Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 12-də keçirdiyi mətbuat konfransında Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasından danışıb. “Media forum” saytının məlumatına görə, nazir deyib: “Dekabrın 9-da Rusiya belə qərara gəldi ki, Qəbələ RLS-in fəaliyyəti dayandırılsın. Azərbaycan stansiyanın avadanlığının və işçilərinin evakuasiyası ilə bağlı komissiya yaradacaq”. E.Məmmədyarov Qəbələ RLS-in üçüncü bir ölkəyə icarə verilməsini mümkünsüz sayıb: “İnanmıram ki, üçüncü bir ölkə Qəbələ RLS-i icarəyə götürsün. Hələ ki, heç kəs belə təşəbbüslə çıxış etməyib”. 1985-ci ildə istismara verilən Qəbələ RLS SSRİ-nin raketdən müdafiə kompleksinin əsas stansiyalarından biri olub. Bu stansiya 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlayırdı. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya icarəyə vermişdi. İcarə müddəti 2012-ci ilin dekabrında başa çatırdı. Azərbaycanın Xarici İşlər Nazirliyi dekabrın 10-da bəyanat yayaraq bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyası danışıqlarında razılaşma əldə olunmayıb və stansiyanın istismarı dayandırılıb.