Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir

Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
MEDİA
11:50 08.07.2025
250
Azərbaycanın sürətli inkişafı, genişlənən quruculuq prosesi, dünyada lider mövqeyinin güclənməsi öz növbəsində media gündəmini də zənginləşdirir.

Bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bununla həm də media öz işini ölkənin dinamik inkişaf tempinə uyğun qurmağa sövq edir.

Əhməd İsmayılov qeyd edib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir:

"Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında göstərildiyi kimi Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən "Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir”.

Onun sözlərinə görə, vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib.

"Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırıb. Ümummilli Lider Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri bu böyük şəxsiyyəti həmişə qədirbilənliklə anacaqlar", - o qeyd edib.

Qeyd edək ki, hazırda Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir.
 
///apa
OXŞAR XƏBƏRLƏR