Elşən Musayev
Bizi siyasi rəqiblərimiz bu günə qədər çox şeydə ittiham ediblər: Misal üçün: insan hüquqlarının qorunmamasında, sosial ədalətsizlikdə, korrupsiyada və s ilaxır. Baxmayaraq ki, ortalığa heç bir zaman da dürlü-dürüst, fərli-başlı arqument qoya bilməyiblər. Amma bir də müəyyən sahələr var ki, həmin insanlar onun həndəvərindən belə ötməyə çox uzun müddət cürət eləməyiblər. Bilmirəm qorxublarmı, yoxsa olmayan abırlarınamı qısılıblar, ya da düşünüblər ki, day bunu da eləsək və ya desək ağ olar... Hər nəysə. Bu mövzulara girməyiblər. Amma söylədiyim kimi- bir müddətə qədər. İndi isə elə bir durum yaranıb ki, artıq hər şey haqqında danşırlar. Və bir tək bilmədikləri, ya da ağılları kəsib, yetmədikləri haqqında deyil, həm də çox yaxşı bilib sadəcə qəbul etmək istəmədikləri haqqında danışırlar. Üstəgəl, bəzən də özlərini dəli, ya da bir az kobud desək gic yerinə qoyub danışırlar.
Dünən “Azadlıq”qəzetinə baxıram. AXCP-nin nağıllar və fantaziyalar aləmindəki şahənşahı Əli Kərimli növbəti palaz müsahibələrindən birini verib. Və təxmin edin nə haqqda danışıb – Azərbaycan ordusu haqqında. Yəni özü və özükimilərdən son dərəcə uzaq bir məsafədə duran mövzu haqqında. Eyni zamanda bu dövlətin, bu hakimiyyətin bəlkə də hazırda ən çox diqqət yetirdiyi və yatırım qoyduğu sahə haqqında. Bizim qürurumuz haqqında. Bizim atributumuz haqqında – Həm də ittiham və hədyan dolu. Riyakarcasına. Utanmadan. Üstəlik sanki bu millətin deyil, qeyri bir millətin nümayəndəsi olaraq danışıb Əli Kərimli!
Həmin müsahibədən son dərəcə kritik bir abzası sizlərin nəzərinə çatdırmaq istəyirəm: “Ordu cəmiyyətin bir parçasıdır. Fəqət, bu qədər problemi olan dövlətin əsla güclü ordusu ola bilməz. Bizə elə bir ordu lazımdır ki, işğal altında olan torpaqlarımızı geri qaytara bilsin”
Ay Maşallah! Bunu sizmi deyirsiniz? Maraqlıdır. Həm də qızıl kimi torpaqlarımızı düşmən əlinə və ovcuna öz iradəsi ilə təslim edənlərdən birinin dilindən bunu eşitmək son dərəcə maraqlıdır. Hakimiyyətdə olduğu müddətdə bu dövləti başlı-başına buraxıb öz keyfi-damağında olan, ölkənin bütün büdcəsini talayıb ordunun hesabında 7-cə min dollar pul saxlayan, erməni qalsın bir yana bir Surət Hüseynovun qarşısına belə çıxmaq üçün özündə təpər tapmayan, eyni zamanda Rəhim Qazıyev kimi naziri, Leyla Yunus kimi informatoru xirtdəyimizə urcah edən və nəhayət bu milləti qırğına verib, bütöv bir məmləkəti yas çadırına bürüyən, şəhid məkanına çevirən komandanın əsas simalarından birinin ifasında bu sözləri eşitmək gerçəkdən maraqlıdır!
Halbuki bu insanların bir səhvi ucbatından bəzən adi bir döyüşdə yüzlərlə şəhid vermişik. Çünki, qəhrəman oğullarımız vətən deyib, sinələrini açıb irəli gediblər, heç bir koordinasiya, təşkilatçılıq olmadan, eyni zamanda bir peşəkar hərbiçi tərəfindən yönləndirilmədən mübarizə aparıblar. Qadınlarını dul, analarını övladsız, balalarını yetim qoyublar. Və bir daha xatırladıram: Əli Kərimli, məhz sənin kimilərin ucbatından! İndi bizə dərsmi keçirsən? Bu iqtidarı ordu quruculuğunda ittihammı edirsən?
Daşaltı, Ağdərə əməliyyatında cavan-cavan uşaqların, əsgərlərin köməksiz qalması, Şuşa, Ağdam, Kəlbəcər uğrunda gedən döyüşlərdə sırf hakimiyyətdə olanların günahı ucbatından minlərlə insanın blokadaya düşməsi, eyni zamanda müharibənin ən kritik anlarında bütün ümidlərin əslində dövlətin yaratması və qurması gərəkən orduya yönəlməli olduğu halda, həmin ümidləri ayrı-ayrı qəhrəman oğulların təkbaşına öz üzərlərində daşıması və nəhayətində həlak olması, şəhid olması kimin günahı olub? Bu iqtidarınmı, yoxsa sizinmi?
Və ya Şuşa kimi alınmaz qalanı aldıran bizmi olmuşuq, sizmi?
Daxili intriqalar ucbatından bəzən bir gündə iki rayonu erməni şərəfsizə peşkəş edən bizmi olmuşuq, sizmi?
Rəhim Qazıyev kimi dünyadan bixəbər birini nazir qoyub, ardınca da onun torpaq satmasına, bu ölkəni təcrübə dovşanına çevirməsinə rəvac verən necə, bizmi olmuşuq, sizmi?
Bilirsiniz, üzə durmağın da bir kriteriyası və limiti olur. Məsələn adam var üzə durur, adam var bir az kobud desək sırtıqcasına üzə durur və adam da var at kimi üzə durur. Bax siz axırıncılardansınız!
Və ya ordudan, qeyrətdən danışarkən bir də Allah xətrinə - Şəhidlər xiyabanında, daha doğrusu xiyabanlarında yatan insanların hələ də sizin üzərinizdə olan qanını və haqqını düşünün. Bunu sizə bir vaxtlar Etibar Məmmədov da xatırlatmışdı. İsa Qəmbərin timsalında. Parlamentdə.
Ordudan və qeyrətdən danışarkən bir də Daşaltı əməliyyatında şəhid olan 197 nəfər qəhrəman cəsədinin Bakıya gətirildiyi gün az qala bütün dövlət xadimlərinin “Gənclik” parkının yanındakı “Lalə” kafesində 16-17 yaşlı rus qızları ilə əyləndiyini xatırlayın.
Və nəhayət ordudan, qeyrətdən danışarkən – bu söhbətləri bir də hərdən min cür bəhanə ilə ölkədən qaçırdığınız övladlarınızın qulağına pıçıldamağı da unutmayın.
***
Qeyrət və qəhrəmanlıq güzgü qarşısında ya da “Azadlıq” qəzetinin manşetlərində formalaşmır.
Qeyrət və qəhrəmanlıq ürəklərdə formalaşır, təbiətən formalaşır, doğuşdan formalaşır, yaranışdan formalaşır. Əlqərəz, sizlərdən tam uzaq olan bir məkanlarda formalaşır....