Azərbaycanda son illər gənclərin məşğulluq problemi, xüsusilə də gənclərin iş tapmaqda çətinlik çəkməsi ciddi sosial məsələlərdən birinə çevrilib. İşsizlik səbəbindən bir çox gənc ölkəni tərk edərək xaricə üz tutur. Bu vəziyyətin isə ailə qurmaq istəyənlərin sayına da mənfi təsir göstərdiyi vurğulanır.
Mövzu bu gün Milli Məclisdə də gündəmə gətirilib. Deputat Qüdrət Həsənquliyev çıxışı zamanı bildirib ki, köklü iqtisadi islahatlar və ciddi sosial proqramlar həyata keçirilmədən bu problemlərin həlli mümkün deyil. Deputat həmçinin selektiv abort məsələsinə də toxunaraq, ailələrin niyə övladlarından imtina etdiyinin araşdırılmasının vacibliyini qeyd edib.
Sosioloq Naib Niftəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, ailələrin uşaqlardan imtina etməsi, yəni aborta üz tutmaları çox vaxt maddi vəziyyət ilə bağlı olur:

"Hazırda gənclərin məşğulluğu, işsizlik və gəlirlə bağlı məsələlər Azərbaycan cəmiyyətində kifayət qədər ciddi problemlərdən biridir. Eyni zamanda gənclərin gələcək təminatı və sosial rifah səviyyəsinin zəif göstəricilərindən biri kimi xarakterizə olunur. Ailələrin uşaqlardan imtina etməsi çox vaxt maddi vəziyyəti və sosial durumla bağlı olur. İnsanların böyük əksəriyyəti maddi imkanlarının məhdud olması səbəbindən ciddi çətinliklərlə qarşılaşır. Müasir insanlar artıq 2 uşaqdan artıq uşaq dünyaya gətirmək istəmirlər”.
Ekspert deyib ki, hazırda əhalinin 7-8 faizi müxtəlif yoxsulluq səviyyəsindədir:
"Azərbaycan cəmiyyətində uşağın gələcəyi, sosial rifahı hər zaman diqqət mərkəzində olan məsələdir. Hazırda əhalinin 7-8 faizi müxtəlif yoxsulluq, bəzi hissəsi isə nisbi yoxsulluq halındadır. Bu isə sosial problemlərin dərinləşməsinə gətirib çıxarır. Deputatın yanaşması da əsasən məşğulluq və gələcək karyera problemləri ilə bağlıdır. İnsanların iş tapması da problemin həll olunması demək deyil. İnsanlar normal əməkhaqqı ilə təmin olunmalıdırlar. Bu gün orta yaşayış səviyyəsini nəzərə alsaq, bir insanın normal şəkildə dolanması üçün aylıq gəliri ən azı 1500-2000 manat civarında olmalıdır. İnsan həm özünü, həm ailəsini, həm də gələcəyini təmin edə bilməlidir”.
Sosioloq bildirib ki, çoxuşaqlı ailə məsələsi də müəyyən maddi vəsait tələb edir:
"Əlavə məsuliyyətlər və xüsusilə çoxuşaqlı ailə məsələsi də müəyyən maddi vəsait tələb edir. Bəzi ailələr isə hesab edir ki, az sayda övlad olduqda onların təhsili, tərbiyəsi və gələcəyi üçün daha yaxşı imkan yaratmaq mümkündür. Əgər insanların normal maaşlı işlə təminatı olsa, sosial problemlərin müəyyən hissəsi aradan qalxa bilər. Ailədə hər iki tərəf çalışdığı halda uşaqların daha sağlam və təminatlı şəkildə böyüməsi mümkündür.
Lakin insanlar xarici ölkələrdəki yaşayış səviyyəsini gördükcə düşünürlər ki, başqa ölkələrdə qazanılan gəlirlə daha rahat yaşamaq mümkündür. Çünki Azərbaycanda gəlir imkanları hər kəs üçün geniş deyil və bu da nəticəyə ciddi təsir göstərən amillərdən biridir. Bu gün ailə münasibətləri və övladların gələcəyi ilə bağlı məsələlər rəsmi statistikadan daha geniş sosial məna daşıyır. Abort hallarının çox olması cəmiyyət üçün ciddi siqnaldır. Bu, həm psixoloji, həm də sosial problemlərin göstəricisi hesab olunur. Bunun qarşısını almaq üçün həm psixoloji maarifləndirmə aparılmalı, həm də ailələrin sosial rifahını gücləndirən dövlət proqramları hazırlanmalıdır. Bu məsələlər artıq kifayət qədər aktual və diqqətçəkən mövzular sırasındadır”.
Şahanə Ziyad











































