AZXEBER.COM-un məlumatına görə, bunu Teleqraf.com-a açıqlamasında "ElMed" Tibb Mərkəzinin rəhbəri Ramil Quliyev bildirib.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, aparıcı pulu qaytarmaqdan imtina edib.
E.Əlibəyli Teleqraf.com-a açıqlamasında deyib ki, onun məsələdən xəbəri yoxdur: "Təmsil olunduğum reklam şirkətində məndən başqa da işçilər var. Bu işlə bağlı adımın hallandırılmasının səbəbini bilmirəm".
R.Quliyev isə qeyd etdi ki, istintaq özü hər şeyi aydınlaşdıracaq: "Mən səbəbsiz yerə Elçin Əlibəylinin adını ora yazmamışam. Ərizədə onun adı qeyd olunubsa, deməli, səbəb var. İstintaqın gedişinə mane olmaq istəmirəm. Ətraflı məlumatı Binəqədi polisindən öyrənə bilərsiz".
Qeyd edək ki, "ElMed" Tibb Mərkəzi ANS-də yayımı dayandırılan "Gözüm yolda" verilişində reklam olunmalı idi. "Gözüm yolda" layihəsinin rəhbəri E.Əlibəyli, aparıcısı isə Ulvira Qarayeva olub.