Ehtiyat namizəd məsələsi Milli Şuranın iflasını daha da sürətləndirəcək

SİYASƏT
14:30 05.08.2013
1474
Müsavat təmsilçiləri İsa Qəmbərin “Milli Şuranın ehtiyat namizədi seçilməlidir” təklifini tənqid edənlərlə razılaşmırlar.

Milli Şuranın üzvü Eldəniz Quliyev “Azadliq” qəzetinə müsahibəsində İsa Qəmbərin qurumun prezident seçkilərində ehtiyat namizədinin müəyyənləşməsi haqda təkilifini “ətraflı düşünülməmiş, ölçülüb-bişilməmiş təklif” adlandırıb. Bu iddialar barədə danışan Müsavat İcra Aparatanın rəhbəri Arif Hacılı partiyanın başqanı İ.Qəmbərin həmin təklifinin reallığa və Milli Şuranın mahiyyətinə uyğun olduğunu deyib:“Müsavat partiyasını indiyə kimi bir çox məsələlərdə ittiham etmişdilər. Amma ilk dəfədir ki, bizi ətraflı düşünülməmiş, ölçülüb-biçilməmiş təklif irəli sürməkdə günahlandırırlar.Mən təbii ki, bununla razı deyiləm. Hesab edirəm ki, İsa Qəmbərin irəli sürdüyü təklif mövcud reallığa və Milli Şuranın mahiyyətinə tam uyğundur”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isəmüxalifət düşərgəsinin öz daxilində prezidentliyə vahid namizəd müəyyənləşdirə bilməməsini təəssüfləndirici məqam hesab edir. Onun fikrincə, bu problem daha çox müxalifət daxilində problemlərin həllinə yanaşmada siyasi mədəniyyətin inkişaf etməməsilə bağlıdır: “Əlbəttə, müxalifət daxilində belə bir problemin mövcud olması üzücü məqamdır. Bu problem ilk növbədə siyasi liderlərin iddiaları ilə birbaşa bağlıdır. Eyni zamanda, hələ siyasi mədəniyyət də o səviyyədə inkişaf etməyib ki, siyasətçilər cərəyan edən proseslərin taleyüklü mərhələsində öz aralarında qələbəyə ən şanslı siyasi liderin vahid namizədliyini qəbul edə bilsinlər. Digər tərəfdən, bu məsələnin normal şəkildə həll edilməsinə siyasi liderlərin ən yaxın ətrafındakı şəxslər də əngəl törədirlər. Belə məsələlərin müzakirəsində onların yaxın ətrafındakıların mövqeyi də əhəmiyyətli səviyyədə rol oynayır. Siyasi liderlərin yaxın ətrafında olanlar hesab edirlər ki, digər partiyanın rəhbəri vahid namizəd olarsa, bu, onların təşkilatlarının qarşı tərəfdən geridə qalması kimi anlaşıla və aşağılanmış vəziyyətə düşə bilər. Əslində elə bu da yenə siyasi mədəniyyətlə bağlı məsələdir”.
Fuad Qəhrəmanlı hesab edir ki, müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi üçün uyğun mexanizmlərin işlənib hazırlanması analoji situasiyalardan ən yaxşı çıxış yolu ola bilər: “Belə razılaşmalar üçün uyğun mexanizmlər tapmaq lazımdır. Üzərinə müxalifət düşərgəsini qələbəyə aparmaq öhdəliyini götürmüş vahid namizədin müəyyənləşdirilməsi üçün ən yaxşı yol ilkin seçkilərin keçirilməsidir. Ancaq bu dəfə ilkin seçki və digər bu kimi vasitələrdən yararlanmaq üçün yetərincə zaman olmadı. Eyni zamanda, Rüstəm İbrahimbəyovun vahid namizədliyinin üzərində dayanması ilə cəmiyyətə siyasi liderlərin öz iddialarından geri addım ataraq, yalnız ölkədə siyasi dəyişiklikləri hədəflədikləriylə bağlı mesaj verildi. Çünki Rüstəm İbrahimbəyovun heç bir siyasi iddiası yoxdur. Cəmiyyət də belə bir mesajı çoxdan gözləyirdi. Yəni bitərəf vahid namizədin gündəmə gətirilməsi yalnız siyasi liderlər arasındakı anlaşılmazlıqlarla bağlı deyildi. Bu, ilk növbədə cəmiyyətin ölkədə siyasi dəyişikliklər hədəfi üzərində fəallaşdırılması məqsədi güdürdü”.
Görünən odur ki, ehtiyat namizəd məsələsi Milli Şuranın iflasını daha da sürətləndirəcək. "Azərbaycan" qəzetinin iddiasına görə isə, İsa Qəmbər imza vərəqələri üçün Mərkəzi Seçki Komissiyasına Rüstəm İbrahimbəyovdan əvvəl müraciət edəcək. Bax, əsl "müharibə" onda başlayacaq. "Milli Şura"nın dağılma, parçalanma prosesi sürətlənəcək və AXCP-Müsavat qarşıdurması qoca kinorejissorun böyük ümidlərlə yaratdığı qurumu tarixin arxivinə göndərəcək.
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR