‘Elə bilirlər ki, vahid namizəd olduqdan sonra xalqa əyil desələr, xalq əyiləcək’ – Sərdar Cəlaloğlu

SİYASƏT
16:26 10.07.2013
1761

“Rüstəm İbrahimbəyov bildirir ki, bütün namizədlik geri götürülməli, seçkilər onun namizədliyi ilə boykot edilməlidir”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu , Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Asəf Quliyevin “Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək” fikrini şərh edərkən söyləyib:

“Rüstəm İbrahimbəyovun verdiyi bəyanatlar bir daha təsdiq edir ki, əslində, “Milli Şura” prezident seçkiləri üçün nəzərdə tutulmayıb. Bu şura ya prezident seçkiləri öncəsi, ya da seçkisonrası müəyyən hadisələri reallaşdırmaq üçün bir alət kimi nəzərdə tutulub. Seçkiöncəsi təbii ki, seçkiləri boykot etmək prinsipi ola bilər. Lakin seçkisonrası məqsəd isə qeyri-qanuni hər hansı bir vəziyyət yaratmaqdır”.

ADP sədri “Milli Şura” üzvlərinin R.İbrahimbəyovun namizədliyinin qanunla qeydiyyata alınmayacağını öncədən bildiklərini söyləyib:

“R.İbrahimbəyov heç özü də qərarlarında legitimlik nümayiş etdirə bilmir. Əvvəlki çıxışlarında şura rəhbəri bildirmişdir ki, vahid namizəd mən olmasam, real namizədlərdən birini təyin edəcəyik. Bunun heç bir fərqi yoxdur. Mən, ya başqası. Lakin indi Rüstəm İbrahimbəyov bildirir ki, bütün namizədlik geri götürülməli, seçkilər onun namizədliyi ilə boykot edilməlidir. Mən bir daha qeyd edirəm ki, Milli Şura sadəcə müəyyən proyektləri həyata keçirtmək üçün lazımdır”.

Partiya sədri müxalifətin təkcə “Milli Şura”dan ibarət olmadığını bildirib. O, 20 ildi müxalifətdə olduğunu və hələ də mübarizə apardığını qeyd edib:

“Müxalifət təkcə Milli Şuradan ibarət deyil. Şəxsən mən müxalifətçi olsam da, Milli Şurada deyiləm. Mən bu şuradan yeganə olaraq İsa Qəmbərin mövqeyini dəstəkləyirəm. Bəzi insanlar elə bilirlər ki, bunlar vahid namizəd olduqdan sonra əgər onlar xalqa əyil desələr, xalq əyiləcək. O ki, qaldı Eldar Namazovun susqunluğuna, bunlar qabaqcadan düşünülmüş oyunlardır. Rüstəm İbrahimbəyov Rusiyaya aid heç bir öhdəliyinin olmadığını desə də, bu danılmaz faktdır ki, onun üzərində müəyyən öhdəliklər var. Çünki R.İbrahimbəyov orada müəyyən ittifaqların üzvüdür. Mən bu şuranın digər üzvləri haqqında heç nə deyə bilmərəm, çünki hər biri bu ssenarilərin davamçısıdır”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR