Nicat Hacıbəyli.
London, Böyük Britaniya
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüskar, müstəqil və uzaqgörən siyasətini dünyada ön plana çıxaran və Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkə kimi rolunu yüksəldən bu layihə ümumi dəyəri 45 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bununla bərabər, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi olan "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. 1994-cü ildən indiyədək neft sektoruna təqribən 50 milyard ABŞ dolları həcmində sərmayə qoyulduğunu nəzərə alsaq, bu layihə Azərbaycan tarixində bir layihəyə nəzərdə tutulan ən böyük birbaşa investisiyadır.
3500 kilometr məsafədə tikiləcək olan boru xətti ilə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. “Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə elan etdi ki, Şahdəniz – 2 layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənub-şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir. 13 fevral 2013- cü ildə Yunanıstan, İtaliya və Albaniya hökümətləri Trans-Adriatik Boru Kəməri (TAP) üzrə hökümətlərarası saziş imzalayıb. İqtisadi əhəmiyyəti qədər siyasi önəm daşıyan bu layihə ilə Qafqaz - Balkanlar, Qafqaz - Cənubi Avropa, Xəzər bölgəsi və Avropa ölkələri arasında əməkdaşlıq yeni müstəviyə qədəm qoyacaq və Azərbaycanın qlobal önəmi daha da artacaq. "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək.
İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. "Şahdəniz-2" layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hazırda enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır.
Müstəqillik əldə etdikdən sadəcə 3 il sonra ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Xəzər dənizini xarici sərmayələrə açmış olan, ölkəmizin və bütövlükdə Cənubi Qafqazın makroiqtisadi dirçəlişinə rəvac vermiş XX əsrin müqaviləsi adlanan "Əsrin müqaviləsi"ni Azərbaycan xarici tərəfdaşları ilə birlikdə imzalamışdır. XXI əsrin müqaviləsinə çevrilməkdə olan bu mötəbər layihəyə isə Böyük Britaniyanın BP şirkəti (operator - 28,8% ) , Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), Norveçin “Statoil” şirkəti (15,5%), Fransanın “Total” şirkəti (10%), Rusiyanın “LUKoil” şirkəti (10%) ilə yanaşı, Avropanın digər “NICO” (10%) və “TPAO” (9%) transmilli neft şirkətləri tərəfdaşlıq edirlər.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi strategiyasını gücləndirdiyi və böyük töhfələr verdiyi bu layihəsində Xəzər dənizində ilk dəfə olaraq hasilatın dənizin dibində quraşdırılmış avtomatlaşdırılmış modullar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 26 sualtı quyunun qazılması və 550 km sualtı boru xəttinin çəkilməsi də istisna olunmur. Bütün bunlarla yanaşı, “Səngəçal” qaz terminalının genişləndirilməsi və dənizdə quraşdırılacaq iki platformanın tikintisi də bir daha enerji layihəsinin önəmliliyini göstərən prioritet məsələlərdəndir.
“Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox iş yerinin açılması deməkdir. Qürurverici haldır ki, bütün zəruri infrastruktur Azərbaycanda inşa ediləcəkdir. BP isə öz növbəsində, Azərbaycanın enerji və hasilat bacarığının artırılmasına öz töhfəsini verəcəkdir.
Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idisə, bu gün özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Bu layihənin gerçəkləşdirilməsi ilə bərabər marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox, Azərbaycanda isə 10 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır. Bu da öz növbəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müstəqil siyasəti nəticəsində işsizlik səviyyəsinin 4,8 faizə, yoxsulluq səviyyəsinin isə 5,5 faizə endirildiyi müstəqil respublikamızda həyat səviyyəsinin qaldırılması yönündə aparılmış müdrik siyasətin nəticəsidir.
Enerji siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementlərindəndir. Azərbaycan iqtisadiyyatının bugünkü inkişaf tempi neftin və qazın xalqın mənafeyinə necə xidmət etdiyinin bariz nümunəsidir. Bunun başlıca səbəblərindən biri beynəlxalq əməkdaşlıq olmuşdur. Azərbaycan Respublikası bu əməkdaşlığı yüksək qiymətləndirir, çünki xarici şirkətlərin bilik və təcrübəsi ölkəmiz və iqtisadiyyatımız üçün çox əhəmiyyətlidir. Eyni zamanda bu layihənin gerçəkləşdirilməsi Azərbaycanın Avropaya inteqrasiyasının sürətlənməsində, ikitərəfli qarşılıqlı münasibətlərin möhkəmlənməsində, şübhəsiz, böyük rol oynayacaqdır.