"Elə günlər olub ki, qəzetdə işıq üzü görən məqalələrimi alıb oxumağa pulum olmayıb"

GƏNCLİK
10:30 04.07.2011
2624
<
Müsahibim “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin üzvü, eyniadlı birlikdə fəaliyyət göstərən Uşaq və Gənclərlə iş şöbəsinin rəhbəri və Cəfər Mənsimidir.

- Özün haqqında oxucularımıza ətraflı məlumat verərdin…

17 yaşım var. 2000-2007-ci illərdə 236 saylı orta məktəbdə təhsil almışam. 2007-ci ildən təhsilimi Fizika Riyaziyyat və İnformatika təmayüllü liseydə davam etdirmişəm. Hazırda abituriyetəm. Məqsədimə çatacağıma inanıram. Daha böyük hədəflərim var.
Yaşca özümdən böyük insanlarla ünsiyyətdə olmağı çox sevirəm. Onlardan faydalı məsləhətlər alıram. Bu mənə həyatda düzgün mövqe tutmağa, düşdüyüm çətinliklərdən çıxış yolu tapmağa yardımçı olur. Çalışıram ki, qarşıma qoyduğum məqsədlərə çatım. Bunun üçün də özümə və gələcəyə inanıram. İndiyə kimi, dərslərimdə və ictimai işlərdə bir sıra uğurlar qazanmışam.

- Erkən uğurlar qazandığın üçün özünü kimlərəsə borclu hesab edirsənmi?
- Uğurlarıma görə valideynlərimə, müəllimlərim olan Arzu Soltan, Elman Cəfərli, Fariz Xəlilli və Ceyhun Nağıya minnətdaram. Ətrafımda çox dəyərli dostlarım var. Bunlara misal olaraq öz iş yoldaşlarımı misal göstərə bilərəm. Elmira Abbasova, Səbuhi Hüseynov, Rəşad İbrahimov, Şölə Bayramova, Toğrul Muxtarov,Vüsal Qaraqaşlı və s.

- Fəaliyyətin barədə başqa nə deyə bilərsən?
- 2009-cu ilin yanvar ayında Badamdar qəsəbəsində fəaliyyət göstərən N.Nərimanov adına Kütləvi kitabxanada “Asudə vaxt” qrupunu yaratmışam. Həmin ilin dekabrından isə, “Yeni İstedadlar” Uşaq və Gənclər təşkilatının sədri və təsisçisi olmuşam. Qeyd edim ki, təşkilat bir sıra yerli və xarici təşkilatlarla əməkdaşlıqda uşaq və gənclərin dünyagörüşünün inkişafı, istedadların üzə çıxarılması istiqamətində xeyli layihələr həyata keçirib. 2009-cu ildən bu günə kimi dövrü məbuatda tez-tez yazılarım dərc olunur. Hazırda, “Miras” İctimai Birliyinin İdarə Heyətnin üzvü və eyniadlı birliyin nəzdində fəaliyyət göstərən Uşaq və Gənclərlə iş şöbəsinin müdiriyəm.

-Təmsil etdiyin qurum haqqında danışardın. Hansı fəaliyyətlə məşğulsunuz?
- Bizim birlik mədəni irsin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin aparılmasına, milli və mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə kömək etmək, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına yardım etmək və yaddan çıxmış adət-ənənələrimizi öyrənmək və gənc nəsilə çatdırmaq məqsədi ilə yaradılıb. Birliyin nəzdində müxtəlif şöbələr fəaliyyət göstərir. Bunlardan biridə mənim rəhbərlik etdiyim Uşaq və Gənclərlə iş şöbəsidir. Şöbəmizin əsas məqsədi uşaq və gənclərin dünyagörüşünün hərtərəfli inkişafına, istedadlı gənclərə dəstək olmaq, onları axtarıb icatimaiyyətə təqdim etmək, təbiətə, ətraf mühitə müsbət münasibət yaratmaqdır. Eyni zamanda şöbə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına, onların mədəniyyət ocaqlarına, teatrlara, kitabxana və muzeylərə marağının artırılmasına onların gözü ilə bu sahədəki problemləri müəyyən etməyə, yaddan çıxmış adət-ənənələrimizin öyrənilməsinə və gənc nəsilə çatdırılmasına çalışır. Tez-tez tanınmış insanlarla görüşlər təşkil edir. İctimayyətin fəaliyyətimizlə tanış olması üçün həm Azərbaycan, həm də ingils dilində miras.org.az saytı istifadəyə verilib. Saytımız bu yaxınlarda rus dilində də istifadəyə veriləcək.

- Təşkilat olaraq hansı layihələri həyata keçirmisiniz?
- Qarşıya qoyduğu məqsədlərə çatmaq üçün müxtəlif layihələr, tədbirlər, seminarlar, müsabiqələr həyata keçiririk.Yeniyetmələr və gənclər arasında müxtəlif mövzuları əhatə edən sorğular həyata keçirir. Sorğuların keçirilməsinin məqsədi onların asudə vaxtlarının təşkili ilə bağlı hansı çatışmazlıqlarla qarşılaşdığını aşkara çıxarmaqdır. Uşaq və gənclərlə iş şöbəsi gələcəkdə keçirəcəyi tədbirlərdə bu sorğunun nəticələrini nəzərə alır. Rəhbərlik etdiyim şöbənin bu günə kimi bir sıra uğurlu layihələri olub. Misal olaraq, təhsil müəssisələri və mədəniyyət ocaqlarında keçirdiyi “Azərbaycan arxeologiyası məktəblilərin gözü” ilə seminarlarını və “Azərbaycanın son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” silsilə tanıtım seminarlarını, “Tanıyaq, tanıtdıraq” və “Uşaqlar və biz” xeyriyyə layihəsini misal göstərmək istərdim. İctimai Birliyimiz təkcə tədbirlər həyata keçirməklə kifayətlənmir. Bu günə kimi müxtəlif kataloqlar, kitablar nəşr edibdir. Hazırda “Tanıyaq, tanıtdıraq” və “Uşaqlar və biz” xeyriyyə layihəmiz davam edir. Bir neçə həftədən sonra respublika ictimaiyyəti birliyimiz tərəfindən hazırlanan MİRAS jurnalı ilə tanış ola biləcək.

- Həm də dövrü mətbuatda yazıların dərc olunur. Yazmaq hansı istəkdən yaranır?
- Kiçik yaşlarımdan jurnalist olmaq arzusu ilə yaşamışam. Məktədə təhsil aldığım müddət ərzində tarix fənninə böyük həvəsim olub. Təvazökarlıqdan uzaq olsa da söyləyim ki, bu fənfən hər zaman qiymətlərim beş olub. Məktəbdə tarix fənnindən əlaçı vardırsa, onlardan biri də mən idim... (gülür). Amma Azərbaycan dili dərsindən müəllim evə inşalar tapşırardı. Ən zəif cəhətim bəlkə də, o idi ki heç vaxt yaxşı inşa yaza bilmirdim. İnşa yazmaq üçün inşa kitablarından, internet saytlarından istifadə edər, qonşularımızdan kömək istəyərdim. Elə olurdu ki, əlacsız qalanda isə özüm oturub yazmağa məcbur olurdum... Amma çox istəyirdim ki, jurnalist olum. Evdə də valideynlərim həmişə buna görə məni qınayırdılar ki, ay bala bir inşanı düz əməlli yazıb qurtara bilmirsən amma jurnalist olmaq istəyirsən. Həmişə deyirlər ki, bu fikiri başından çıxar. Mən isə bu fikirimdə çox israrlıyam. Yeri gəlmişkən söyləyim ki, həyatda çox inadkar birisiyəm...
Bir gün məhlə yoldaşlarımdan biri yaxınlaşıb, qəsəbədəki kitabxanada fəaliyyət göstərən jurnalistika kursuna getdiyini söylədi. Sanki, bu xəbəri çoxdan gözləyirmiş kimi, evdəkilərin xəbəri olmadan, məndən onunla getməyə qərar verdim. Jurnalistika kursuna rəhbərlik edən, həmin kitabxananın direktoru Arzu Soltan idi. İndi bu kursu həyatımın ən uğurlu başlancığı hesab edirəm. O vaxt 13-14 yaşım var idi, IX sinifdə oxuyurdum. İlk günlərdən kursa uşaqların böyük həvəsi var idi. Amma sonradan kursun müəyyən səbəblərə görə fəaliyyəti dayandırıldı. Amma mən yenə də Arzu Soltanla əlaqəni kəsmədim. Bir müddət sonra həmin kitabxananın nəzdində “Yeni İstedadlar” Uşaq və Gəcnlər təşkilatını yaratmaq qərarına gəldim. Bu təşkilatın həm təsisçisi oldum, həm də rəhbəri. Təşkilatımız həm qəsəbə sakinlərinin, həm də digər insanların marağına səbəb oldu. Bəlkə də, bu Azərbaycanda ilk təşkilat idi ki, kitabxananın nəzdində fəaliyyət göstərirdi. Getdikcə üzvlərimizin sayı artdı, yeni-yeni tədbirlər, layihələr həyata keçirməyə başladıq. Gördüyümüz işlərin insanların nəzərinə çatdırmaqdan ötrü mətbuat ilə səx əməkdaşlıq lazım idi. Beləcə qəzetlərlə əməkdaşlığım başladı.Bu gün də yazdığım məqalələrlə, müsahibələrlə bir sıra qəzetlərdə çıxış edirəm. Hazırda “Həftə içi” qəzetinin əməkdaşıyam. Valideynlərim jurnalist olmağıma qarşı çıxırlar. Amma buna baxmayaraq mən israrlı olduğum üçün yenə də yazıram. Elə günlər olub ki, qəzetdə işıq üzü görən məqalələrimi alıb oxumağa pulum olmayıb. Köşkə yaxınlaşıb, orada oxuyub getmişəm. Amma indi, hər şey qaydasındadır. Özümü çox xoşbəxt hiss edirəm. Valideynlərim bu sahə ilə məşğul olmağıma qarşı çıxsalar da, hiss edirəm ki, onlar mənim bu uğuruma ürəklərində məndən də çox sevinirlər... (gülür)

- Mütaliə edirsənmi? Oxuduğun və təsirləndiyin yazıçılar varmı?
- Əlbəttə! Düşünürəm ki, bu günə qədər oxuduğum kitabların adlarını çəksəm qəzetdə yer qalmaz. (gülür). Hazırda abituriyent olduğum üçün daha çox məktəb dərslərinə üstünlük verirəm. Amma gündəlik qəzet oxuyuram. Elə aylıq maaşımın yarsına qəzet alıram. Sonra da harasa getmək lazım olanda, ya birindən borc almağa, ya da gedəcəyim yolu piyada getməyə məcbur oluram.Hər gün evimizin yanında fəaliyyət göstərən kitabxanaya baş çəkirəm. Kitabxananın gündəlik, ən fəal oxucularından biriyəm. Bir gün bura gəlməyib, qəzet və ya kitab oxumasam özümü xəstə kimi hiss edirəm.Fürsətdən istifadə edib yaşıdlarıma söyləmək istəyirəm ki, kitabdan uzaq düşməsinlər. Hər zaman kitab, qəzet oxumağa çalışsınlar. Fikirimcə, əgər bir insan kitabdan, mütaliədən getdikcə uzaq düşəcəksə, bir o qədər də dünyagörüşdən, savaddan da geri qalmış olacaqdır. Kitabı oxumamışdan qabaq düşünürəm ki, bu kitabı yazan, yazdığı kitabın ərsəyə gəlməsi üçün nə qədər əziyyət çəkib. Buna görə də bütün kitabları oxuyub ondan bəhrələnməyə və dəyərləndirməyə çalışıram. Kitab mənim üçün imunitetdir. Hər gün yatmamışdan qabaq “Qobusnamə”ni oxuyuram. Bu kitabı bu günə kimi 10-15 dəfə oxumuşam. Belə kitabları oxuduqca sanki mənən sakitləşirəm və özümə inamım artır. Çox təəəsüflər olsun ki, bu gün Azərbaycan oxucusu kitabdan getdikcə uzaq düşür. Demək olar ki, ölkəmizdə kitaba, mütaliəyə qarşı maraq dar çərçivədədir. Qəsəbə kitabxanalarının gündəlik oxucularının sayı 10, lap çox olsa 15 təşkil edir. Bu da fikirimcə 9 milyon əhali üçün çox acınacaqlı bir rəqəmdir. Məncə, kitaba qarşı marağın aşağı səviyyədə olmasının müxtəlif səbəbləri var. İlk öncə kitaba qarşı marağı qaldırmaq üçün, kitabxanalar təhsil müəssisələri ilə sıx əməkdaşlıq etməlidilər. Təəssüflər olsun ki, hazırda da belə əməkdaşlıq gözə dəymir. Başqa səbəblərdən biri də bu sahədə çalışan işçilərin məsuliyyətsizliyi, oxucu ilə yaxşı rəftar edə bilməməsidir. Fikirimcə, bu da normal bir haldır. Əgər kitabxanaçı vəzifəsində, mühasib biliyinə yiyələnən və yaxud başqa sahəni qurtaran bir insan işləyirsə belə də olmalıdırHələ bu harasıdır... Binaların aşağısında fəaliyyət göstərən kitabxanaların üfunət iyi gələn, toz basmış kitabları kompüterlə təmin olunmamış, soyuq oxu zalları...
Bu yaxınlarda Bakıda növbəti “Kitab bayramı” keçirildi. Bu kitab bayramında daha çox uşaq və gənclərə rast gəlmək əvəzinə, burada mədəniyyət işçiləri ilə rastlaşmaq olurdu. Öz xoşlarına bura gələnlərın sayı da az deyildi, elə öz xoşuna bura gələnlərində. Dəfələrlə şahidi olmuşam ki, mədəniyyət müəssiələrinin direktorlarına zəng edib onları fılan saatda işçiləri ilə birgə burada olmalarını tapşırıblar. Biz, belə inkişafa nail ola bilərikmi?

Söhbətləşdi: Cəlil Cavanşir 


OXŞAR XƏBƏRLƏR