Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə dövlət və özəl müəssisələri indiki şəraitdə işçiləri ixtisar etməməyə, məcbur qaldıqda isə ailədə bir nəfər işləyən varsa ona toxunmamağa çağırıb və bir sıra vacib təkliflərlə çıxış edib .
AZXEBER.COM xəbər verir ki, millət vəkili Q. Paşayeva bu gün MM-in iclasında dövlət və özəl qurumlara müraciətlər çıxış edib. O, bildirib ki, indiki şəraitdə çalışmaq lazımdır ki, çox işçi ixtisara düşməsi, insanlar iş yerlərini itirməsinlər. Çünki insanlar üçün iş yerlərini itirmək çox ciddi problemdir:" Bəzi dövlət və özəl qurumların rəhbərləri işçi ixtisara salanda heç baxmır ki, bir bunu araşdırım görüm bu adamın ailəsində başqa işləyənlər varmı, bu ailənin büdcəsinə ayda nə qədər pul gəlir,bu adam işini itirərsə onun ailəsi hansı faciələrlə, ağır problemlərlə üzləşə bilər. İnsanları çıxılmaz vəziyyətdə qoymaq olmaz. Mən bütün dövlət və qeyri-dövlət qurumlarını, şirkətləri çağırıram ki, hər bir insanla bağlı ciddi araşdırma aparsınlar və bu addımı atmazdan əvvəl ciddi düşünsünlər. İndi biz hamımız biri-birimizi daha çox düşünməliyik, kömək etməliyik. Əgər ailədə təkcə bir nəfər işləyən varsa və ya ailədə xəstələr varsa, ağır vəziyyət varsa o ailədən işləyən insanı ixtisara salmaq olmaz. Qurumlarımız özlərini o adamların yerinə qoysunlar, sonra addım atsınlar. Bu məsələyə ciddi yanaşmalıyıq"-millət vəkili Q. Paşayeva belə deyib.
Millət vəkili Q.Paşayeva həmçinin əhalinin şikayət və məlumatlarına operativ reaksiya vermək üçün qaynar xətt və araşdırma qrupları yaratmağa çağırıb. O, bu gün MM-in iclasında bildirib ki, Prezident hökumət üzvlərininin iştirakı ilə keçirilən hər iki toplantıda da xalqın mənafeləri hər şeydən yüksək olmalıdır düşüncəsini xüsusi vurğulayaraq süni qiymət artımından başlamış bütün istiqamətlərdə insanlarımızı ictimai nəzarəti gücləndirməyə çağırıb:
"Cənab Prezident hər iki toplantıda ictimai nəzarətin nə qədər böyük əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Bəs insanlar gördükləri, şahid olduqları, üzləşdikləri neqativ hallarla bağlı elə yerindəcə, operativ olaraq hara müraciət etməlidir. Çünki bu məsələdə operativ məlumat vermə və operativ araşdırma və tədbirlər həlledici rol oynayır. Cənab Prezident indiki vəziyyətdən çıxış yolu kimi bir çox qurumlar qarşısında ciddi tapşırıqlar qoydu, ictimai nəzarət məsələsini xüsusi vurğuladı. Odur ki, özəlliklə iqtisadi və sosial sahələrə savabdeh dövlət qurumlarının qaynar xətt yaratmaları, insanların operativ müraciət etməsini və operativ araşdırma və tədbirlərin görülməsini təmin etmələri çox vacibdir". "Bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması hamımız, ölkəmizin bu günü və gələcəyi üçün ən önəmli məsələdir çünki ictimai-siyası sabitlikdə yarana biləcək hər hansı problemlər başlanmış islahatların, vəziyyətdən çıxmaq üçün dövlət başçısı tərəfindən verilmiş ciddi tapşırıqların həyata keçməsinə, ölkəmizin vəziyyətinə ancaq mənfi təsir edə bilər. Bunu insanlarımıza geniş izah etməliyik. Televiziya ekranlarımızda daha çox bu istiqamətdə proqram və müzakirələr olmalıdr".
Hökumət üzvləri, millət vəkilləri televiziya proqramlarında mütəmadi iştirak etməli, insanları maraqlandıran sualları cavablandırmalı, şayələrin, yalan-yanlış, sobataj xarakterli məlumatların yayılmasına, bu kimi məlumatlarla insanları təşvişə salmaq istəyən güclərə imkan verməməlidir deyən millət vəkili Q. Paşayeva bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin olmamasında maraqlı olan bəzi xarici qüvvələr var və özəlliklə böyük gücə malik sosial mediada gerçəklə əlaqəsi olmayan məlumatlara diqqət yetirmək lazımdır. "Bunun qarşısını almaq mətbuat və media qurumları qədər dövlət qurumlarının da vəzifəsidir. Bu qurumların mətbuat xidmətləri var. Dövlət qurumları hər yayılan məlumata indiki şəraitdə cəld reaksiya verməli, doğru məlumatların yayılmasına, yalan məlumatların surətlə yayılmamasına çalışmalıdırlar. Eyni zamanda sosial medianı da diqqətdə saxlamalı orada yayılan doğru olmayan məlumatlara çevik cavab verərək doğru məlumatların yayılmasına çalışmalıdırlar. Dövlət qurumlarının mətburt xidmətləri öz vəzifələrini yüksək səviyyədə həyata keçirməlidirlər, informasiya təhlükəsizliyi ilə bağlı ciddi düşünməlidirlər və jurnalistlərlə daha sıx əməkdaşlıq etməlidirlər"- deyən millət vəkili Q. Paşayeva dövlət qurumlarını bu məsələlərə ciddi diqqət etməyə çağırıb.