Ehtiraslı günləri unutmayıb, bu günü unudanlar

Ehtiraslı günləri unutmayıb, bu günü unudanlar
Bütün Xəbərlər
14:03 17.11.2013
2807

Əfsələddin Ağalarov

Həyatın insan üzərində ən böyük zəfəri ondadır ki, bizlər yaddaşımızda ən çox əhəmiyyətsiz şeyləri saxlayırıq. Daha çox əhəmiyyət kəsb edən məlumatlar insan beynində izi-tozu qalmadan silinir. Yəni insan, valideynlərinin ona verdiyi nəsihətlərdən tutmuş, övladının ilk gülüşünə kimi müəyyən müddət beyninə həkk olunan mənəvi dayaqları güclü olan informasiyaları bir göz qırpımında yaddan çıxarır. Yaddaşın geridə qalanı isə mənəvi keyfiyyətlərdən uzaq olan informasiyalarla dolub-daşmağa başlayır.

Məsələn, elə insanlar olur ki, küçədə arxasınca baxıb söz atdığı qadını illər sonra görsə, ilk elədiyi hərəkətin gününü və anını yadına salır. Hətta ilk dəfə sevdiyi qıza sevgi etirafı etdiyi anı deyil, onu ilk öpdüyü ehtiraslı anı xatırlayar. İnsan dostunun ona ehtiyacı olduğu günü deyil, onun dostuna ehtiyacı olduğu günü unutmaz. Və əgər dostu bu ehtiyacı ödəməyibsə, kin dalğası beyninin içini zəbt edər və unudulmaz nifrət getdikcə böyüməyə başlayar.

Yəni yüzlərlə, minlərlə nümunə insanın mənəviyyatsızlığa olan marağını faş etməyə yetər.

Siseron bunu bircə cümlə ilə izah edib: “Elə bir qoca yoxdur ki, gizlətdiyi xəzinənin yerini unutsun”.

Bəli, bu yararsız, günahlarla dolu, amma yaddaşımızın böyük hissəsini təşkil edənlər bizim xəzinəmizdir.

Hətta insan yaddaşı ona ahıl çağında xəyanət etməyə başlasa belə, yenə də insani maraqlar ona xəzinənin yerini unutmağa imkan verməz. Hər vəchlə insan onu xatırlayar və onu əldə etdiyi zaman sərf elədiyi haqsızlıqları, rüşvət hesabına haram yolla yığdığı pulların sayını da, rəngini də unutmaz.

Ələlxüsus, unutqanlıq xəstəliyi bizim bədənimizi elə sarıb ki, hər dəfəsində xalq olaraq daha çox mənəvi kökləri möhkəm olan məlumatları unutmağa başlayırıq. Sanki canımıza düşən bu üşütməni özümüzdən rədd eləməyə gücümüz çatmır.

Bu gün onlarla mətbu orqan Milli Dirçəliş gününü unutdurmamaq üçün bu informasiyanı “manşet” xəbəri edir. Ona görə yox ki, illər öncə baş verən hadisə günün əsas prioritet hadisəsidir. Ona görə ki, minlərlə insan hələ də bu günün nə demək olduğunu və hansı mənəvi gücü özündə daşıdığını anlamır.

Beyinlərimizin içindəki qara qurdlar bizim xatirimizdə yarıçılpaq müğənniləri və onlara havadarlıq edən məmurların yığdığı var-dövləti saxladır. Yəni istəsək, biz Milli Dirçəliş gününün mahiyyətini unutmaya bilərik. Bizim əlimizdən bunu heç kəs almır. Amma çifayda.

Unutmamaq üçün “Qan Yaddaşı” kəlməsini dilimizə dəvət etdik. Bütün kitabların, dəftərlərin, xəritələrin və daha nələrin dalına-qabağına “Qan Yaddaşı”nı həkk etdik. Unutmamaq və unutdurmamaq üçün. Ancaq yaddaş xəyanətləri və ehtirasla dolu öpüşləri daha çox beyinlərimizdə girov saxlayır.

Bəlkə də, “Qan Yaddaşı”mızın mənəvi tərəflərini insanlara yetərincə aşılaya bilməmişik. Bəlkə də...

OXŞAR XƏBƏRLƏR