“Əl yandıran” ərzaq qiymətləri – “Səbəb sadədir, tədbir görülməsə...”

“Əl yandıran” ərzaq qiymətləri – “Səbəb sadədir, tədbir görülməsə...”
İQTİSADİYYAT
13:51 16.10.2025
236

İnsanlar bazarlarda və iri ticarət şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətinin artdığını bildirirlər. Satıcılar bu artımı əsasən idxal xərclərinin və logistika qiymətlərinin yüksəlməsi ilə əlaqələndirirlər.

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan ərzaq məhsulları ilə özünü tam təmin etməkdə çətinlik çəkir:

"Ərzaq qiymətlərinin bahalaşmasının əsas səbəbi ondan ibarətdir ki, biz özümüzü ərzaq məhsulları ilə tam təmin etməkdə çətinlik çəkirik. Hazırda ərzaq bazarında təxminən 25 faiz öz təminatımız hesabına qarşılanır, qalan hissə isə xaricdən idxal olunur. Xaricdən gətirilən məhsullar isə idxal inflyasiyasının təsirinə məruz qalır”.

İqtisadçı əlavə edib ki, topdansatış bazarlarında inhisarçılıq meyilləri də müşahidə edilir:

"Topdansatış bazarlarında müəyyən inhisarçılıq əlamətləri var. Pərakəndə bazar nisbətən sərbəst olsa da, ölkəyə məhsul gətirən şirkətlərin sayı azdır. Bu da onlara qiymətləri diqtə etmək imkanı verir”.

Ekspertin sözlərinə görə, qiymət artımına həmçinin vergi və gömrük rüsumları da təsir edir:

"Vergi və gömrük rüsumlarının yüksək olması qiymət artımına birbaşa təsir göstərir. Hazırda 18 faiz əlavə dəyər vergisi və 15 faiz gömrük rüsumu qiymətlərin formalaşmasına ciddi təsir edən amillərdəndir. Bununla yanaşı, mövsümi faktorlar da ərzaq məhsullarının bahalaşmasında rol oynayır”.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR