AZXEBER.COM Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Mən evdən uzaqdayam" adlı avtobioqrafik müsahibələr silsiləsinin növbəti buraxılışını təqdim edir.
Müsahibimiz Xocalı sakini, 8 gün erməni əsirliyində
olan, ən dəhşətli işgəncələrə məruz qalan mərhum Dürdanə Ağayevanın qızı Ləman
Camalovadır.
"Heç vaxt yadımdan çıxmaz fevral ayına "mənim qara ayım” deyərdi".
- Xoş gəlmisiniz, Ləman xanım.
- Xoş gördük.
- Necəsiz? Özünüzü necə hiss edirsiniz?
- Pis desəm yalan
olar, yaxşıyam desəm də. Havalıyammı deyim, hiss etmirəmmi deyim?! Sadəcə onu
bilirəm ki, dik durmağa, özümə gəlməyə çalışıram.
- Şəxsi tanışlığımız olmasa da, çox istərdim ki, bu
gün qarşımda Dürdanə xanım özü əyləşərdi
və suallarımı birbaşa onun özünə ünvanlayardım. Ananız haqda hamının ağlına gələn,
ancaq onun heç kimə danışmadığı hansı həqiqətləri bilirsiniz?
- Xocalı
faciəsinin anım günləri yaxınlaşanda, anam həmin günün hər saniyəsini
xatırlayırdı. Mühasirəyə salınmaqları, hava limanını ələ keçməsini, qarlı
gecədə meşəyə qaçmaqları, əsir düşdüyü hər saniyəni xatırlayırdı. Anam həmin gecələri
yatmırdı. Anama yat, hadisədən uzun illər keçib artıq deyəndə isə, "vaxtından
asılı olmayaraq nə zaman yuxudan oyatsan o gecəni kəsintisiz danışaram”
deyirdi. Heç vaxt yadımdan çıxmaz fevral ayına "mənim qara
ayım” deyərdi. Tək sənin yox, bütün xocalılıların "qara ayı”dır deyəndə "mənim
üçün o gecə zülmətdir” deyərdi. Həmişə deyirdi ki, "Dürdanə 20 yaşında əsir
düşdü, amma azad olunanda 80 yaşlı qadın kimi idi”. Səkkiz günün içində saçının
önündə bir topa saç ağarmışdı.
- Onun əsirlikdən azad olunan zaman lentə alınan kadrları da var idi. Ağlayırdı, hiss olunurdu ki, özündə deyil...
- Bəli. 20 yaşlı qız əsir düşür. İndi mənim 21 yaşım
var. Həmişə anam deyərdi ki, 20 yaşın tez olsun, bitsin. Artıq 20 rəqəmi belə
onun yaddaşında iz qoymuşdu. 20 yaşdan qorxurdu. Kimsə qızımın 20 yaşı var deyəndə, "qurban olum
qızını qoru” deyərdi. Qadınlara, qızlara qarşı həssas olmağına baxmayaraq, əsir
düşəndən sonra qadınlara qarşı daha çox
həssas olmuşam deyirdi. Anamdan əsir düşdüyü zaman başına gələnlərdən
danışmağını istəyəndə, elə şeylər danışırdı ki, mən indi istəsəm də onları
danışa bilmərəm. Bir övlad olaraq onları danışmağa gücüm çatmaz.
- Özü də danışmadı...
- Danışmadı!
"Dürdanə xanımın adı gələndə axan sular dururdu. Bu indi də belədir".
- Bizim bildiklərimiz hamının bildiyi idi. Sadəcə Dürdanə xanımın bildikləri var. Onu da heç kəslə bölüşmədi...
- Deyirdi ki, mənim ürəyimdə balaca bir sandığım var.
O sandığın da qıfılı məndədir. Mən öləndə mənimlə gedəcək. Onları heç kimə
danışmayacam. Hətta atam da bəzi şeyləri bilmirdi. Hərdən atam bir danış, içini
boşalt, rahatlan deyərdi anama.
- Bəlkə də o xəstəlik bu səbəbdən onu tapdı?
- Təsəvvür
edin ki, onda onkoloji xəstəlik tapılanda heç kəs təəccüblənmədi. Deyirdilər
ki, bu qadın hələ bu vaxta qədər yaşayıbsa, bu özü böyük şeydir. Kimisi ailəsini
itirdi, övladını itirdi, yoldaşını itirdi. Amma Dürdanə xanım bütün həyatını
itirdi.
- Ətrafınızdakı insanlar biləndə ki, siz Dürdanə xanımın qızısınız onların reaksiyası, verdiyi suallar nə olurdu?
- Universitetdə 3-cü kursda oxuyanda bildilər ki, Dürdanə xanımın qızıyam. Anamda belə bir fikir var idi ki, birinci səni sən kimi tanısınlar. Səni sən olaraq istəsinlər, lazım gələrsə mənim adımı çəkərsən. Heç yadımdan çıxmaz, prorektor məni yanına çağırıb soruşdu ki, sən Dürdanə xanımın qızısan?
Dedim bəli! Üzümə baxdı, dedi doğrudan onun qızısan? Dedim vallah! Dedi onunla eyni evdə yaşayırsan, bir süfrədə çörək kəsirsən?
Dedim hə! Artıq mənə hamı əlçatmaz kimi baxırdı. Dürdanə xanımın adı gələndə axan sular dururdu. Bu indi də belədir. Ən çox da mənə deyirdilər ki, anan sənə nələr danışır? Deyirdim elə sizə danışdığını danışır. Ölümünə yaxın mənə bəzi şeyləri danışdı. Amma bunları kimsə bilsə haqqımı halal etmərəm dedi.
- O yüklə getmədi əbədi dünyaya, heç olmasa az da olsa danışdı.
- Bəli! Hələ çox şeyi mənə demədiyini dedi. Övladı
olaraq buna dözə bilmədiyimi bildirib, danışmağını istəmədim. Hamı məndən nə dediyini soruşurdu. Cavab olaraq hər kəsə bildirirdim ki, siz efirdə nə
eşitmisinizsə mən də onu bilirəm. Mənə fərqli heç bir şey danışmır.
- Öləcəyini hiss edirdi?
- Əlbəttə ki, hiss edirdi.
"Evə gəlirdik, deyirdi "Ləman, güclü olmaqdan yorulmuşam”.
- Bəlkə də ona görə sizə həqiqətləri danışıb?
- Deyirdi Ləman, "mən çox yaşamayacağam”. "Sən erməninin
qabağında boyun əyməmisən, balaca bir hüceyrə nədir ki, sən ondan qorxursan?" deyirdim ona. Bundan sonra düz deyirsən deyirdi, mən bu xəstəliyə qalib gələcəm.
Bilənlər bilir ki, onkoloji xəstələrdə 4-cü dərəcə çox ağır dərəcədir. Bunu biləndə
"buna da min sükür” dedi. Həkim təəccübləndi ki, niyə min şükür? Dedi yenə də mən
bunu indi bilmişəmsə, şükür. Bəlkə dərdimi bilmədən ölərdim. Uşağımın ürəyi partlayardı
ki, mənim anam niyə öldü? Düzdür bu xəstəliyə qalib gəlmək olur, məğlub
olmayanlarımız da var. Hamı anama siz güclüsünüz deyirdi. Evə gəlirdik, deyirdi
"Ləman, güclü olmaqdan yorulmuşam”. Ölümünə üç ay qalmış yol üstdə olduğunu
demişdi mənə.
- Bəlkə də sadəcə özünü güclü göstərirdi, özü ilə
baş-başa qalanda acı çəkirdi. Ətrafından çox şeyləri gizlədirdi. Müsahibələrində
də hər dəfə deyirdi ki, elə şeylər var ki, onları sizə danışa bilmərəm.
- Sizə bir şey danışım. 4 fevral "Süd vəzi xərçəngi ilə mübarizə günü”dür. Bütün "Çəhrayı lent"in qızları anama Dürdanə ana deyirdi. Qızlar dedi ki, tədbirimiz var, gələrsiniz? Dedi niyə gəlmirəm. Orada ayağa duraraq başına gələn hər bir şeyi danışdı. Əsir düşən zaman bir-iki gün nəbzinin vurmadığı üçün ölmüş biliblər anamı. Ona görə də məni zibilliyə atıblar dedi. Amma bu gün görürsüz ayaqdayam, yaşayıram. Mən bunlardan keçdimsə, xərçəng nədir axı?
"Elə kişilər var ki, əsirlikdən çıxan həyat yoldaşına deyirmiş ki, and iç sənə erməni əli dəyməyib".
- Hər zaman müsahibələrində atanız haqda çox gözəl danışıb. Necə tanış olublar? Ailə həyatları necə başlayıb?
Əsirlikdən sonra ailə qurmaq fikrinin olmadığını
deyirdi. Hətta Vağzalı səsi gələndə qulaqlarını tutub qaçıdığını deyirdi. Elə
bilirdi ki, hamı onun əsirlikdən azad olunduğunu bildiyi üçün ona başqa gözlə
baxır. Atamla tanışlıqları isə anamın iş yerində olub.
- O zaman atanız ananızın həyatını bilirdi?
- Yox, tanış olandan sonra bilib. Mənim ailə qurmaq
fikrim yoxdur, sən məni tanımırsan, bilmirsən mən kiməm deyəndə isə, atam "vur,
öldür mən səndən əl çəkən deyiləm” deyib.
- Yaş fərqləri var idi?
- Bəli, aralarında 11 yaş fərq var idi. Anam atamın
ikinci həyat yoldaşı idi. Atam tanış olan zaman anamdan ona kim olduğunu deməkdən
başqa heç nə istəməyib. Anam isə əvvəl kim olduğunu deməyəcəyini deyib.
- Başına gələnləri necə danışıb atanıza?
- Anam başına gələnləri atama parkda oturduqları zaman
danışıb. Atamın eşitdiklərinə reaskiyası isə gözlənilməz olub. Atam bütün
eşitdiklərindən sonra əlini açaraq anamdan əlini onun əlinin içinə qoymağını
istəyib. Bundan sonra atam anamın əlini birdə öləndə buraxacağını deyib. İnanırsız
Aysel xanım, elə də oldu. Atam son nəfəsini verəndə bir-birilərinin əllərini
tutmuşdular. 19 il bir yerdə yaşadılar.
- Atanız üçün həmişə "Kişilərin ən qeyrətlisidir" deyirdi.
- Bəli, həmişə deyirdi. Çünki, elə kişilər var ki, əsirlikdən
çıxan həyat yoldaşına deyirmiş ki, and iç sənə erməni əli dəyməyib. O müharibədən
sonra bir faciə daha yaşandı. Bu da ailələrin faciəsi idi. Boşananlar, intihar
edən qadınlar, anasız -atasız qalan uşaqlar. Anam isə hər zaman deyirdi ki, sənin
atan mənim əlimi tutdu.
- Hətta elələri var idi ki, xanımlarından imtina edirdilər?
- Bəli. Elə adam var idi ki, xanımına "Qurani-Kərim”ə əl
basdırırmış ki, and ver sənə erməni əli dəyməyib.
- Ona xərçəng diaqnozu qoyulanda bu xəbəri necə qarşıladı?
- Ağrıları olduğu üçün həkimə müraciət etdik. Müayinələr
zamanı həkim məlum xəstəlikdən şübhələndi. Digər müayinələr üçün liftlə
qalxanda anam məndən qorxub-qorxmadığımı soruşdu. Atamı da eyni xəstəlikdən
itirdiyim üçün qorxduğumu dedim. "Anan ölməyib sənin, can mamanın gül balası”
deyərək mənə cavab verdi.Anamdan tək istəyim məni heç kəsə möhtac etməməsi
oldu. Xəstəliyini biləndən sonra onu hər şeydən qoruyurdum. Bunları görəndə "bu
qədər qorxursan?” deyirdi? Bəs sən
qorxmursan sualini verəndə isə, "mən ölümdən yox, sən anasız qalmayasan deyə
qorxuram. Allah sənin bir qanadını qırıb, səni mən tərəfdən peşman eləməsin”
deyirdi.
- Ən böyük arzusu da nəvəsini böyütmək idi. Amma onu çox az görə bildi...
- Beş ay! Sanki Allah ona möhlət verdi. Mənim qızım doğuldu, onu evə gətirdik. Həmin gün anamın halı dəyişdi. Artıq asta-asta düşdü yatağa. Mən həmişə deyirəm ki, dünyada iki acı var, onu heç nə əvəz edə bilməz. Özünüz də valideynsiz bilirsiniz. Biri övlad acısı, biri də valideyn. Siz təsəvvür edin ki, anam mənim qızımın bir kəlmə "nənə" deməyinə yeddi qurban demişdi. Deyirdi mənə nənə dediyi gün o qurbanları onun ayağının altında kəsəcəm. Amma eşidə bilmədi...
"Gözlədim Vitali gələcək, Karo gələcək, Monte gəlib yenə o qızı döyəcək. Elə bil o hücrədə Əlifin (Red: Milli Qəhrəman Əlif Hacıyev) səsini eşitdim, Tofiqin səsini eşitdim, o bağırtıları eşitdim".
- 32 ildən sonra o Xocalıya getdi. Xocalıdan hansı təəssüratlarla gəldi?
- Xocalıdan gəldi, stressdən allergiya olmuşdu. Səhər
onu həkimə apardım. Gələndə dedim ki, ana necə oldu? Dedi Ləman, getdim özümü
gördüm. Hər şey necə var idisə, elə də qalıb. Hətta hər kəsə hər şeyin yerini mən
göstərirdim deyirdi. Bu filan otaq idi, bu filan otaq idi... Deyirdi ki, hər
yer təmiz idi, amma ordan yenə də qan qoxusu gəlirdi.
- Əsgəran rayonunun polis idarəsinin zirzəmisində saxlanılıblar...
- Bəli. Saxlanıldığı yer təmiz olsa da yenə də burnuma
qan qoxusu gəlirdi. Orada mən yenə o kişilərin qışqırıqlarını, o qadınların naləsini
eşidirdim. Qapını açıb öz hücrəmə girəndə isə Dürdanə yenə qırmızı paltar
geyinib oturmuşdu. Gözlədim Vitali gələcək, Karo gələcək, Monte gəlib yenə o
qızı döyəcək. Elə bil o hücrədə Əlifin (Red: Milli Qəhrəman Əlif Hacıyev) səsini
eşitdim, Tofiqin səsini eşitdim, o bağırtıları eşitdim. Bir anlıq 16 yaşlı Xəqanini
gördüm. 32 il keçsə də Xəqaninin anasına oğlunun başına nələrin gəldiyini deyə
bilmədim. Orada insan kimi yerimək söhbəti yox idi. Bizi dörd ayaq üstə gəzdirirdilər.
Deyirdilər "Türk köpəkdir, itdir. Dörd ayaq üstə gəzməlisən". Həmişə
deyərdi ki, bəlkə də mən rabitəçi olmasaydım, bunlar mənim başıma gəlməyəcəkdi.
- O, Xocalıya getməsəydi... Amma getməsəydi bu onun ürəyində
qalacaqdı...
- Hər insanın ürəyində "kaş"lar olur. Mənim
anamla bağlı o qədər "kaş"larım var... Kaş onu edərdim, kaş bunu edərdim.
Bəlkə də o Xocalıya getməsəydi, ona da peşman olacaqdım. İndi deyirəm ki, kaş
göndərməzdim. Sonra düşünürəm ki, yox, ürəyimdə qubar qalacaqdı.
- Son sözü də bu oldu ki, "Qoyma ölüm"...
- Hə son sözü "Qoyma ölüm!" oldu. Vaxt var idi
ki, anama yalan danışa bilmirdim. Yalan deyəndə üzüm qızarırdı. Amma son 3-4
ayda anama o qədər gözəl yalanlar danışdım ki...Belə sakit danışıram, bəzən
gülürəm. Axşam ki, olur, onun səsi gəlmir (ağlayır). İnanırsız ki, hamıya
anamın telefon nömrəsini silməyin demişəm. İndi də ona zəng gəlir, deyirlər ki,
nömrəni işlədirsən? Demişəm nə qədər canımda can var, onun dediyi kimi edəcəm.
Anam canını tapşırandan sonra ayaqlarını mən bağladım. Allah heç bir övlada
bunu qismət etməsin. (ağlayır) Oturdum, ayaqlarını qucaqladım. Dedim bax,
evimizdən gedirsən, amma sənə söz verirəm. Atama necə həyat yoldaşı olmusan,
yoldaşıma elə olacam. Mənə necə ana olmusansa, övladıma elə ana olacam. Ən nəhayət
sən necə Dürdanə olmusansa, bu yolu necə açmısansa, sənin ayaq qoyduğun yerə
ayağımı qoyacam.
- Bildiyimə görə bir kitabı ilə yanaşı yarımçıq qalan arzuları var. Yəqin ki, siz onları tamamlayacaqsınız?
- Əlbəttə ki, mən söz vermişəm. Yenə də deyirəm, mən
Dürdanə ola bilmərəm. Amma Dürdanə ki, hansısa tədbirə gedəndə, çiyininə bir kəlağayı
atıb gedirdi, indi mən o kəlağayını başıma atıb gedəcəm. Təki Allah yol açsın,
mənə o imkanı, o gücü və ən nəhayət o səbri versin. İndi fikirləşirəm, bəlkə də
kimsə evində övladına Ləmanın yanında məni
ana deyib çağırma deyir. Hətta mənim qayınanam mənim yanımda uşaqlarını əzizləmir.
Ancaq açır qucağını, basır məni bağrına. (ağlayır) Oğuz Atayın çox gözəl sözü
var. Deyir ki, bəzən kəlmələr şüşə qırıqlarına bənzəyir. Danışmasan ağrıdır,
danışsan qanadır. Qəlbim qanayır...
- Hələ danışa bilmədiyiniz nə qədər sözlər var...
- Anam yuxuda olanda onu necə döydüklərini açıq-aşkar,
bütün çılpaqlığı ilə danışmışdı mənə. Səhər oyananda yuxuda danışdığını ona deyəndə,” yenə yuxuda
danışırdım?” dedi mənə. Nə danışdığını soruşada isə heç bir şey danışmadığını
deyirdim.
- Dürdanə xanımın dəfn mərasimində onun çapda yarım qalmış kitabı olduğunu demisiniz. O kitabda nələr var? Kitab işıq üzü görəcək?
- İşıq üzü görən ilk kitab "Yarımçıq qalmış
ömür" adlanır. O kitabda anam öz həyatından sonra 613 Xocalı şəhidinin həyatını
qələmə alıb. İkinci kitabda gizir Səlimov Cəmil Oqtay oğlunun həyatını qələmə
alıb. Sonuncu- yarımçıq qalan kitabı isə şəhid Xudayar Yusifzadə haqqındadır.
- Kitabda Xudayarın həyatından bəhs edir?
- Bəli. Şəhid Xudayar Yusifzadənin anası Radə xanım
özü anamdan belə bir kitab yazmağı xahiş etmişdi. Anam da təbii ki yazaram
deyib razılaşmışdı. Artıq xəstə idi, vəziyyəti getdikcə pisləşirdi. Hər gecə
otururdu, bir stəkan çayı qoyurdu qabağına, mətbəxin qapısını da bağlayırdı,
deyirdi ki, Ləman səs gəlməsin. Yazırdı, yazırdı, yazırdı... Bilirsiniz ki,
anamın təhsili yox idi. Oxuyurdum, deyirdim ay ana, sən bu sözləri hardan tapıb
yazırsan? Deyirdi dərdli adamı, elə dərdli başa düşər. İnşallah ki, fevral ayına
qədər kitabımızın çap olunmasını istəyirəm. Bilmək olmaz, bəlkə ondan sonra mən
öz anamın həyatını təkrar qələmə alaram. Bir var mən öz həyatımı yazam, bir də
var qızım mənim gözümlə mənim həyatımı görsün.
- O kitabda ananızın sizə dediyi, amma sizin bizə bu gün açıqlamadığınız sirləri də yazacaqsız?
- Yox, Aysel
xanım. O, haqqını mənə halal etməz.
- O sirlər Dürdanə xanım ilə getdi?
- Bəli, getdi!
- Çox sağ olun.
- Siz sağ olun ki, torpağı qurumamış, qırxı çıxmamış ilk müsahibənizi bizə verdiniz. Hər zaman danışın ki, o unudulmasın. Hər kəs onu olduğundan da gözəl xatırlasın. Çox sağ olun.
Aysel Hacızadə
Xanlar Əlizadə
Həsən Quliyev