Dünyada ən çox satılan telefonlar

Dünyada ən çox satılan telefonlar
Bütün Xəbərlər
12:35 05.04.2015
2858
41 yaşını qeyd edən mobil telefon bazarı haqqında nələri bilmirik?
41 il bundan öncə aprelin 3-də ilk dəfə mobil telefonla zəng olunub. Ondan sonra aprelin 3-ü beynəlxalq mobil telefon günü olaraq qeyd olunur. 1974-cü ildə mobil telefon vasitəsilə ilk dəfə zəng edən şəxs Martin Kuper olub. Bəs keçən 41 il ərzində mobil telefonlar insan həyatına necə təsir göstərib? Hansı dəyişikliklər, yeniliklər bu sahəni insan həyatının əvəz edilməz hissəsinə çevirib? Gün boyu çoxlarının ayrı qala bilmədiyi mobil telefonlar insan orqanizminə necə təsir göstərir?
İlk mobil telefon "Motorolla" şirkətinə məxsus olub
İlk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunub. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclədiyi aparatı təqdim edib. Bu aparatın çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 santimetr olub. Telefon 8 saat ərzində akkumulyatoir vasitəsilə işləyə bilib. Telefonun ilkin satış qiyməti 3995 dollar olub.
Təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olunub. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar insanların istifadəsinə verilib.
Dünyada ən çox satılan mobil telefonlar
"Gartner" analitik şirkəti dünyada satılan mobil telefonların sayını açıqlayıb. "Apple" şirkəti "iPhone 6" və "iPhone 6 Plus" modelləri sayəsində dünyada ikinci telefon istehsalçısı olub. "Samsung Electronics" şirkəti nəhəng mobil telefon istehsalçısı olaraq qalsa da, rəqiblərin təzyiqi fonunda Cənubi Koreya şirkətinin qurğularının satışı azalmağa doğru gedir. 2014-cü ildə dünya istehlakçıları 392,5 milyon "Samsung" telefonu alıb. Halbuki 2013-cü ildə bu göstərici 444,5 milyon təşkil edib. Nəticədə hesabat dövründə istehsalçının bazar payı 24,6 faizdən 20,9 faizədək azalıb. Lakin bu hələ də onun yaxın izləyicilərindən xeyli çoxdur.
"Apple" ötən ili 191,4 milyon satılmış "iPhone" modeli ilə başa vurub ki, bu da ümumi həcmdə bazarın 10,2 faizi deməkdir. Bir il əvvəl bu göstərici 8,3 faiz təşkil edib. ABŞ şirkəti "MicrosoftNokia" korporasiyasını qabaqlayaraq ikinci iri istehsalçı olub. Bu birləşmiş korporasiya 185,7 milyon satılmış qurğu ilə üçüncü yeri tutub ki, bu da 2013-cü illə müqayisədə 65 milyon telefon azdır. "Gartner"in hesablamasına görə, "Microsoft/Nokia" dünya mobil telefonlar bazarının 9,9 faizinə nəzarət edir.
Nəhəng mobil telefon şirkətləri reytinqində dördüncü yerə "Motorola" şirkətini satın alan Çinin "Lenovo" istehsalçısı yüksəlib. 2014-cü il ərzində "Lenovo" və "Motorola" markalı satılan telefonların sayı 84 milyon ədədə (ümumdünya göstəricisinin 4,5 faizi) çatıb. Halbuki ötən il satış həcmi 66,5 milyon ədəd (3,7 faiz) olub.
Beşinci yeri tutan "LG" şirkətinin ötənilki payı 2013-cü ildəki 3,8 faizdən 4 faizədək artıb. Cənubi Koreya şirkəti 2014-cü ildə 76,1 milyon telefon satıb. İstehsalçının yaxın izləyicilərində - "Huawei" və "TCL" Communication" şirkətlərində bu göstərici müvafiq olaraq 70,5 (3,8 faiz) və 64 (3,4 faiz) milyon qurğu təşkil edib. Onlardan sonrakı yerlərdə "Xiaomi" (3 faiz), "ZTE" (2,9 faiz), "Sony" və "Micromax" (hərəyə 2 faiz) şirkətləri qərarlaşıb,
Ekspertlərin 2014-cü il üçün məlumatına görə, adi mobil telefonların və smartfonların dünya səviyyəsində ümumi satış həcmi 1,88 milyard ədəd təşkil edib. Bu da bir il əvvəldən 3,9 faiz çoxdur. Müsbət dinamika mobil telefonlara tələbatın müvafiq olaraq 2,8 və 9,1 faiz azaldığı Yaponiya və Qərbi Avropadan başqa bütün regionlarda müşahidə olunub. Mütəxəssislər tədqiqatda azalmanın səbəbini qeyd etmirlər.
Mobil telefonlar elektronika bazarının ən böyük seqmenti olaraq qalır
"IC Insights" analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2014-cü ildə dünyada buraxılmış bütün elektron sistemlərin ümumi dəyəri 5 faiz artaraq 1,48 trilyon ABŞ dolları təşkil edib. Gözləntilərə görə, 2013-2018-ci illərdə elektronika bazarı üzrə orta illik artım göstəricisi 5,2 faiz təşkil edəcək. Ekspertlər elektronika bazarında on əsas kateqoriya ayırıblar: mobil telefonlar, standart fərdi kompüter, rəqəmli televizorlar, avtomobil sistemləri, planşetlər, serverlər, tibbi elektronika, simsiz şəbəkə avadanlığı, oyun konsolları və "əşyaların interneti".
Mobil telefonlar elektronika bazarının ən böyük seqmenti olaraq qalır. 2013-cü ildə adı çəkilən qurğular ilk dəfə standart fərdi kompüterləri ötüb və 2014-cü ildə liderliyini möhkəmləndirib. "IC Insights" analitik şirkətinin məlumatına görə, ötən il telefonlar 265,2 milyard dollar (bütün növ elektronika qurğularının satışının ümumi həcminin 18 faizi) gəlir qazandırıb. Müqayisə üçün, standart fərdi kompüterlər 196 milyard dollar gəlir qazandırıb.
Dəyanət Rzayev: "Mobil telefonlardan, internetdən asılılıq da bir neçə il sonra xəstəlik kimi qəbul olunacaq"
Regional Psixologiya Mərkəzinin direktoru Dəyanət Rzayev deyir ki, mobil telefonlardan uzaq qalmamaq bir vərdişdir. İnsanlarda bu getdikcə asılılığa çevrilir. Psixoloqun sözlərinə görə, narkomaniya, alkoqolizm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlik qəbul olunduğu kimi, mobil telefonlardan, sosial şəbəkələrdən, internetdən asılılıq da bir neçə il sonra xəstəlik kimi qəbul olunacaq: "Əvvəllər narkomaniya və alkoqolizm də xəstəlik kimi qəbul olunmurdu. Sonradan daxil edildi. Gənclərimiz yatarkən, istirahət edərkən, hətta ayaqyoluna gedərkən belə telefonu yanlarından ayırmırlar. İnsana elə gəlir ki, mobil telefon yanında olmasa ona təcili zəng gələcək, yaxınlarından kiməsə nə isə olacaq və o, telefona çata bilməyəcək şəklində qorxular yaranır. Halbuki, əvvəllər mobil telefonlar yox idi. İnsanların da həyatı yolunda idi. Hər bir işlərini vaxtında görə bilirdilər".
Psixoloqun sözlərinə görə, mobil telefonlardan asılı olma insanlarda obssessiv-kompulsiv pozuntu yaradır. Bunlar isə insanın həm zamanını alır, həm də aşırı həyəcana səbəb olur: "Gənclər üçün telefondan asılılıq vaxt itkisinə səbəb olur. Onlar daim telefon üzərində sosial şəbəkələrdə olurlar. Yəni dayanmadan virtual ünsiyyət qururlar. Bu isə özü bir növ yarışa çevrilir. Gələcəkdə isə mobil telefonlardan asılılıq xəstəlik kimi qeydə alınmalıdır".
Adil Qeybulla: "Bu cihazların yaydığı şüalar hətta genlərin mutasiyasına səbəb ola bilər"
Tibb məsələləri üzrə ekspert Adil Qeybulla mətbuata açıqlamasında mobil cihazlara belə aludəçiliyin səbəb ola biləcəyi fiziki təsirlərdən danışıb. Ekspert hesab edir ki, bu cihazların yaydığı şüalar hətta genlərin mutasiyasına səbəb ola bilər: "Mobil telefonlar, bəzi mobil cihazlar yüksək tezlikli radiodalğalar, şüalarla işləyir. Bunlar ionlaşdırıcı şüalar olmasa da, yüksək tezliyə malikdirlər. Ümumiyyətlə, mobil telefonlar radioqəbuledicilərdir və burda çox böyük radiodalğalar sayəsində maqnit sahəsi yarandığından xüsusən uşaq orqanizminə, yaşlı insanlara, hamilə qadınlara zərərsiz deyil. Hələlik mobil telefonların mövcudluq tarixi uzun dövr olmadığına görə bu elmi nəticələr tam araşdırılmayıb".
A.Qeybulla deyir ki, yaxın illərdə bunun fəsadları, törətdiyi xəstəliklər haqqında və birbaşa konkret xəstəliklərin mobil telefonların təsiri ilə yaranması haqqında məlumatlar olacaq: "Onda daha dəqiq fikir yürütmək mümkün olacaq. Amma hər yüksək tezlikdə olan radiodalğalar genlərin tərkibində gedən biokimyəvi prosesləri pozur və genlərin mutasiyasına gətirib çıxara bilər. Əlbəttə ki, bunlar sübuta ehtiyacı olan və müzakirəyə açıq bir məsələdir. Mən hesab edirəm ki, mobil telefonlarla bağlı müəyyən rejim qaydaları olacaq. Telefonun mümkün qədər yaxın tutulmaması, müəyyən yaşda istifadə olunmaması və s. kimi limitlər olacaq ki, insanlar buna riayət eləmək məcburiyyətində olacaqlar. Amma dediyim kimi, araşdırmaların nəticələri tam açıqlandıqdan sonra bu baş verə bilər".
OXŞAR XƏBƏRLƏR