Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf strategiyasının inamla davam etdirilməsi 2011-ci ildə də ölkə iqtisadiyyatının potensial imkanlarını sürətlə yüksəltdi. Nəticədə bu gün Azərbaycanda dayanıqlı, sabit və dinamik inkişaf edən iqtisadi sistem yaranmışdır.
Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində demişdir.
Əli Həsənov bildirmişdir ki, təkcə 2011-ci ildə deyil, ümumiyyətlə, son 8 ildə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində həqiqətən də inqilabi nəticələr əldə etmişdir. Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda müasir dövlət, müasir cəmiyyət formalaşmışdır. Ölkədə yol, nəqliyyat, kommunal təchizat, elm, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, qısası, bütün sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılmışdır.
Şöbə müdiri qeyd etmişdir ki, Azərbaycanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilmişdir. Bu dövr ərzində iqtisadiyyatımız üç dəfə, dövlət büdcəsi 20 dəfə artmış, 50 milyard dollar həcmində valyuta ehtiyatımız formalaşmışdır. Ölkənin enerji potensialı güclənib, iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektoru, sənaye sürətlə inkişaf edir. Ölkədə makroiqtisadi sabitlik qorunur, inflyasiya birrəqəmli səviyyədə saxlanılır. 2011-ci ilin 9 ayında inflyasiya 8,4 faiz təşkil etmişdir, əhalinin pul gəlirləri isə 19 faiz artmışdır. Göründüyü kimi, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir.