‘Elə icra başçıları var ki, ömründə kompüter önündə oturmayıb’

‘Elə icra başçıları var ki, ömründə kompüter önündə oturmayıb’
Bütün Xəbərlər
17:08 02.05.2012
1481

“Region” Beynəlxalq Analitik Mərkəzin İH-nin sədri Razi Nurullayev deyib. Onun AZXEBER.COM-a verdiyi məlumata görə, bu gün iki saat ərzində rayon və şəhər İcra Hakimiyyətlərinin fəaliyyətini və vətəndaşlara göstərdikləri xidməti araşdırıb və bu qənaətə gəlib:

”Əlbəttə, internetin bizə yaratdığı imkandan yararlanıb məlumatlana bildim. Elə bu maraq da məni elektron hökumət proqramına aparıb çıxardı. Rayon və şəhər icra hakimiyyətlərinin hamısının nizam-intizamlı internet səhifələri var. İstənilən icra hakimiyyətini asanlıqla tapmaq olar. Məsələn, İmişli İH-I: https://www.imishli-ih.gov.az.

Məlumdur ki, hökumətin qərarı var ki, elektron hökumət tez bir zamanda işə düşsün. Bununla bağlı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) vahid elektron hökumət resursunu (www.ehdis.az) da istifadəyə verib. Amma, Bakı şəhərində elektron hökumət xidmətləri mümkün olsa da, rayonlarda yox dərəcəsindədir”.

Bütün rayon və şəhərlərin İH-nin internet resursu bir plan və skript üzrə yerinə yetirilib. 

”Çox yəqin ki, bütün səhifələri eyni firma və ya şəxs hazırlayıb. Bütün səhifələrdə elektron xidmətlər bölümü olsa da, səhifələr boşdur. Bəzilərində isə sadəcə, əlaqə vasitəsi kimi istifadə edilir. Əminəm ki, elə icra başçıları var ki, ömründə kompüter önündə oturmayıb. Əlbəttə, buna görə kimisə qınamaq düz olmaz. Lakin, fakt faktlığında qalır. Elektron hökumət proqramının vəzifəsi vətəndaşların məmurlarla təmasının qarşısını almaq, rahatlığı təmin etmək və korrupsiyanın səviyyəsini azaltmaqdır. Amma, Icra Hakimiyyətləri bu xidmətləri göstərməyə hazırdırlarmı?

Hazır deyillər. Bu resursları işlədə belən kadr potensialı yoxdur. Ona görə də dövlət səviyyəsində bu məsələ daha öncə həll edilməli idi. Aydındır ki, addımlar atılıb, amma yetərli deyil”.

R.Nurullayev deyib ki, RİTN İsveçin dünyaca məşhur Chalmers Texnologiya Universiteti ilə bir memorandum da imzalamışdı ki, Bakıda İnformasiya və Kommunikasiya Texnologiyaları Universiteti açılsın. Sonra analoji addımlar Malayziya və ABŞ Texnologiya Universitetləri ilə də imzalandı.

”Nəticə bu günə kimi yoxdur. Lakin, ölkə üçün bu ən vacib istiqamətlərdən biri ola bilərdi.

Bütün vətəndaşları elektron hökumət məsələsində daha prinsipial olmağa səsləyirəm. Rayon və şəhərinizin İH-nin internet səhifəsinə daxil olun, əlaqə bölməsində verilən elektron ünvana şikayətlərinizi göndərin. Qanunla onlar sizə cavab verməlidir. Ola bilsin ki, siz bir sıra məsələlərlə bağlı İH-nə getmədən məlumatlar ala bilərsiniz. Maraqlı olar ki, fikir və təkliflərinizi də sosial şəbəkələrdə bölüşəsiniz. Hökumətin məsuliyyətli və vətəndaşlarına cavabdeh olmasında əhalimiz də aktivlik nümayiş etdirməlidir”.

OXŞAR XƏBƏRLƏR