Dövlət xidmətləri "myGov"da birləşdirilir - Sistemin üstünlükləri nələrdir?

Dövlət xidmətləri "myGov"da birləşdirilir - Sistemin üstünlükləri nələrdir?
SOSİAL
17:57 03.07.2026
423
Xəbər verdiyimiz kimi, yaxın vaxtlarda bütün dövlət rəqəmsal xidmətlərinin "myGov" platformasında birləşdirilməsi planlaşdırılır.

Belə ki, əvvəllər vətəndaşlar müxtəlif dövlət xidmətlərindən istifadə etmək üçün ayrı-ayrı mobil tətbiqlər yükləyirdilərsə, artıq rəqəmsal xidmətlərin vahid platformada cəmləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Hazırda "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə "myGov" platformasına inteqrasiya edilib.

Bununla yanaşı, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir sıra xidmətləri də artıq platformada istifadəyə verilib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan İT eksperti Fərid Kazımov bildirib ki, yeni konsepsiya dövlət xidmətlərinə vahid platforma üzərindən çıxışı təmin edəcək:

"Yeni konsepsiyaya uyğun olaraq mövcud xidmətlər, məsələn, "Mobil Notariat", "e-Polis", "e-Səhiyyə" və digərləri fəaliyyətlərini davam etdirəcəklər. Lakin onlara giriş "myGov" platforması üzərindən təmin ediləcək. Yəni, faktiki olaraq dəyişən yalnız giriş formasıdır. Xidmətlərin göstərilməsi və digər proseslər isə əvvəlki qaydada müvafiq dövlət qurumları tərəfindən həyata keçiriləcək".

F.Kazımov qeyd edib ki, yeni sistem vətəndaşlar üçün daha rahatdır və heç bir risk yaratmır:

"Vətəndaşlar artıq vahid platforma vasitəsilə müxtəlif dövlət xidmətlərindən istifadə edə biləcəklər. Ayrı-ayrı qeydiyyatdan keçməyə və müxtəlif mobil tətbiqlər yükləməyə ehtiyac qalmayacaq. İstifadəçilər bütün xidmətlərə yalnız "myGov" vasitəsilə daxil olacaqlar. Sistemin hər hansı riski yoxdur. Vətəndaşlar dövlət qurumlarına etdikləri müraciətləri, aldıqları sənədləri, göndərilən bildirişləri və digər məlumatları vahid platforma üzərindən izləyə və əldə edə biləcəklər".
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR