Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir

Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
DÜNYA
16:21 14.07.2026
451
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konqo Demokratik Respublikasındakı Ebola epidemiyasını "qlobal fövqəladə vəziyyət" elan etməsindən sonra bir çox ölkə hərəkətə keçib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Kanada kimi ölkələr ard-arda sərt səyahət qadağaları və karantin tədbirləri açıqlayarkən, Avropa İttifaqı hələlik məhdudiyyətlərə qarşı çıxır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mayın 17-də Konqo Demokratik Respublikasındakı (KDR) Ebola epidemiyasını "Beynəlxalq Əhəmiyyətli İctimai Səhiyyə Fövqəladə Vəziyyəti" elan etməsi və virusun qonşu ölkələrə yayılma riskinin yüksək olduğunu bildirməsindən sonra dünya üzrə həyəcan səviyyəsi artırılıb.

Bu qərardan sonra hökumətlər səyahətlə bağlı tədbirlərini gücləndirməyə başlayıblar.

Müxtəlif ölkələrin tətbiq etdiyi tədbirlər

ABŞ
Vaşinqton administrasiyası iyulun 13-də açıqlayıb ki, KDR-də olan ABŞ vətəndaşlarının kommersiya reysləri ilə ölkəyə qayıtmasına icazə verilmir. Həmin bölgədə olan sərnişinlər üçüncü bir ölkədə ən azı 21 gün qalmayana qədər "uçuşa qəbul edilməyənlər" siyahısına salınacaqlar.

ABŞ eyni zamanda KDR, Uqanda və ya Cənubi Sudana səfər etmiş xarici ölkə vətəndaşlarının da ölkəyə girişini qadağan edib.

Kanada
Kanada hökuməti KDR, Uqanda və Cənubi Sudandan gələn şəxslərin mayın 27-dən etibarən 90 gün müddətinə ölkəyə girişinin qadağan olunduğunu açıqlayıb.

İordaniya
İordaniyanın rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, hökumət KDR və Uqandadan gələn sərnişinlərin ölkəyə girişini dayandırıb.

Bəhreyn
Bəhreyn hakimiyyəti Cənubi Sudan, KDR və Uqandadan gələn xarici vətəndaşların ölkəyə girişini 30 gün müddətinə dayandırdığını açıqlayıb.

Hindistan
Hindistan hava limanlarında və sərhəd-keçid məntəqələrində yoxlama və nəzarət tədbirlərinə başlayıb. Hökumət vətəndaşlarına xəbərdarlıq edərək KDR, Uqanda və Cənubi Sudana zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib.

Tayland
İctimai Səhiyyə Nazirliyi KDR və Uqandadan gələn sərnişinlərin yalnız paytaxtdakı Suvarnabhumi Hava Limanı vasitəsilə ölkəyə daxil ola biləcəyini və burada ciddi tibbi yoxlamadan keçiriləcəyini bildirib.

Bu ölkələrdən gələn və ya tranzit keçən, xəstəlik əlaməti göstərməyən şəxslər ən azı 21 gün karantində saxlanılacaq. Ebola simptomları müşahidə edilən şəxslər isə birbaşa minimum 21 günlük izolyasiyaya yerləşdiriləcək.

Keniya
Keniya Səhiyyə Nazirliyi yüksək riskli sərhəd-keçid məntəqələrində və giriş nöqtələrində sərnişinlərin yoxlanılmasının gücləndirildiyini açıqlayıb.

Zambiya
Ölkədə iki şübhəli halın Ebola olmadığı müəyyən edildikdən sonra belə, yoxlama və epidemioloji nəzarət tədbirləri artırılıb.

Aİ-nın Səhiyyə Təhlükəsizliyi Komitəsi ictimai səhiyyə riskinin aşağı olduğunu əsas gətirərək KDR və Uqandadan gələn sərnişinlər üçün sərhəddə əlavə tibbi yoxlamaların zəruri olmadığını bildirib.
ABŞ hökuməti isə Avropa ölkələrini qarşıdan gələn Dünya Çempionatı zamanı virusun yayılmasının qarşısını almaq üçün Vaşinqtonun addımlarını izləməyə və Ebola epidemiyasından təsirlənən Mərkəzi Afrika ölkələrindən gələn şəxslərə səyahət məhdudiyyətləri tətbiq etməyə çağırıb.

Lakin Avropa Komissiyasının sözçüsü əlavə sərhəd tədbirlərinə ehtiyac olduğunu göstərən hər hansı sübutun olmadığını bildirib.

Aviaşirkətlərin qərarları

KLM
Niderlandın KLM aviaşirkəti Mərkəzi Afrikadakı Ebola epidemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər səbəbindən Uqandanın paytaxtı Kampala yaxınlığındakı Entebbe Hava Limanına uçuşları ləğv etdiyini açıqlayıb.

Şirkət bildirib ki, bəzi ölkələrin, o cümlədən uçuş heyətlərinə yaxın vaxtlarda Entebbe Hava Limanından keçən şəxslərlə bağlı tətbiq etdiyi giriş və səyahət məhdudiyyətləri səbəbindən planlaşdırılan marşrutlar üzrə uçuşların həyata keçirilməsi mümkün deyil.
 
Gülay

OXŞAR XƏBƏRLƏR