Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan milli komandasının və 16 yaşadək futbolçulardan ibarət yığmanın üzvləri ilə görüşüb.
AZXEBER.COM-un məlumatına görə, AFFA-nın inzibati binasında keçirilmiş tədbirdə Mahir Məmmədov çıxış edərək hər iki komandanın üzvlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Sahə Futbol Federasiyalarının prezidenti qeyd edib ki, AFFA rəhbərliyi əlillərdən ibarət komandaları daim diqqət mərkəzində saxlayır, il ərzində müxtəlif turnirlər təşkil olunur, yığma komandanın beynəlxalq yarışlarda iştirakına yüksək səviyyədə şərait yaradılır. M.Məmmədov futbolçulara gələcəkdə çıxış edəcəkləri bütün turnirlərdə uğurlar və qələbə sevinci arzulayıb.
Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov çıxış edərək göstərilən diqqət və qayğıya görə AFFA-nın və Sahə Futbol Federasiyalarının rəhbərliyinə minnətdarlığını bildirib.
Ozal İbrahimli