Xəbər verdiyimiz kimi, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov tutduğu postan istefa verib.
Eldar Namazov bu istefanı “El” Hərəkatı və Ziyalılar Forumunda mühüm işlər gördüyünü, işlərinin çox olması ilə əlaqələndirsə də, bir çox siyasilər istefanın əsl səbəbinin Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən getməsi ilə əlaqələndirib. Belə ki, “El” Hərəkatının rəhbəri Rüstəm İbrahimbəyovun Milli Şurada qalmasına cəhd göstərsə də, bu istəyinin fiyaskoya uğraması onun da istefasına səbəb olub.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev AZXEBER.COM-a açıqlamasında Eldar Namazovun istefasının gözlənilən olduğunu söyləyib. Partiya sədrinin sözlərinə görə, bu istefalar Milli Şuranın mövcudluğuna heç bir təsir etməyəcək:
“Eldar Namazovun İcra Aparatının rəhbəri postundan istefası anlaşılandır. Çünki Namazov Rüstəm İbrahimbəyovun rəhbərliyi altında Milli Şurada qalmaq istəyirdi. İbrahimbəyov sədrlikdən gedəndən sonra o da dəstəklədiyi namizəd kimi ayrılmaq qərarına gəlib. Amma mən bu istefaların Milli Şuranı məhvə apardığını düşünmürəm. Ona görə ki, bu qrum ən azından parlament seçkilərinə qədər öz varlığını qoruyacaq”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə dəAZXEBER.COM-a açıqlamasında sözügedən istefanın Milli Şura üçün elə də bir əhəmiyyət daşımadığını deyib. Partiya sədri, Eldar Namazovla İbrahimbəyovun getməsindən sonra Milli Şurada nisbətən gənclərin önə çəkiləcəyini söyləyib:
“Mən bu şura yarananda da demişdim ki, Milli Şura “ölü doğulan uşaq”dır. İndi də bu fikrimdə qalıram. Burada məsələ şəxslərin bir-birinə qarşı olan münasibətidir. Yəni Eldar Namazov heç vaxt Cəmil Həsənlinin sədrliyi altında öz işini aparmaq istəmirdi. Məhz o öz liderinin sədrliyi altında yəni Rüstəm İbrahimbəyovla işləmək istəyirdi. Düşünürəm ki, İbrahimbəyovun və Eldar Namazovun getməsi Milli Şurada nisbətən gənclərin önə çəkilməsinə səbəb olacaq və bu şura nisbətən gəncləşəcək”.
AZXEBER.COM