Əhəd Abıyev: 'Mənim Masallıdakı hər hansı aksiya ilə heç bir əlaqəm yoxdur'

Əhəd Abıyev:
Bütün Xəbərlər
14:33 31.03.2012
1702

“Masallını qarışdıran adam uzunmüddətdir ki, rayonda böyük vəzifədədir, pensiyaya getmək yaşı çoxdan çatıb, hələ xeyli əvvəl getməli idi. Lakin nədənsə qaldı. O adam həddən artıq varlanıb”

Masallıda icra başçısı Qəzənfər Ağayevin zülmünə etiraz olaraq onun istefası tələbi ilə başlanan ölüm aclığı davam edir. Rayonda böyük əks-sədaya səbəb olan aclıq aksiyasına qoşulanların sayının getdikcə artdığı barədə məlumatlar yayılıb. Masallıdan gələn xəbərlərdə rayonda üsyan həddində olan gərginliyin müşahidə edildiyi də bildirilir. İctimai Palatanın Masallı şöbəsinin də aclıq aksiyası keçirən sakinlərə dəstək verdiyi deyilir. Rayon icra hakimiyyəti (RİH) isə aksiyaçılara təzyiq göstərir. Bu barədə “Yeni Müsavat”a aksiya iştirakçılarından biri - Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayev məlumat verib. Bu arada bir sıra qəzetlərdə Masallıda keçirilən aksiyanın və gərginliyin arxasında bu rayonun keçmiş deputatı, Daşkəsənin indiki RİH başçısı Əhəd Abıyevin dayandığı barədə iddialar dərc olunub. Gunxeber.com saytında isə Q.Ağayevin Ə.Abıyevin rayonu üsyana hazırladığı barədə Bakıya şikayət göndərdiyi haqda məlumat yayılıb. Sayt yazır ki, Bakıda yüksək vəzifədə oturan iki güclü məmurun çəkişməsi, eləcə də Masallının əslən Naxçıvandan olan icra başçısı Q.Ağayevlə Daşkəsənin əslən Masallıdan olan icra başçısı Ə.Abıyevin tarixi bir neçə il əvvələ gedib çıxan savaşı bu rayonda böyük təlatümlərə və proqnozlaşdırılmayan hadisələrə səbəb ola bilər: “Bu, son bir ildə Masallı Ziyalılar Birliyi tərəfindən təşkil olunan ikinci aclıq aksiyasıdır. Ümumilikdə isə Masallıda gərginlik hələ Əhəd Abıyev bu rayondan deputat olduğu vaxtlardan davam edir. Q.Ağayevlə onun arasındakı gərginlik demək olar ki, bütün rayona yayılıb və ciddi problemə çevrilib. Hazırda Masallıdakı gərginlik Q.Ağayevin xeyrinə deyil və o, proseslərin daha qarşısıalınmaz mərhələyə keçəcəyindən narahatdır. Buna görə də Prezident Administrasiyasına Masallıdakı bütün oyunların və narazılıqların arxasında Ə.Abıyevin durduğu, baş verəcək istənilən xoşagəlməz hadisəyə görə məhz onun məsuliyyət daşıyacağı barədə məlumat verib. Q.Ağayev həmçinin bildirib ki, Ə.Abıyev ciddi şəkildə cəzalandırılmasa və etirazçı sosial bazasını sakitləşdirməsə, hakimiyyət Masallıdan ikinci Quba zərbəsi ala bilər”. Sayt daha sonra qeyd edir ki, Masallıdakı vəziyyət hazırda hakimiyyətin ən yuxarı qatlarında müzakirə olunur və orada proseslərin normal məcraya yönləndirilməsinin yolları axtarılır. Masallıdakı aclıq aksiyasında onun əlinin olduğu barədə yayılan iddialara münasibət bildirməsi üçün dünən Əhəd Abıyevlə əlaqə saxladıq. İcra başçısı öncə “bu cür əsassız, böhtan xarakterli yazılara cavab vermək istəmirəm” desə də təkidlərimizdən sonra danışdı və ilginc açıqlamalar verdi. Ə. Abıyev Masallıdakı aksiya ilə, ümumiyyətlə, rayonda baş verən proseslərlə heç bir əlaqəsi olmadığını bildirdi: “Ölkəmizdə inkişaf, quruculuq işləri gedir. Mən də rəhbərlik etdiyim Daşkəsən rayonunda öz vəzifə borcumu yerinə yetirirəm. Masallıda baş verənlərlə bağlı mənim barəmdə əsassız, böhtan xarakterli şayiələr yayılır. Müəyyən qüvvələr bu şayiələri qəsdən, Masallıda baş verənlərdən öz izlərini yayındırmaq üçün yayır. Şər-böhtanla məşğul olduqları üçün Allah onları cəzalandırsın. İnanın ki, mənim Masallıdakı hər hansı aksiya ilə heç bir əlaqəm yoxdur. Mənim Masallının icra başısı ilə münasibətlərim normaldır, telefonla danışırıq, isti münasibətlərimiz var. Mən özüm əlimdən nə kömək gəlirsə, bir həmkar kimi edirəm. Aramızda qarşılıqlı hörmət var, amma kimlərsə qarşıdurmada maraqlıdır. Kimlərsə aclıq aksiyası keçirirsə, bəzi adamların məqsədi bu işdə mənim adımı hallandırmaqla mənimlə düşmənçiliklərini sürdürmək və diqqəti özlərindən yayındırmaqdır. Bu şayiəni yayanlar, sifarişlə “Gündəm xəbər” kimi qəzetlərdə, saytlarda dərc etdirənlər cinayətkar şəbəkədir. O qəzeti barəmdə bu cür böhtanlar yazdığına görə məhkəməyə versəm, onları dərhal həbs edərlər. Çünki heç bir fakta söykənmədən həyasızcasına yazırlar. Utanmırlar, bu qədər, abırsızlıq, həyasızlıq olar? Rayonda bütün gərginlik, özbaşınalıq və cinayətlərin arxasında həmin cinayətkar şəbəkə dayanır. Masallı əhalisi də bilir ki, rayonda gərginliyin yaranmasında kimlər maraqlıdır. Bütün Masallı camaatı bilir ki, bu işdə mənim heç bir rolum yoxdur. Mən həmişə Masallıda əmin-amanlığın olmasına, əhalinin firavan yaşamasına kömək etməyə çalışmışam. Nəinki cənub bölgəsində, bütün Azərbaycanda buna çalışmışam, bu gün də çalışıram. Hazırda “Yeni Daşkəsən” layihəsinin həyata keçirilməsi istiqamətində gecə-gündüz işləyirəm. Bu layihə o qədər nəhəng layihədir ki, bunu reallaşdırmaq, gecə-gündüz işləmək tələb edir”. Ə. Abıyev hüquq-mühafizə orqanlarının Masallıda süni gərginlik yaradanların kimliyinin araşdırmasının vacibliyini vurğuladı: “O zaman həmin cinayətkar şəbəkə ifşa olunacaq və Masallını onların qarışdırdığı isbat olunacaq. Çox təəssüf ki, müəyyən mənada qərəzçilikdən çaşqınlıq yaradır. Bu yol verilməzdir. Ciddi araşdırılma aparılmalıdır və vəziyyətə doğru-düzgün hüquqi qiymət verilməlidir. Araşdırılmalıdır ki, bu ziddiyəti, qarşıdurmanı kim yaradır. Kimdir ölkədə sabitliyi pozan? Kimdir nankorluq edən, çaşan? Heç kim çaşmamalıdır. Heç kim öz cinayətkar əməllərini başqalarının üzərinə yükləməməlidir. Günahsız yerə heç kimi cəzalandırmamalıdır. Kimlərsə də öz cinayətkar əməllərini ört-basdır etmək üçün Masallıda gərginlik yaratmaq istəyirsə, əminəm ki, buna nail ola bilməyəcəklər. Masallı camaatı müdrik, qeyrətli camaatdır. Onlar həmin cinayətkar şəbəkənin fitnələrinə heç vaxt uymayıblar və uymayacaqlar da. Masallı camaatı həmişə dövlətçiliyə sadiqdir və prezidentimizi dəstəkləyir. Azərbaycanın bütün bölgələrinə prezidentimizin qayğısı var. Bunu hər kəs hiss edir. Daşkəsəndən Bakıya gələndə Gəncəni görəndə adamın ürəyi açılır. Gəncə tikinti meydanına çevrilib. Gəncə böyük inkişaf yolundadır. Təəssüf ki, ara qarışdırmaq istəyənlər buna da ləkə yaxmağa çalışır”. Ə Abıyev bildirdi ki, Masallıdakı proseslərdə müxalifətin rolu yoxdur: “ Burda müxlifətlik iş yoxdur. Çünki Masallıda, cənub bölgəsində müxalifətin gücü yoxdur”. Icra başçısı sonda onu da dedi ki, Masallının qarışdırmağa çalışan şəxsin kimliyini bilir: “ O adam uzunmüddətdir Masallıda böyük vəzifədədir, pensiyaya getmək yaşı çoxdan çatıb, hələ xeyli əvvəl getməli idi. Lakin nədənsə qaldı. O adam həddən artıq varlanıb. Qanunsuz yollarla, qaranlıq əməllərlə milyonlaırn sahibi olub. Masallının bütün icra başçılarına müxtəlif oyunlar quraraq özündən asılı vəziyyətə salır. Bundan sonra istəyini edib və edir. Həmin şəxs cinayətkar şəbəkə ilə İranda müəyyən qüvvələrlə əlaqəlidir. Nəinki Masallının bütün cənub regionunu qarışdıran odur. Mən onun əməlləri, hansı işlərin sahibi olduğu barədə onun rəsmi tabe olduğu nazirə də demişəm. Nazir özü də o adamı işdən götürmək istəyir. Amma çətinlik çəkir. O şəxs icra hakimiyyətində işləmir, ancaq icra hakimiyyətinin işlərini də nəzartə altında saxlayır. Onun gizli şəkildə müəyyən müxalifətçilərlə də əlaqəsi var. Keçmiş OMON-çu Elçin Əmiraslanovun qohumudur. Onun rayonda yeganə qorxduğu adam mən olmuşam. Barəmdə şayiələri də o yayır və yazdırır. Mən bunları ölkəmizdə sabitlik naminə açıqlayıram. Prezident Aparatı səviyyəsində o adam barədə tədbir görülməlidir. Belə siyasi oyunbazlıqdan, həyasızlıqdan qurtulmaq lazımdır. Musavat.com

OXŞAR XƏBƏRLƏR