Rəsul Çunayev adlı-sanlı idmançıdır. Onunla bağlı bağlı məsələni şişirtmək lazım deyil. Bu hər bir şəxsin karyerasında ola bilər".
Bunu İslamiadada yunan-Roma güləşi üzrə bürünc medal qazanan Rəsul Çunayev haqqında fikirlərini "Report"a bölüşən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.
O bildirib ki, R.Çunayevlə bağlı məsələni şişirtmək lazım deyil:
"Hərə bir söz dedi. Biri dedi, saymamazlıq elədi, biri dedi nəsə göstərmək istədi. Bu, idmanda olur. Xüsusən də, güləşdə. Beş xal həm çoxdur, həm də azdır. Gəldi 6:5 hesabı ilə uduzdu. İnanıram ki, Rəsulun parlaq qələbələri hələ qabaqdadır. Mənə elə gəlir ki, bu oyunlarda Rəsul qədər birinci yerə çıxmaq istəyən ikinci bir adam yoxdur. Amma istəməklə heç də olmur. Reallıq budur ki, bu gün Rəsul İslam Oyunlarını üçüncü yerdə başa vurdu. Bunu da bir faciəyə çevirmək lazım deyil. O, bugünkü mübarizədən ibrət götürməlidir və gələcək yarışlarda bunları nəzərə almalıdır. Hər bir mənada bu qələbə hamıdan çox onun özünə lazım idi. Amma düşünürəm ki, bu nəticəyə görə onu məzəmmət etmək olmaz".