarkozinin bazar axşamı günü verdiyi açıqlamalar “daha az qazanmaq üçün daha az çalışın” siyasətindən başqa bir şey yox idi. “Sarkozi əvvəl daha çox istəyirdi, indi daha az istəyir” deyə yazan qəzet prezidentin 2007-ci ildə müdafiə etdiyi şüarların 180 dərəcə əksini önü sürdüyünü vurğulayıb. Xəbərdə bildirilir ki, Sarkozi prezidentliyinin son həftələrində şirkətlər üçün irəli sürdüyü rəqabət anlaşmasıyla 2007-ci ildə verdiyi sözündən qaçıb. Bu anlaşmaya görə, bir firmada işləyənlərin 30 faizini təmsil edən həmkarlar ittifaqıyla firma rəhbərliyi arasında razılaşma əldə edilərsə, iş verən iş saatlarını və maaşları azalda bilər. Və ya bu vəziyyətdə firma iş satını artırıb, əlavə pul verməkdən imtina edə bilər. İşçilər daha çox işləyib, daha az maaş qalmağı qəbul etməyəcəkləri üçün bu, daha az işləyib daha az qazanmaq mənasına gəlir.

İtaliyada çıxan “La Reppublica” qəzeti siyasətçilərin və dövlət işində rəhbər vəzifədə işləyənlərin maaşlarının azaldılacağını yazıb. Xəbərə görə, İtaliya hökuməti millət vəkillərinin və dövlətdə yüksək vəzifə tutan şəxslərin maaşlarıyla bağlı yeni qanun layihəsini parlamentə təqdim edib. Layihəyə görə, millət vəkili maaşları 1300 avro azaldılacaq. Buradan əldə edilən gəlir bir fonda toplanacaq. Müdirlərin maaşlarına isə sərhəd qoyulacaq. Belə ki, heç bir müdir Apellyasiya Məhkəməsinin sədrinin 310 min avroluq maaşından daha çox maaş ala bilməyəcək. Layihənin gətirdiyi başqa bir yeniliksə ondan ibarətdir ki, korrupsioner məmurlarla bağlı dövlət qurumlarına məlumat verənlərə mükafat veriləcək.

İngiltərənin “The Guardian” qəzeti “Wikileaks”in qurucusu Culian Assancın televiziya proqramında aparıcılığa başlayacağını yazıb. Terrorçudan Məsihə, hökumətlərə müharibə elan edən cəsur döyüşçüdən təcavüzçüyə qədər bir çox sifətlərlə anılan Assancın proqramında məşhur gülcü siyasətçiləri qonaq edəcəyi bildirilir. Qəzet yazır ki, Assancın proqramı mart ayından etibarən yayımlanmağa başlayacaq. Hər biri 30 dəqiqəlik 10 proqram Kremlin nəzarətində olan “Russiya Today” televiziyasında yayımlanacaq. Proqramın əvvəlcədən qeyd edilib-edilməyəcəyi məlum deyil. Assancın vəziyyəti də qeyri-müəyyənliyini qoruyur. Sabah Assancın İsveçə təhvil verilməsinə dair məhkəmə işində son qərar veriləcək.

İtaliyada çıxan başqa bir qəzet – “Corriere Della Sera”  Avropa Birliyi ölkələrinin yeni anlaşmasından yazıb. Xəbərdə bildirilir ki, Avropa Birliyinin yeni əldə etdiyi razılığa görə, üzv ölkələrin milli büdcələrində nəzarət artırılacaq. 27 ölkədən 25-i bu qərarı təsdiqləyib, İngiltərə və Çexiya isə imza atmayıb.

Rusiyada çıxan “Nezavisimaya qazeta” isə Moskva hökumətinin fevralın 4-də müxalifətin keçirdiyi mitinqdə şagirdlərin və tələbələrin iştirakının qarşısını almaq üçün müxtəlif metodlara əl atdığını yazır. Xəbərə görə, keçən mitinqdə şənbə günü məktəblərdə məcburi yoxlama təşkil edilib. Bəzi qəzetlər 4 fevral mitinqində də bənzər metoda əl atılacağını və ya tətil gününün dəyişdiriləcəyini yazıb.  Lakin keçən mitinqdən sonra yalnız müxalifətin deyil, valideynlərin də narazılığı ilə qarşılaşan paytaxt hökuməti bu dəfə açıqlama verərək, məktəblərdə yoxlamanın olmayacağını, tətilin də dəyişdirilməyəcəyini açıqlamaq məcburiyyətində qalıb.

Almaniyanın “Die Welt” qəzeti müxtəlif Avropa ölkələrində 17 min əməkdaşı və 3 min şöbəsi, Almaniyada isə 10 min mağazasında 47 min işçisi olan “Schlecker” kosmetika və təmizlik məhsulları şirkətinin iflasa uğradığını yazıb. Xəbərə görə, 650 milyon avro zərərə uğrayan şirkət Avropadakı mağazalarını bağlamaq, Almaniyadakı işçilərindən 3 minini isə ixtisar etmək məcburiyyətində qalıb.

İspaniyanın “El Pais” qəzeti  “İspanair” Hava Yollar Şirkətinin rəsmən iflas prosedurunu başlatmaq üçün Barselona Ticarət Məhkəməsinə müraicət etdiyini yazıb. Xəbərər görə, şirkətin 474 milyon avro borcunun olduğu təxmin edilir. Şirkətin 2075 əməkdaşının da bu qərardan sonra işdən çıxarıldığı bildirilir. Ancaq həmkarlar ittifaqları şirkətin kasasında çıxarılacaq işçilərə təzminat ödəyəcək qədər pul olmadığından narahatdırlar.

İspaniyanın başqa bir qəzeti - “El Mundo” isə ölkə kralının kürəkəni Urdanqarin və onun ortağı Dieqo Torresin fevral ayında məhkəmə qarşısına çıxacağını yazıb. Xəbərdə bildirilir ki, dövlət mənbələrindən sui-istifadə etməkdə ittiham olunan kürəkən və ortağının fevralın 11-də ifadə verməsi gözlənilir. Torresin vəkili vasitəsilə məhkəməyə müraciət etdiyi və məhkəmə ilcası günü atılacaq pomidor-yumurtadan qorunmaq üçün mühafizə istədiyi açıqlanıb.
OXŞAR XƏBƏRLƏR