Dünyanın müxtəlif bölgələrində tarix boyunca baş verən böyük yanğınlar milyonlarla insanın həyatına və şəhərlərin məhv olmasına təsir edib.
AZXEBER.COM bəşəriyyət tarixində baş verən ən dəhşətli və dağıdıcı yanğınları təqdim edir:
Roma Yanğını (64-cü il)
Bu, barəsində günümüzə qədər məlumat gəlib çatan ilk yanğınlardan biridir. Roma İmperiyasında baş verən bu böyük yanğın 7 gün davam edib və şəhərin 14 mahalının 10-u məhv olub. Yanğının qəza nəticəsində başladığı güman edilsə də, Neronun şəhəri yenidən qurmaq üçün bunu bilərəkdən təşkil etdiyinə dair şayiələr yayılıb. Hadisə minlərlə insanın ölümünə və evsiz qalmasına səbəb olub.
Böyük London Yanğını (1666)
Londonun orta əsr hissəsini 4 gün ərzində məhv edən böyük yanğın bir çörəkçi dükanındakı sobadan başlayıb. Nəticədə 13 200 ev, 87 kilsə (o cümlədən Müqəddəs Pavel Kafedralı) və çox sayda ictimai bina kül olub. Şəhərin 80%-i dağılsa da, yanğın bir il əvvəlki Böyük Veba Xəstəliyinin yayılmasını da faktiki olaraq dayandırıb.
Moskvada yanğın
Moskvada yanğın 1812-ci ildə şəhər fransızlar tərəfindən ələ keçirildikdə başlamışdı. Güclü külək nəticəsində, yanğın ildırım sürəti ilə yayılmışdı. Hadisə nəticəsində 9151 yaşayış evinin 6496-sı, 329 məbədin 122-si məhv olmuşdu. 2000-ə qədər yaralı Rusiya əsgəri alovda həlak olmuşdu. Teatrlar, kitabxanalar və digər mühüm binalar məhv olmuşdu.
Böyük Çikaqo Yanğını (1871)
Çikaqoda yanğın 1871-ci ildə baş verib və 3 gün davam edib. Hər şey bir binanın yanması ilə başlayıb. Hadisə nəticəsində təxminən 300 insan həlak olub, 100 min nəfər evsiz qalıb və 17 500 bina yanıb.
Bostonda yanğın (1872)
Bu, ABŞ-da ən bahalı yanğın hesab olunur. O, 1872-ci ildə baş vermiş və çoxlu sayda binaların, yaşayış evlərinin, bazarın dağılmasına gətirib çıxarmışdı. Şəhərin iqtisadiyyatına çox böyük ziyan vurulmuşdu. Minlərlə insan evsiz qalmışdı.
San-Fransisko Yanğını (1906)
18 aprel 1906-cı ildəki 7,9 bal gücündə zəlzələdən sonra şəhərdə qaz xətlərinin qırılması və sobaların aşması nəticəsində üç gün davam edən böyük yanğınlar başladı. Zəlzələ və yanğın birgə 3 mindən çox insanın ölümünə səbəb oldu, şəhərin 80%-i dağıldı və 300 min sakin evsiz qaldı.
Tokyo Yanğını (1923)
1 sentyabr 1923-cü ildə baş verən Böyük Kanto zəlzələsindən sonra Tokyo və Yokohamada genişmiqyaslı yanğın fırtınası başladı. Zəlzələ zamanı evlərdəki sobaların devrilməsi alovlanmaya səbəb oldu. Hadisə nəticəsində on minlərlə insan həyatını itirdi və ümumi itki sayı təxminən 140 minə çatdı.
Tarixin Ən Dağıdıcı Meşə Yanğınları
Kalimantan adasında meşə yanğını (1982)
Bu yanğın 1982-ci ildə baş verib və adanın xeyli hissəsini əhatə edib. Yanğın təxminən 10 ay sürmüşdü və nəticədə 800 min hektar meşə ərazisi yanmışdı. Hadisə nəticəsində bir neçə nadir heyvan və bitki növünün nəsli kəsilmişdi.
Çin Şimal-Şərqi Yanğını (1987)
1987-də Xeylunszyan vilayətində başlayan bu genişmiqyaslı meşə yanğını, bir fəhlənin sönmədən qalan benzin səbəbindən alovlanmışdı. Nəticədə 7,3 milyon hektardan çox ərazi dağıldı, 211 nəfər həyatını itirdi və 50 min nəfər evsiz qaldı.
Qara Şənbə Yanğınları (2009)
2009-cu ildə Avstraliyanın Viktoriya ştatında ekstrem isti hava, güclü küləklər və uzunmüddətli quraqlıq səbəbindən başlayan yanğınlar ölkə tarixinin ən ölümcül meşə fəlakəti oldu. 173 nəfər öldü, 2 029 ev məhv edildi və 450 min hektardan çox sahə yandı.
Avstraliya Yanğınları (2019–2020)
"Qara Yay” kimi tanınan bu mövsüm iyun 2019-dan mart 2020-yə qədər davam edib. Şiddətli quraqlıq və rekord temperaturlar nəticəsində 24–40 milyon hektar sahə yanıb, 34 nəfər həyatını itirib və təxminən 3 milyard heyvan zərər görüb və ya yaşayış yerlərini itirib.
Yunanıstan Yanğınları (2023)
Avqust 2023-də Şimal-Şərqi Yunanıstanda, xüsusilə Evros bölgəsində baş verən yanğınlar Avropa İttifaqının tarixindəki ən böyük meşə yanğını kimi qeyd olunur. 96 min hektardan çox ərazi məhv olub və ən azı 20 nəfər həlak olub.
Elə Hong Kong hadisəsini də dünyanın ən fəlakətli yanğınları siyahısına əlavə etmək olar
Hong Kong Yanğını (2025)
26 noyabr 2025-ci ildə Hong Kongun Tai Po rayonunda yerləşən Wang Fuk Court yaşayış kompleksində böyük yanğın baş verib. İlkin araşdırmalara görə, renovasiya olunan binanın xaricindəki bambuk skafoldinq və qoruyucu torun alovlanması yanğının sürətlə yayılmasına səbəb olub. Hadisə nəticəsində azı 94 nəfər həlak olub, çox sayda sakin yaralanıb və axtarış-xilasetmə işləri davam edir.
Şahanə Ziyad











































