“Komendant pulu” ilə bağlı narazılıqlar artır - Yığılan pullar kimlərin cibinə "axır"?

“Komendant pulu” ilə bağlı narazılıqlar artır - Yığılan pullar kimlərin cibinə "axır"?
SOSİAL
12:04 05.06.2026
248
Son dövrlərdə çoxmənzilli yaşayış binalarında komendant pulu ilə bağlı narazılıqların sayı artmaqdadır. Bir çox sakinlər aylıq ödənişlərin müxtəlif səbəblərlə artırıldığını, lakin toplanan vəsaitlərin hansı istiqamətlərə xərcləndiyi barədə onlara ətraflı məlumat verilmədiyini bildirirlər.

Daşınmaz əmlak üzrə mütəxəssis Ramil Osmanlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində çoxmənzilli binaların idarə olunmasında komendant üsulu nəzərdə tutulmur.

Onun sözlərinə görə, çoxmənzilli yaşayış binalarının idarə olunması məsələləri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir və qanunvericilikdə bir neçə idarəetmə forması müəyyən edilsə də, komendant üsulu həmin formalar sırasında yer almır.


"Bəzi binalarda mənzil-tikinti kooperativləri və ya binanı inşa edən şirkətlər tərəfindən komendant təyin olunaraq idarəetmə həyata keçirilir. Lakin bu yanaşma qanunvericiliyin tələblərinə uyğun deyil. Qanunda belə bir idarəetmə mexanizmi nəzərdə tutulmayıb”, – deyə ekspert vurğulayıb.

Ramil Osmanlı qeyd edib ki, bu sahədə mövcud problemlər təkcə idarəetmə formasının qanunsuzluğu ilə məhdudlaşmır.

"Əksər hallarda sakinlərdən toplanan vəsaitlərin yığılması və xərclənməsi də qanunvericiliyin tələblərinə uyğun aparılmır. Bizə daxil olan müraciətlər göstərir ki, bu sahədə kifayət qədər ciddi problemlər var. Komendantlar tərəfindən ödəniş məbləğlərinin əsassız şəkildə artırılması, toplanan vəsaitlərin xərclənməsi ilə bağlı hesabatlılığın təmin edilməməsi, eləcə də mənzil və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə ikitərəfli müqavilələrin bağlanmaması bu problemlərin əsas səbəblərindəndir”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu qanunvericiliyin tələblərinə uyğun hüquqi mexanizmlərdən istifadə edilməsidir.

"Vətəndaşlar aidiyyəti dövlət və hüquq-mühafizə orqanlarına müraciət etməli, zərurət yarandıqda məhkəmə instansiyalarında hüquqlarını müdafiə etməlidirlər. Problemlərin həlli yalnız qanunvericiliyin nəzərdə tutduğu hüquqi prosedurlar çərçivəsində mümkündür”, – deyə Ramil Osmanlı əlavə edib.
OXŞAR XƏBƏRLƏR