'Əgər bu cür dələduzlar ölkədə belə rahatlıqla gəzə bilirlərsə deməli ..."
Bütün Xəbərlər
16:45 18.01.2012
4304
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində vətəndaşların 2007-ci ildən bəri narazı olduqları “Fuad LTD MMC” barəsində mətbuat konfransı keçirilib.AZXEBER.COM xəbər verir ki, vətəndaşlar konfrans zamanı jurnalistlərə deyib: “Məmmədov Qasım Əsəd oğlu 2005-2007-ci ilərdə Xırdalan şəhərində ofis açaraq mənzil tikmək adı ilə vətəndaşların pullarını mənimsəyib. Milli Təhlükəsizlik Nazirliyində işləyən oğlu Məmmədov Fuadın adına “ Fuad LTD” cəmiyyətini yaradıb. 2005–ci ildən işə başlanan obyektdə - Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1-də 2007- ci ildən binanın tikintisini dayandırılıb. Vətəndaşlar mənzil alarkən nəğd pulu ofisdə oturan Qasımın oğlu Fuada, bacısı oğlu Raminə veriblər. Guya tikiləcək bina 9 bloklu, 14 mərtəbəli, 505 mənzilli olmalı idi. Lakin vətəndaşların öz aralarında olan araşdırmadan sonra bəlli olub ki, 595 mənzil satışa çıxarılıb. Əslində isə nə bina, nə də mənzillər mövcud deyil. İnsanlara proyekti kağızda göstərərək satıblar. Hətta 198, 271, 455 nömrəli mənzillər 1-dən çox adama satılıb. Belə mənzil alıcılarından biri olan Bağıyeva Gülsüm deyib ki “Mən Qasımdan soruşanda ki, bu nə deməkdir? Məni yola verərcəsinə deyib ki, “səhv yazmışam ,düzəldərəm”.Narazı vətəndaşlar deyirlər ki, “2007 -ci ildən bəri şikayət etmədiyimiz dövlət təşkilatları qalmayıb. Biz Fövqəladə Hallar Nazirliyinə, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Milli Məclisə, Baş Prokurorluğa, Abşeron Rayon Prokurorluğuna qədər gedib çıxmışıq. Ancaq onlar bu məsələyə nədənsə çarə tapa bilmirlər. Çox təəccüblüdür, necə olur ki, Azərbaycan Respublikasının ən ali dövlət orqanları “dələduzu” cəzalandıra bilmirlər! “AZXEBER.COM portalı mətbuat konfransında iştirak edən narazı vətəndaşlardan müsahibə alıb. Valeh Əliyarov: “Biz Qasımın aldatdığı adamlarıq! Bununla bağlı bir neçə dəfə prezidenti cənab İlham Əliyevə şikayət məktubu yazmışıq. Biz ondan cavab gözləyirik. Xahiş etmişik ki, bizə kömək etsin. Məhkəmədə biz tələb etmişdik ki, necə ki , “Nuray MMC“ ilə bağlı vətəndaşların problemi həll edildi, bizim də problemimiz həll edilsin! Onlar bizə bəhanə gətirdilər ki,”Nuray”da 1 mənzil bir neçə nəfərə satılmışdı. Halbuki bizdə də bu hal baş verib. Biz Abşeron Rayonun eks prokuroru Azər Vahabzadəyə məsələ ilə bağlı müraciət etmişdik. O isə bizə cavabında “Respublika Rayon Prokurorluğu məsələnin həllinə icazə vermir” demişdi.”Əsədova Roza: “Məmmədov Qasımın ailə üzvlərinin hamısının bu işdə əli var! Bacısı oğlu Ramin ofisdə müsahibatçı idi. İndi o da qaçıb gizlənib! Heç kim bizi qınamasın. Madam ki, dövlət bu müəssisəyə güvənib, bina tikmələrinə icazə vermişdi, biz də bu müəssisəyə güvənmişdik! “Əliyev Nizami:“2010-cu ildə hətta məhkəmə gedə-gedə bu dələduzlar mənzil satmağa davam edirdilər! Cəmi 3 blok tikilib, 14 mərtəbədən ibarət, heç birinin də damı bağlanmayıb! 2007-ci ildən bəri müraciət etmədiyimiz media qurumu, telekanal, dövlət orqanı qalmayıb. Son ümidimiz sizsiniz!”Şahvələdov Aqil: “Haqqında bəhs etdiyimiz bu dələduz bizə dövlət orqanları-FHN,DİN və bir çoxlarının adını çəkib deyir ki, “bu işdə onların yaxınlarının da əli var. Mən pulu onlara vermişəm. Mənə isə heç nə edə bilmərsiniz, mənim arxam var, oğlum MTN-də işləyir.” Biz də məhkəmədən onun cəzalandırılmasını tələb edirik, ona görə ki, o bu cür dövlət orqanlarının adından sui-istifadə edir. Bu dələduzluqdur! Həmçinin Ədliyyə Nazirliyindən bizə belə bir xəbər gəlib ki ,”Biz onu həbs edə bilmərik. O hüquqi şəxsdir." Əgər bu cür dələduzlar ölkədə belə rahatlıqla gəzə bilirlərsə və 2007 –ci ildən bəri hələ də cəzalandırılmayıblarsa, deməli dövlət yoxdur!”Abdurrahmanov Eldəniz: “Respublika Prokurorluğu bunun mülki məsələ olduğu üçün məhkəmənin həll etməli olduğunu deyir. 2010-cu ilin oktyabr ayından qərar çıxdı ki , vətəndaşların pulu qaytarılsın. Ancaq hələ də puldan bir xəbər yoxdur. Abşeron Rayon Məhkəməsinin hakimi Şəmsəddin Abbasov qərarında demişdi ki, “bu adam cinayətkar deyil, ölkədən də çıxa bilər.” Mən neçə ildir ki, bu qənaətə gəldim. Allah heç kimin işini dövlət orqanlarına salmasın! Abşeron Rayon İcra Başçısı Zakir Fərəcov 2 fevral, 2009-cu ildə Qasımla telefon danışığında ona 20 gün vaxt verdiyini bildirmişdi. 20 günün tamamında isə Qasım yoxa çıxmışdı.”Əliyarov Əliyar: “29.040 manatı bir dəfəyə əllərinə saymışdım. İndi o binada gözətçi belə qalmayıb.”Həmçinin vətəndaşların qeyd etdiyinə görə, Bakı Baş Polis İdarəsi Qasım Məmmədovun barəsində axtarış elan edib. Vətəndaşlar iddia edirlər ki, Qasım Məmmədov öz evindədir. Açıq-aşkar harada gəldi gəzir, öz kefini çəkir.” Mətbuat konfransı zamanı Abdurrahmanov Eldəniz Qasım Məmmədova telefon edib, pullarını bu gün qaytaracaqmı deyə bir daha sual ünvanladı. Lakin Qasım Məmmədov “Bankdan hələ pul götürməmişəm. Soruşma bankın adı nədir, çünki deyə bilmərəm dedi. AZXEBER.COM portalı qarşı tərəfin də fikirlərini öyrənmək məqsədiylə “Fuad LTD MMC”nin prezidenti Qasım Məmmədovla əlaqə saxlayıb. Qasım Məmmədov qeyd edib ki, yanvar ayının sonuna qədər bütün şikayətçilərin problemi həll olunacaq: Yanvarın sonuna qədər bütün şikayətçilərin problemi həll olunacaq. Kim istəsə gəlib öz pulunu götürər, kim də istəsə evində yaşayar. Artıq binanın tikintisinə 4-5 milyon manat pul xərclənib. Yaxın zamanlarda bina istifadəyə veriləcək”. Məmmədov bir evin bir neçə şəxsə satılmasına da münasibət bildirib: “Bu tamamilə əsassız fikirdir. Necə ola bilər ki, ayrı-ayrı mənzillər eyni insanlara satılsın. Bu mümkün deyil. Mövzuya yenidən qayıdacağıq. Gülnarə Bayramova