Elmar Məmmədyarov: “Doqquz yaşlı uşaq müharibədə iştirak etmir"

Bütün Xəbərlər
11:06 10.03.2011
1725

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Albaniyanın xarici işlər naziri Edmond Hacinasto ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, təmas xəttində 9 yaşlı uşağın öldürülməsi barədə bütün vacib ölkələrin paytaxtları məlumatlandırılacaq: “Dünən bir neçə dəfə bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqlar aparmışam. Bu, çox xoşagəlməz məqamdır. 9 yaşlı yaşlı uşaq müharibədə iştirak etmir. Bu hadisə barədə bütün vacib ölkələrin paytaxtları məlumatlandırılacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrova da artıq bu barədə məlumat vermişəm. Soçidə qəbul olunmuş bəyanatda da təmas xəttində baş verən insidentlərin mütləq araşdırılması qeyd olunub”.

Prezidentlərin Soçi görüşündə bəzi konstruktiv məqamların səsləndiyini deyən nazir danışıqlar prosesinin davam etdiyini xatırladıb: “Prezidentlərin tövsiyəsi ilə xarici işlər nazirləri səviyyəsində bir neçə görüşün keçirilməsi gözlənilir. Çox güman ki, bu dəfə də Rusiyanın təşəbbüsü ilə yaxın vaxtlarda bu ölkənin, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüşün yeri və konkret tarixi isə hələlik məlum deyil”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernat Fasie (Fransa) və İqor Popovun (Rusiya) martın 15-də Azərbaycana səfər edəcəklərini deyən Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycan rəsmiləri ilə danışıqlar apardıqdan sonra həmsədrlər elə həmin gün İrəvana yollanacaqlar: "Həmsədrlərin regiona səfərləri prezidentlərin Soçi görüşündə razılaşdırılıb".

OXŞAR XƏBƏRLƏR