Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında deyib ki, elektron siqaretlərin populyarlaşması onların satışının məhdudlaşdırılması üçün əsas səbəblərdəndir:
"Elektron siqaretlərin dövriyyəsinə qadağa qoyulmasının əsas səbəblərindən biri onların gənclər arasında həddindən artıq sürətlə yayılmasıdır. Müxtəlif dad və ətir verən əlavələr gənclər arasında nikotin asılılığının daha sürətli formalaşmasına səbəb olur. Eyni zamanda, ənənəvi siqaretlərdən fərqli olaraq, elektron siqaretlərin təqdimatı müxtəlif marketinq vasitələri ilə daha intensiv şəkildə həyata keçirilir ki, bu da hökumət tərəfindən əhalinin sağlamlığı baxımından narahatedici amil kimi qiymətləndirilir. Elektron siqaretlərin populyarlaşması onların satışının məhdudlaşdırılması üçün əsas arqumentlərdən biri hesab olunur”.
Ekspert bildirib ki, elektron siqaretlərin sağlamlığa təsiri ilə bağlı qeyri-müəyyənliklər var:
"Elektron siqaretlərin sağlamlığa təsiri ilə bağlı hələ də qeyri-müəyyənlik mövcuddur. Bu məhsulların uzunmüddətli təsirləri tam şəkildə müəyyənləşdirilməyib. Yəni bununla bağlı konkret fikirlər yoxdur”.
İqtisadçı vurğulayıb ki, sahibkarın elektron siqaret ehtiyatı çoxdursa, o, mövcud məhsulları endirimli qiymətlərlə satmalıdır:
"Bir sıra digər ölkələrdə də, Azərbaycanda olduğu kimi, elektron siqaretlərin satışına qadağa tətbiq edilib. Bu sahə ilə məşğul olan sahibkarların fəaliyyətinə təsir məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, müvafiq qanun layihəsi artıq bir neçə aydır müzakirə olunur və sahibkarlar əvvəlcədən məlumatlandırılıb. Hökumət bu istiqamətdə onlara əlavə vaxt tanıyıb. Buna baxmayaraq, hər hansı sahibkarın məsələni diqqətdən kənarda saxlaması və ya riski nəzərə almadan fəaliyyətini düzgün planlaşdırmaması onun öz məsuliyyəti hesab olunur. Əgər sahibkarın elektron siqaret ehtiyatı çoxdursa, o, mövcud məhsulları endirimli qiymətlərlə realizə edə bilər. Əks halda, satışın davam etdirilməsi hökumət tərəfindən müəyyən edilmiş cərimələrə səbəb olacaq”.
Şahanə Ziyad








































