'Əgər İlqar bəy irad tutmaq istəyirsə, birinci öz işlədiyi televiziyadan başlasın'

Bütün Xəbərlər
16:54 06.08.2014
5102
Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı İlqar Mikayıloğlu cəbhə xəttinə gedən jurnalistləri kəskin tənqid edib.
AZXEBER.COM məsələylə bağlı cəbhə xəttinə yollanan və oradan reportaj hazırlayan "Yeni Müsavat" qəzetinin əməkdaşı Məhəmməd Türkmənlə əlaqə saxlayıb. Jurnalist portalımıza açıqlamasında deyib ki, onun qəhrəman olmaq istəyi yoxdur: 
"Mənim İlqar Mikayıloğluna böyük hörmətim var. Amma onun sözlərinə cavab verməliyəm. İlqar bəy cəbhə xəttinə gedənləri saxta qəhrəman adlandırıb. Sözlərindən belə çıxır ki, cəbhə xəttinə informasiya toplamaq, insanlara düzgün şəkildə xəbər ötürmək üçün yox, qəhrəman olmaq üçün gedirlər? Ola bilsin o, qəhrəman olmaq istəyib. Biz isə yox. Mən öz peşəm gərəyi cəbhə xəttinə getmişəm və işimi görmüşəm. Mənim qəhrəman olmaq kimi bir düşüncəm olmayıb. Heç qəhrəman da olmamışam. Sadəcə işimi görmüşəm. Düz deyir, biz Çingiz ola bilmərik. Heç o da ola bilməz. Çingiz bu dünyaya bir dəfə gəlib, ikincisi olmayacaq".
Jurnalist həmçinin deyib ki, İlqar Mikayıloğlunun cəbhə xəttinə gedən jurnalistlərə irad tutmasına haqqı yoxdur:  
"İlqar bəy düz deyir. Nə qulaqlarımızın dibində mina partlayıb, nə də pulemyot bizi palçığa sıxıb. Bunu iddia da etməmişik. Çünki müharibə yoxdur. Əgər olarsa biz də o anları yaşayarıq. O çətinlikləri görərik. Qorxacaq deyilik. İndi bizim günahımız var ki, İlqar bəy həmin anları yaşayanda biz uşaq olmuşuq? İndi o qocalıb. Növbə bizimdir. Narahat olmasın, əgər müharibə olarsa, ondan öncə orada biz olacağıq. Əgər İlqar bəy irad tutmaq istəyirsə, birinci öz işlədiyi televiziyadan başlasın. Şəhid verdiyimiz günlərdə konsert verən telekanallara irad tutsun. Onlara söz deyə bilməyən şəxs, cəbhəyə gedib bu xalqa məlumat ötürməyə çalışan jurnalistlərə bir kəlimə də deyə bilməz. Buna haqqı çatmır".
Xatırladaq ki, İlqar Mikayıloğlu cəbhə xəttinə gedən jurnalistlər haqda bu sözləri demişdi: 
"İndiki müxbirciklərin böyük əksəriyyəti cəbhə xəttinə xəbər gətirmək üçün getməyib. Onlara elə gəlir ki, Çingiz Mustafayev, Vahid Mustafayev, Mirşahin Ağayev, Şakir Eminbəyli, Gündüz Bakılı, Asif Bağırov, Vaqif Dərgahlı, mayor Rahib ola biləcəklər. Bir sözlə qəhrəman olmaq istəyirlər. Onlara cəbhədə atışma oyun-oyuncaq gəlir. Çünki nə qulaqlarının dibində mina partlayıb, nə pulemyot onları palçığa sıxıb. Nə acından donmuş çörək yeməyiblər, nə səngərdə başlarının altına maqazin qoyub yatmayıblar. Nə də parçalanmış meyid daşımayıblar. Gedib kəndin yol işarəsinin altında şəkil çəkdirməkdi onların işi və qanmazlıqları ucbatından yalan xəbər yaymaq. Bir sözlə indikilərin böyük əksəriyyəti sırf özünü gözə soxub qəhrəman olmaq istəyir".
OXŞAR XƏBƏRLƏR