"Eks-prezidentlərin statusu haqda" qanun kimlərə şamil olunacaq?

"Eks-prezidentlərin statusu haqda" qanun kimlərə şamil olunacaq?
Bütün Xəbərlər
00:38 17.11.2011
1829

Uzun müzakirələrdən sonra qəbul olunmuş “Eks-prezidentlərin statusu haqda” qanun layihəsi ictimaiyyət arasında müsbət qarşılanıb. Elə bu addım həmin qanunun şamil olunduğu keçmiş prezidentlərin ailə üzvləri və yaxınları tərəfindən də alqışlanıb. Lakin sənəddə vaxtı ilə respublikaya rəhbərlik etmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutan bəndin yer alması fikir ayrılıqlarına yol açıb. Belə ki, bu qanundan faydalanıb Azərbaycan dövlətinə qarşı iddia qaldırıla biləcəyini düşünənlər də var. “Eks-prezidentlər və onların ailə üzvlərinin statusu haqqında” qanuna əsasən keçmiş dövlət başçıları etdikləri hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Millət vəkili Fazil Mustafanın sözlərinə görə, cinayət işi qaldırılması, cinayət məsuliyyətinə cəlb olunması hələ təqsirsizlik prezumsiyasına uyğun olaraq şəxsin nədəsə ittiham olunmasına əsas vermir: “Ona görə də bu müddəa Ayaz Mütəllibova da şamil olunur. Çünki haqqında hər hansı bir şəkildə hökm yoxdur və qərar olmadığı müddətdə də o da bundan yararlanacaq”. Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə kimliyindən asılı olmayaraq dövlət başçısı olmuş hər bir şəxsə hörmətlə yanaşmağın vacib olduğunu deyir. Onun sözlərinə görə, prezidentin yaxşı, bacarıqlı və ya bacarıqsız prezident olmasınının qiymətini tarix verəcək: “Bu gün isə biz bütün prezidentlərə hörmət etməliyik. Çünki biz öz prezidentimizə hörmət etmiriksə, sovet dövrünün ənənələri ilə gediriksə, hər gələn özündən öncəkini pisləyirsə, bu bizim Azərbaycana nüfuz gətirməz”. “Eks-prezidentlər və onların ailə üzvlərinin statusu haqqında” qanunun əleyhinə olanlar da var. Məsələn millət vəkili Zahid Oruc hesab edir ki, bu qanunun qüvvəyə minməsindən sonra Mütəllibovun hüququ var ki, Azərbaycanı məcburi tərk etdiyi üçün dövlətə qarşı iddia qaldırsın və təzminat almaq üçün bu qanundan faydalansın. Eks- prezidentlərdən biri, hazırda dünyasını dəyişmiş Əbülfəz Elçibəyin ailə üzvləri isə bu qanunun bir qədər gecikdiyini deyir. Əbülfəz Elçibəyin ailə üzvü Aqil Səmədbəylinin sözlərinə görə, Azərbaycanda belə bir qanun boşluğu var: “Uzun müddətdir bu boşluq davam edirdi. Nəhayət ki, bu boşluq dolduruldu və çoxsaylı problemlərdən biri həll olundu”. Qanunda eks-prezidentə verilən aylıq müavinətin məbləği də təsdiqlənib. Bu, fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşının 50 faizi qədərdir ki, bu da təxminən 7 500 - 8 000 manata yaxın məbləğ edir. Bundan başqa, keçmiş prezidentlər üçün 3 nəfər təhlükəsizlik heyəti, bir sürücü, bir xidməti avtomobilin verilməsi, keçmiş prezident və onun həyat yoldaşına ömürlük diplomatik pasportun verilməsi də nəzərdə tutulur. Siyasi müşahidəçilər bu qanunun qəbulunun Azərbaycanın siyasi mühitində irəliləyişə gətirib çıxaracağını düşünür. Qeyd edək ki, “Eks-prezidentlər və onların ailə üzvlərinin statusu haqqında” qanun hər üç keçmiş prezidentə - Heydər Əliyev, Əbülfəz Elçibəy və Ayaz Mütəllibova şamil olunur.

OXŞAR XƏBƏRLƏR