‘Dünyanı hələ də cəngəlliklər qanunu ilə idarə etməyə çalışan dövlətlər var’ – Politoloq

‘Dünyanı hələ də cəngəlliklər qanunu ilə idarə etməyə çalışan dövlətlər var’ –  Politoloq
Bütün Xəbərlər
14:25 09.04.2013
1622

Ötən gün mətbuatda Rusiya Federasiyası Dağıstan Respublikasının Qusar rayonu ilə həmsərhəd ərazilərində Rusiya qoşunlarının cəmləşməsi haqqında informasiyalar yayılmağa başlamışdı.

Xəbərdə bildirilirdi ki, rus qoşunları əsasən Dağıstanın Məhərrəmkənd rayonu istiqamətində cəmləşdirilir, orada hərbi texnikanın və müxtəlif təyinatlı qüvvələrin artması müşahidə olunur. Bölgə sakinləri, o cümlədən Müsavat Partiyasının yerli fəalları Azərbaycanın xüsusi xidmət və təhlükəsizlik strukturlarının da mümkün təxribatlara qarşı gücləndirilmiş iş rejiminə keçdiyini xəbər verir. Dağıstanın Azərbaycanla sərhəd ərazilərində rus qoşunlarının cəmləşdirilməsinin səbəbləri barədə məlumat yoxdur. Bununla belə hazırda Dağıstanda vəziyyətin gərgin olduğu və müntəzəm olaraq yaraqlılarla təhlükəsizlik qüvvələri arasında döyüşlərin baş verdiyi məlumdur. Bu yaxınlarda qəzetimiz belə xəbər almışdı ki, Rusiya yazın gəlişi ilə bölgədə radikal qruplaşmalara daxil olan yaraqlılara qarşı irimiqyaslı əməliyyatlar keçirməyə hazırlaşır. İddia edilirdi ki, bu əməliyyatın gedişində yaraqlıların bir qrupunun Azərbaycana keçməsi “təşkil oluna”, ardınca rus qoşunları sərhədi keçə bilər.

Məsələylə bağlı AZXEBER.COM portalına danışan politoloq Qabil Hüseynli Rusiya qoşunlarının sərhəddə aktiv əməliyyat hazırlıqlarına başlamasını tamamilə şantaj, psixoloji təzyiq kimi qiymətləndirdiyini söyləyib:

‘Mən bunu yaxın qonşuluq münasibətlərini tapdalayan bir hərəkət kimi dəyərləndirirəm və belə hesab edirəm ki, Rusiya yenidən dünyanı soyuq müharibə qayda-qanunlarına qaytarmaq istəyir. Bu məqsədlə də müəyyən “əzələ nümayişi”nə başlayıb. 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı etdiyi təcavüzkar hərəkətlərdən sonra dünya onu yaxşı tənbeh etmədi. Görünür bu səbəbdən Rusiyada yenidən həmin vəhşi instinktlər baş qaldırıb. Bu hərəkətlər onu göstərir ki, dünyanı hələ də cəngəlliklər qanunu ilə idarə etməyə çalışan dövlətlər var. Belə dövlətlərə qarşı barışmaz mövqedə dayanmaq lazımdır. Əlbəttə, Rusiya indiki şəraitdə Azərbaycana heç nə edə bilməz. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünyada kifayət qədər nüfuzu olan dövlətdir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsində də Rusiya yaxından iştirak etdi, amma biz bunun üstünü vurmadıq. İndi Rusiyanın yenidən Ermənistanı müdafiə etməsi, Azərbaycana qarşı bu hərəkətləri etməsini qəti surətdə pisləmək və Rusiya siyasi elitasının nəzərinə çatdırmaq lazımdır. Məsələ ciddiləşərsə, onu BMT Təhlükəsizlik Şurasının müzakirəsinə də çıxarmaq olar.

Qeyd edək ki, məsələylə bağlı hələ heç bir tərəfdən rəsmi mövqe bildirilməyib.

Ceyhun

OXŞAR XƏBƏRLƏR