DYP-dən qalmaqallı əməliyyatla bağlı açıqlama - VİDEO

DYP-dən qalmaqallı əməliyyatla bağlı açıqlama -  VİDEO
Bütün Xəbərlər
01:00 06.02.2015
1200
Dövlət Yol Polisi dünən sosial şəbəkələrdə yayılan DYP əməkdaşlarının qalmaqallı əməliyyatından danışıb.
Xatırladaq ki, təqdim olunan sujetdə 3 DYP avtomobili “saxla” əmrinə tabe olmayan sürücünü üç istiqamətdən sıxışdırıb saxlamaq istəyəndə, motosikletin aşması görüntüləri yayılmışdı. Daha sonra isə həbs zamanı polis “saxla” əmrinə tabe olmayan sürücüyə bir neçə zərbə endirib.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı 107.7 - “AvtoFM”-in “İnspektor” verilişində DJ Aydının sualını cavablandıran Baş Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, polislər üçün ən vacib məqam sürücülərin qanunun tələblərini yerinə yetirməsidir.
“Artıq həmin görüntülərə baxdıq. Motosiklet sürücüsü yol polisinin “saxla” əmrinə əhəmiyyət vermədiyi və ərazidən qaçdığına görə, onu saxlamaq üçün ikinci avtomobil də əməliyyata cəlb edilib, lakin sürücü buna da əhəmiyyət verməyərək yenidən qaçmağa cəhd göstərib. Sizcə bu, düzgündürmü? Çox təəssüf ki, bu hadisədə motosikletçi yol boyu polisə tabe olmadığını açıq şəkildə nümayiş etdirir, lakin üç polis əməkdaşının həmin sürücünü bütün vasitələrdən istifadə edərək saxlaması qanunun tələblərinin yerinə yetirilməsidir”.
Şöbə rəisi əlavə edib ki, xarici ölkələrdə polisin “saxla” əmrinə tabe olmayan sürücüyə qarşı xüsusi metodlardan istifadə edilir, lakin Bakıda belə metodlardan istifadə etsək, bu, paytaxt sakinləri arasında narazılığa səbəb olar.
“Xarici ölkələrdə belə əməliyyatlar zamanı “kirpi” deyilən texniki vasitədən istifadə olunur. “Kirpi” yol polisinin “saxla” əmrinə tabe olmayan avtomobilin altına atılır, bu zaman avtomobilin təkərləri partlayır, nəqliyyat vasitəsi müvazinətini itirir, hətta avtomobilin aşması və sürücünün ağır xəsarət alması ehtimalı artır. Bakıda belə metodlardan istifadə etsək, paytaxt sakinləri həyəcanlı anlar yaşayar”.
Vaqif Əsədovun sözlərinə görə, polisə tabe olmayan sürücü həbs olunmalıdır:
“Xüsusi qanunların tələbləri müzakirə edilə bilməz və Azərbaycan Respublikasının yol hərəkəti haqqında Qanunun tələbinə əsasən, yol polisinin qanuni tələbini qəsdən yerinə yetirməyən şəxs məhkəmə qarşısında cavab verməli və çıxarılan qərar əsasında həbs olunmalıdır”.
OXŞAR XƏBƏRLƏR