Əli Kərimli: “Türkiyənin kədəri Azərbaycanın da kədəridir”
Bütün Xəbərlər
01:17 21.10.2011
1569
«Türkiyənin kədəri Azərbaycanın da kədəridir. İstəyirəm, türk xalqı bilsin ki, bu dərdi Azərbaycandakı soydaşları da paylaşır. Bu gün Azərbaycanın da gündəmində əsas məsələlərdən biri məhz Türkiyədə terror nəticəsində əsgər və polislərin şəhid olmasıdır». Bu sözləri AXCP sədri Əli Kərimli Türkiyədə oktyabrın 19-da PKK-nın törətdiyi qanlı terrora münasibət bildirərkən deyib.AXCP sədri terror nəticəsində baş vermiş insan təlfatından kədərləndiyini bildirib və Türkiyə rəhbərliyinə, şəhid ailələrinə dərin hüzünlə başsağlığı verib. Terrorun Türkiyəni bu dəfə də arxadan vurduğunu deyən Ə.Kərimli baş verənləri Türkiyənin artan nüfuzu ilə əlaqələndirib: “Türkiyənin dünyada və regionda nüfuzunun günü-gündən artması bir çoxlarını narahat etmişdi. Bu terrora həm də həmin narahatçılığın bir həlqəsi kimi baxmaq lazımdır”.Ə.Kərimli bildirib ki, terrorun mənsubiyyəti olmur, bütün dünya terrora qarşı vahid cəbhə yaratmalıdır. Türkiyədəki PKK terroruna qarşı da beynəlxalq birlik sərt, adekvat reaksiya göstərməlidir. “Həm Türkiyə, həm Azərbaycan hökuməti səy göstərməlidir ki, terrora qarşı olduğunu bildirən bütün dövlətlər və qurumlar PPK terroruna qarşı da sərt reaksiya göstərsinlər. Terrorun mübarizə fasitəsi kimi bütövlükdə regionumuzdan yığışdırılması üçün təsirli benyəlxalq tədbirlər görülməlidir», - deyə AXCP sədri qeyd edib.