"Dövlət sektorunda ixtisarlar davam etməlidir" - Ekspert

"Dövlət sektorunda ixtisarlar davam etməlidir" - Ekspert
ÖZƏL
15:12 18.03.2026
419
Xəbər verdiyimiz kimi, yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağdam Rayon İcra Hakimiyyətində ixtisara düşən işçilərin sayı məlum olub. Aparılan islahatlar nəticəsində icra hakimiyyətində 60 vəzifə ləğv edilib.

Həmin vəzifələrdə çalışanlardan 6 nəfər icra hakimiyyətində müxtəlif vakant vəzifələrə təyin olunsa da, hazırda 54 nəfər işsizdir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Həsənovun sərəncamı ilə vəzifəsini itirən həmin şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

İqtisadçı ekspert Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında deyib ki, proses kifayət qədər düzgün başlanılıb və ardıcıl şəkildə davam etdirilməlidir:

"Bu cür ixtisarların tərəfdarıyam. Proses kifayət qədər düzgün başlanılıb və ardıcıl şəkildə davam etdirilməlidir. Məşğulluğun strukturunda dövlətin yükü tədricən azaldılmalıdır. Çoxsaylı və mənasız iş yerlərinin saxlanılması cəmiyyət üçün əlavə yük yaradır”.


İqtisadçı qeyd edib ki, dövlət sektorunda yalançı məşğulluğun mövcudluğu doğru deyil:

"Dövlət sektorunda yalançı məşğulluğun mövcudluğu doğru deyil. Bu, dövlətin yükünü artırır, resursların səmərəsiz istifadəsinə səbəb olur. Eyni zamanda inzibati bürokratiyanın artması deməkdir və iqtisadiyyata ziyan vurur”.

X.Kərimli işsiz qalan şəxslərin gələcək taleyinə də toxunub:

"İşsiz qalan şəxslər işsizlik sığortasından yararlana və ya başqa sahələr üzrə özlərinə uyğun iş tapa bilərlər”.

Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı , Bərdə Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR