Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR

Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
SOSİAL
17:05 07.10.2026
82
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Türkmənistanın Avaza şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

AZXEBER.COM xəbər verir ki, tədbir Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası və Türkmənistan Məclisinin təşkilatçılığı ilə "Səhiyyə xidmətlərinin hamı üçün əlçatanlığı və dayanıqlı inkişaf məqsədləri” mövzusunda keçirilir.

Konfrans Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində və MDB-də Səhiyyənin Mühafizəsi İli münasibətilə "Razılaşdırılmış siyasət və milli strategiyalar” devizi altında təşkil olunub.

Konfransın açılış mərasimində çıxış edən Əhliman Əmiraslanov Azərbaycanda səhiyyə sisteminin dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.

O, həmçinin tibbi təhsilin və beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı görülən işlərdən danışıb.

Komitə sədri səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsində ilkin səhiyyə xidmətləri, profilaktika, erkən diaqnostika və əhali arasında sağlam həyat tərzinin formalaşdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxış zamanı səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin roluna da diqqət çəkilib.

Əhliman Əmiraslanov Azərbaycanın beynəlxalq və parlamentlərarası əməkdaşlığın davam etdirilməsində və dayanıqlı səhiyyə sistemlərinin gücləndirilməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, konfransın səhiyyə sistemlərinin inkişafı məsələləri üzrə MDB məkanında əsas parlament və ekspert platformalarından birinə çevrilməsi nəzərdə tutulur.

Tədbir həmçinin 2027-ci ilin sentyabrında BMT Baş Assambleyasının səhiyyə xidmətlərinin ümumi əlçatanlığına dair yüksək səviyyəli iclasına hazırlıq baxımından regional məsləhətləşmələr və siyasətin razılaşdırılması platforması kimi qiymətləndirilir.

Əhliman Əmiraslanovun Türkmənistana səfəri oktyabrın 9-da başa çatacaq.

 

 

 


OXŞAR XƏBƏRLƏR