100-dən artıq vəzifəli şəxs cəzalandırılıb.
Hesablama Palatasının 2015-ci ilin 6 ayı ərzində kənar dövlət maliyyə nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bu ilin 6 ayı ərzində 107 Kollegiya qərarı qəbul edilib ki, onlardan 60-ı cari ilin İş planı əsasında həyata keçirilən nəzarət tədbirlərinin proqramları, 43-ü isə nəticələri ilə bağlı olub.
Hesabat dövründə təhvil verilməmiş 1 mln. 309,1 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların təhvil verilməsi, 352,5 min manat məbləğində iş və xidmətlərin görülməsi təmin edilib.
Maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib.
Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş xarakterik nöqsanlar arasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların və vəsaitlərin istifadəsi zamanı funksional və iqtisadi təsnifatı tələblərinin pozulması halları xüsusilə seçilir.
2015-ci ilin 6 ayı ərzində nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885 mln. manat təşkil edib.
Ümumi məbləğdən 9,8 mln. manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 mln. manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.