Biz Azərbaycanı müəyyən təsnifatlar qrupuna ayıran təşkilatların rəyinə tənqidi münasibətdəyik”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, Azərbaycanı avtoritar rejimlər siyahısına salan qurumun qərəzli olduğunu bildirib: “Təəssüflər olsun ki, belə təsnifatlaşmanı aparan təşkilatların çoxu obyektiv meyarlardan, obyektiv təhlillərdən çıxış etmir, hansısa mərkəzlərin, qurumların, dövlətlərin sifarişini yerinə yetirirlər”. Ə. Həsənov Azərbaycan hakimiyyətinin bu cür təsnifatlaşmaları subyektiv dəyərləndirdiyini, əsasən isə reaksiya vermədiyini vurğulayıb.
Əli Həsənov qonşu ölkələrdə ba verən hadisələrin Azərbaycana təsir edib-etməyəcəyi məsələsinə də toxunub: “Azərbaycan müxalifətinin Rusiya, Qazaxıstan, yaxud digər ölkələrdə baş verən hadisələrdən istifadə etmək istəyi bizim üçün anlaşılandır. Çünki son vaxtlar təəssüflər olsun ki, Azərbaycan müxalifəti Azərbaycan cəmiyyətinin iradəsinə söykənmək deyil, dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolu tutub. Biz son üç ildə bunun şahidi olmuşuq: Gürcüstanda, Qırğızıstanda, Liviyada, Tunisdə, Misirdə və digər ölkələrdə baş verən proseslərdən sonra Azərbaycan müxalifətinin hərəkətində müəyyən davranışlar hiss edirik, duyuruq”..
Şöbə müdiri bildirib ki, Azərbaycanda uğur qazanmaq, hər hansı müvəffəqiyyətə ümid etmək üçün mütləq şəkildə xalqın, seçicisinin iradəsinə söykənmək lazımdır: “Əgər xalqın iradəsinə cavab vermirsə, onların istənilən istək və arzusu, planları məhvə məhkumdur və belə də olacaq. Ona görə də biz heç zaman Azərbaycanın xaricində baş verən hadisələrlə Azərbaycanın daxilindəki hadisələri eyniləşdirmirik, onlar arasında əlaqə axtarmırıq. Belə əlaqə ümumiyyətlə yoxdur. Qazaxıstanda hansısa kiçik münaqişənin baş verməsi, Rusiyada daxili ictimai-siyasi proseslərdə yaşananlar, yaxud digər ölkələrdə baş verənlərin Azərbaycana nə aidiyyəti var?! Hər bir ölkənin özünü daxili tənzimlənmə mexanizmləri var. Bu da hakimiyyət-xalq münasibətləridir. Əgər əhalinin iradəsinə söykənən hakimiyyət onun ehtiyacını - ictimai, siyasi, iqtisadi ehtiyacını, istək və arzularını ifadə edirsə, o hakimiyyət möhkəmdir, sabitdir, belə cəmiyyətlərdə kiminsə ara qarışdırmaq cəhdləri məhvə məhkumdur. Yox əgər mövcud iqtidar xalqın tələblərinə cavab vermirsə və xalq tərəfindən dəstəklənmirsə, belə cəmiyyətlər kövrək olur. Biz bunları Azərbaycana şamil etmirik. Çünki Azərbaycanda mövcud iqtidarla xalq arasında yekdillik var. Bugünkü iqtidarın yürütdüyü siyasət xalq tərəfindən dəstəklənir. Ona görə də belə proseslərin Azərbaycanda yaşanması üçün heç bir əsas yoxdur”.












































