Azərbaycan qanunvericiliyinə görə mərkəzi icra hakimiyyəti orqanının, icra strukturlarının təmsilçiləri parlament üzvü ola bilməzlər.
Bunu hakim partiyadan olan millət vəkiliAydın MirzəzadəYeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icra katibi, baş nazirin yeni müavini Əli Əhmədovun deputat toxunulmazlığının aradan qaldırılacağı məsələsinə aydınlıq gətirərkən bildirib. Bu baxımdan millət vəkili hesab edir ki, baş nazirin müavini kimi Ə.Əhmədov da qanuna müvafiq olaraq deputatlıq səlahiyyətlərinə xitam verməlidir: “Eyni zamanda, millət vəkilləri olaraq biz parlament həmkarımızın belə bir yüksək vəzifəyə təyin edilməsini müsbət, razılıq hissi ilə qarşılamaqla yanaşı, hesab edirik ki, Əli Əhmədov yeni işində, yeni sahəsində də ona göstərilən etimadı tam doğruldacaq, öz vəsifəsindən öhdəsindən uğurla gələcək. Ona gələcək fəaliyyətində də növbəti uğurlar arzulayırıq”-deyə, millət vəkili sonra sözlərinə əlacə edib. Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistanının Basarkeçər rayonunun Dərə kəndində anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib. 1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında (Administrasiyasında) şöbə müdirinin müavini vəzifəsində çalışıb. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı seçilib. MM-in Elm və təhsil komitəsinin üzvüdür. 2005-ci ilin martın 26-da III qurultayda YAP Sədirinin müavini və icra katibi seçilib. Xatırladaq ki, YAP-ın bu ilin yayında keçirilən sonuncu qurultayında da yenidən partiya sədrinin müavini və icra katibi seçilib. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var. (gun.az)