“Söyüşə qiymət vermək isə, normal bir şey deyil”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Fikrət Qoca Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstərilməsinə münasibət bildirərkən belə deyib.
F.Qoca Əkrəm Əylislinin “Daş yuxuları” əsərinin başdan-ayağa söyüşdən ibarət olduğunu söyləyib:
“Mən belə bilirəm ki, bədii əsərə onun keyfiyyətinə görə qiymət verərlər. Amma bu əsər başdan ayağa söyüşdür. Söyüşə qiymət vermək isə, normal bir şey deyil. Əkrəm Əylislinin Nobel sülh mükafatına namizəd göstərilməsi bədii ədəbiyyata verilən qiymət deyil. Burada siyasi məsələlər daha çox qabarıq görsənir”.
Qeyd edək ki, dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.
Müraciəti 13 nəfər imzalayıb. Onların arasındakı Həsən Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Hüseynovun oğludur.
Əfsələddin Ağalarov