Əcinnə, uşaqlardan əl çək!

Əcinnə, uşaqlardan əl çək!
Bütün Xəbərlər
00:20 09.01.2014
1269

Seymur Verdizadə

Teatr rəhbərləri həmişə tamaşaçıların azlığından şikayət edirlər. Kimə diktafon uzadırsan, eyni sözləri deyir: “Tamaşalarımızı boş salonlarda oynayırıq. İnsanlar teatrdan uzaq düşüblər”.

İkinci sinifdə oxuyan qızımla birlikdə bayram günlərində bir neçə mədəniyyət ocağına baş çəkdik. Təəssüf ki, təəssüratım o qədər də ürəkaçan deyil. Getdiyimiz məkanlarda təkcə balacaları deyil, böyükləri də uşaq yerinə qoyurdular...

Biletlərin qiyməti nisbətən ucuz olduğu üçün bayram günlərində Dövlət Kukla Teatrına böyük axın vardı. Yanvarın 3-də biz də bu teatrda quruluş verilən “Cırtdanın Yeni il sərgüzəştləri” adlı tamaşanı izlədik. Tamaşanın bədii keyfiyyəti barədə fikrimi bir qədər sonra bildirəcəyəm. Hələlik isə tamaşaçıların sənətə etinasız münasibətindən danışmaq istəyirəm. Tamaşa saat 18.00-da başlasa da, saat 18.30-a kimi tamaşaçılar iki-iki, üç-üç salona daxil olurdular. Valideynlərin məsuliyyətsizliyi üzündən bəzi uşaqlar 35 dəqiqəlik tamaşanın cəmi 10-15 dəqiqəsinə baxa bildilər. Ən pisi isə o idi ki, hər dəfə qapı açılanda həmin istiqamətə boylanan uşaqların fikri dağılırdı. Halbuki özünə hörmət edən teatrda tamaşa başlayandan sonra salona adam buraxmırlar.

Teatr rəhbərliyinin daha çox pul qazanmaq ehtirası xoşagəlməz vəziyyət yaratmışdı. Tamaşanın başlanmasına yarım saat qalmış Kukla Teatrında olsaq da, oturmağa yer tapmadıq. Məlum oldu ki, bizim kimi əlində bilet olan 10-a yaxın tamaşaçı bayaqdan bəri oturmağa yer axtarır. Texniki işçilərin divarın dibinə düzdüyü stullarda birtəhər özümüzə yer eləsək də, digər tamaşaçılar bizim qədər şanslı ola bilmədilər. Tamaşanın təxminən yarısı arxada qalsa da, cavan oğlanlar hələ də ayaq üstdə dayanan tamaşaçılar üçün stul daşıyırdılar. Neçə gündür bir sual beynimi deşir: əgər tamaşanın oynanıldığı salon 150 nəfər üçün nəzərdə tutulubsa, Kukla Teatrının rəhbərliyi hansı ağılla 180 nəfərə bilet satıb? Teatra üz tutan insanlara qarşı bu qədər sayğısızlıq edən kollektiv öz tamaşalarını boş salonlarda oynamağa məhkumdur!

Teatrşünas olmadığım üçün tamaşanın süjet xətti barədə aşağıda yazacaqlarımı vətəndaş mövqeyi kimi də qəbul edə bilərsiniz. Söhbət ondan gedir ki, tamaşa “Cırtdanın Yeni il sərgüzəştləri” adlansa da, biz səhnədə balaca nağıl qəhrəmanının heç bir sərgüzəştinin şahidi olmadıq. Cırtdan və Göyçək Fatimə oğurlanan bayram xonçasını Şaxta babanın sehrli çomağı sayəsində tapdılar. Amma çox yaxşı olardı ki, İfritə və Əcinnəyə uşaqların özləri qalib gələydilər. Uşaqların fərdi təşəbbüslərini artırmaq, onlarda qəhrəmanlığa həvəs yaratmaq üçün bu, çox vacibdir. Mən istəmirəm ki, uşaqlarımız itirdiklərini geri qaytarmaq üçün kiminsə sehrli çomağına bel bağlasınlar. Uşaqlara təlqin etmək lazımdır ki, nəyəsə sahib olmaq, həyatda uğur qazanmaq istəyirsinizsə, mübarizə aparmalısınız. Uşaqlarda mübarizə əzmini yalnız bu cür yaratmaq olar.

Mən uşaq olanda, təxminən 30-32 il əvvəl rəhmətlik nənəm bizi cinlə, şeytanla, əcinnə ilə qorxudurdu. Aradan 30 ildən çox zaman keçməsinə baxmayaraq, nağıllarımızın qəhrəmanları yenə cin, şeytan, ifritə və əcinnədir. Uşaqları mənfi enerji ilə bu qədər yükləmək olmaz!

Sonda valideynlərə bir təklifim var. Gəlin, hamımız bir ağızdan qışqıraq: əcinnə, uşaqlardan əl çək!

Cənab rejissorlar, bizi eşidirsinzimi?!

OXŞAR XƏBƏRLƏR