“Çünki onlar əmindirlər ki, üzlərini heç kəs görmür və qanun onları heç bir hərəkətə görə mühakimə edə bilməz”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova söyləyib.
AGAT sədri Milli Məclisin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı məsələnin müzakirəyə ehtiyac olduğunu bildirib:
“Sərbəst toplaşma azadlığı ilə bağlı beynəlxalq təşkilatların verdiyi hesabatalardan sonra Milli Məclisin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı təklifi müzakirə edilməlidir. Bu dəyişikliyin məntiqli tərəfi odur ki, əgər Azərbaycan vətəndaşı “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun toplaşırsa bunu açıq surətdə etməsi daha vacibdir. Aksiyalarda maskalardan istifadə məhz buna görə lüzumsuzdur. Belə olan təqdirdə maskalanan aksiya iştirakçısı aksiya zamanı provakativ hərəkətlər edə və kiməsə zərər vura bilər. Çünki o əmindir ki, onun üzünü heç kəs görmür və qanun onu etdiyi heç bir hərəkətə görə mühakimə edə bilməz. Əgər hansısa bir məsələyə etiraz edib aksiya edirsənsə, o zaman gizlənməyə nə ehtiyac var?”
Qeyd edək ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr gözlənilir.
Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə əlavələr gözlənilir. Milli Məclisdə bir qrup deputatın təklifi ilə müzakirəyə çıxarılması gözlənilən layihə aksiyalar zamanı maskalardan və digər üz örtüklərindən istifadədən qadağanın qanunvericilikdə təsbit olunması ilə bağlıdır. Layihəyə görə, istənilən bayram və matəm tədbirlərində, dini mərasimlərdə, yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlərdə bir sıra qadağan olunmuş xüsusi vasitələrlə yanaşı, maska və digər üz örtüklərindən istifadə qanunvericiliklə qadağan olunur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə xüsusi maddənin əlavə olunması da təklif edilir. Layihənin yaz sessiyasında parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Əfsələddin Ağalarov