Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ

Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
SOSİAL
16:45 23.06.2025
381
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrin yaydığı məlumata əsasən, bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edir. Mövcud məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur.

Dövlət Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, sözügedən məlumat bazasında "Apple”, "Google”, "Facebook”, "GitHub”, "Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bildirilir ki, bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları ("infostealer”lər) vasitəsilə toplanmış və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanmışdır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə "blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.
OXŞAR XƏBƏRLƏR