Dünən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə rəsmi xəbərdarlıq edib.
AZXEBER.COM-un məlumatına görə, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlovun mediaya verdiyi xəbərə görə, H.Hacıyev bunun üçün Nazirliyə dəvət edilib.
Nazirliyin rəsmiləri ona izah ediblər ki, yazıçı Əkrəm Əylislinin qulağını kəsmək üçün edilən çağırışlar cinayət törətməyə çağırış kimi dəyərləndirilə bilər və Azərbaycan Respublikasının qanunları belə bir cinayət üçün ciddi cəza nəzərdə tutur.
Özünün sıradışı əməlləri və çağırışları ilə fərqlənən H.Hacıyev Azərbaycana qarşı birtərəfli mövqe tutduğuna görə, “Daş yuxular” romanının müəllifi Əkrəm Əylislinin qulağını kəsəcək şəxsə ötən həftə 10 min manat (12700 USD) mükafat vəd etmişdi.
Bakıda yerləşən ifadə azadlığı təşkilatı olan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər HəsrətDaxili İşlər Nazirliyinin bu əməlini bəyəndiklərini deyərək qeyd edib ki, “hüquq dövləti elə belə də etməlidir”.
“Biz inanırıq ki, Azərbaycan dövləti bizim təşkilatın da mövqeyini paylaşmadığı yazıçının təhlükəsizliyini təmin etmək üçün gərəkli addımları atacaq. Onun “Daş yuxular” adlı romanı bir tərəfli olsa da yazıçı H.Hacıyev kimi şəxslər tərəfindən təhdid edilməməlidir”, – deyə Azər Həsrət bildirib.