Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolu dövlətçilik irsimizin qızıl salnaməsidir. O, siyasi fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın milli dövlətçilik ənənələrini, azərbaycançılıq ideologiyasını, müstəqil dövlət ideyasını qurmaq uğrunda mübarizə aparmış, bu məqsədə uğurla nail olmuşdur.
Ulu Öndərin 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə xalqın yüksək etimadını qazanaraq mütləq səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində və siyasi həyatında müstəsna yer tutur. Bu siyasi proseslə Azərbaycanda demokratik və şəffaf seçki mədəniyyətinin əsası qoyuldu. Bu tarixi hadisə həm də dövlətçilik salnaməmizə dönüş nöqtəsi, siyasi hərəkatın zəfər rəmzi kimi həkk olundu.
Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı və bugünkü qüdrətli dövlətin sarsılmaz təməlləri qoyuldu. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək ona göstərilən böyük etimadı doğrultmaq üçün yorulmadan çalışacağını və fəaliyyət manifestini elan etdi:
"Əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm. Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq və bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.
O həqiqətən bütün ömrünü Azərbaycanın gələcək inkişafına həsr etdi, 1969-cu ildə başladığı quruculuq salnaməsini 1993-cü ildən sonra yeni siyasi-tarixi mərhələdə davam etdirdi. Onun üçün ən ali məqsəd Ermənistanın işğalına son qoymaq, torpaqlarımızı azad edərək bir milyon soydaşımızın öz doğma torpaqlarına geri qayıdışını təmin etmək idi.
O, Azərbaycana 20 Yanvar, Xocalı faciələrinin, Laçın, Şuşa xəyanətlərinin və ölkə ərazisinin 20 faizinin işğalına baiskar olmuş Vəzirov-Mütəllibov rejiminin və AXC-Müsavat cütlüyünün qoyduğu ağır mirası aradan qaldırmaq üçün həyatının hər saniyəsini sərf etdi.
Ulu Öndər islahatların və inkişafın bərqərar olması üçün ilk növbədə, möhkəm sabitliyin təminatını vacib hesab etdiyindən bu istiqamətdə təxirəsalınmaz addımlar atdı, anarxiyaya, hərc-mərcliyə, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, ictimai-siyasi sabitliyi bərqərar etdi, Ermənistanın təcavüzünün qarşısını aldı və nümunəvi Milli Ordu quruculuğuna başladı.
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının və digər vacib qanunların qəbul olunması ilə çoxşaxəli islahatların əsasları müəyyənləşdi. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetlərini, hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.
Heydər Əliyev Azərbaycanın mükəmməl iqtisadi inkişaf modelini hazırladı və əhatəli islahatlar həyata keçirdi. Ermənistanla müharibə şəraitində yaşayan və beynəlxalq birliklə əlaqələri hədsiz zəif olan Azərbaycanla iqtisadi tərəfdaşlıq etməkdə, sərmayə qoymaqda tərəddüd edən xarici şirkətləri, qlobal investorları ölkəyə gətirmək üçün yorulmadan çalışdı, dünya miqyaslı şəxsiyyət olaraq öz nüfuzundan istifadə edərək sərmayədarlarda dərin inam yaratmağa nail oldu. Milli sərvətimiz olan neft sektoruna beynəlxalq investisiya koalisiyasını cəlb etmək üçün gərgin və yorucu danışıqları uğurla başa çatdırdı.
Bu proseslərdə iştirak edən Dövlət Neft Şirkətinin o dövrdəki I vitse-prezidenti İlham Əliyevin fitri məharəti sayəsində Azərbaycanın mənafeyinə xidmət edən kontraktların bağlanılmasına nail olundu, o cümlədən 1994-cü il sentyabrın 20-də "Əsrin Müqaviləsi” imzalandı.
Bununla da Azərbaycanın iqtisadi-siyasi, sosial həyatında yeni tarixi mərhələnin başlanğıcı qoyuldu. Sonrakı mərhələdə Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin çəkilişi məhz bu iradə və qətiyyətin, uzaqgörən siyasətin nəticəsində reallığa çevrildi.
Ulu Öndər Azərbaycanın dünyadakı haqq səsi idi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çox dəqiqliklə çatdırırdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdi. O, beynəlxalq tribunalarda əzmkar çıxışları, prinsipial xarici siyasət kursu ilə Ermənistanın terrorçu simasını təqdim edirdi. Məhz onun qətiyyəti sayəsində beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələr və bəyanatlar qəbul olunmuşdu.
Azərbaycanın dünya birliyinə inteqrasiyasının təmin olunması Heydər Əliyevin uğurlu xarici siyasət strategiyasında mühüm yer tuturdu və bu, mükəmməl diplomatiya nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq quruldu. Böyük İpək yolunun bərpası, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması, digər qlobal tərəfdaşlıqların qurulması təmin olundu. Onun uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Onun müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək vahid ideologiya ətrafında birləşməsini təmin etdi.
Heydər Əliyevin ən ali arzusu torpaqlarımızın azad edilməsi idi, 70-ci illərdə şəxsən özünün təşəbbüsü və iştirakı ilə Qarabağda – Şuşa, Xankəndi və digər rayonlarda salınmış infrastrukturları bərpa etmək, bölgəni işğaldan xilas edərək yenidən dirçəltmək planları onun əsas məqsədlərindən biri idi.
"Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda, nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq” deyən Ulu Öndər ərazi bütövlüyümüzün təmin ediləcəyinə qəti şəkildə əmin idi.
Onun bu müqəddəs arzusunu isə cənab Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən Müharibəsində erməni faşizminin başını əzməklə gerçəkləşdirdi.
Azərbaycan xalqı üçün Heydər Əliyev kursu əvəzolunmaz dövlət irsi hesab edilir. Ötən illər ərzində keçirilən bütün seçkilər də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı öz Liderin siyasi kursuna sadiqdir və bu kurs dönməzdir, yeganə strateji seçimdir.
Müstəqil Azərbaycan Respublikasının ötən 33 ildə əldə etdiyi bütün nailiyyətlərin əsası məhz 1993-cü il oktyabr 3-də təməli qoyulmuş zəngin dövlətçilik kursuna əsaslanır.
Ramid Namazov
Milli Məclisin deputatı











































