Sovet kinematoqrafı hələ o vaxt beynimizdə belə bir fikir formalaşdırmışdı ki, Ermənistanda hər şey unikaldır – su da şirindir, hava da təmizdir, yemək də dadlıdır.
Hələ indiyə qədər heç bir yerdə qeyd edilməyib ki, insanları da tərsdir.
AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Edvard Nalbandyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın növbəti təşəbbüsü olan “Yol xəritəsi” ilə bağlı bəyanatını şərh edərkən bildirib.
“Əks təqdirdə, gündən-günə məmurların özbaşınalığı, oliqarxların pozğunluğu, yerlibazlığı və rüşvətxorluğu ilə daha çox qarşılaşmağa vadar olan sıravi Ermənistan vətəndaşlarının Ermənistan Xarici İşlər Nazirliyi rəhbərinin balaca uşaq kimi sərsəm-sərsəm danışmasını ciddi qəbul etməsini başqa necə izah etmək olar?”, - Azərbaycan Prezidenti Administrasiyasının rəsmisi qeyd edib.
Xatırladaq ki, noyabrın 15-də keçirilən mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycana “yola düşmüş qatara vaxtında çatmağı” tövsiyə edib, yəni bu o deməkdir ki, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi və təklifləri 90-cı illərin ortalarında ilişib qalıb.
“Maraqlıdır ki, Edvard Nalbandyan bugünkü Azərbaycan həqiqətlərini ötən əsrin 90-cı illəri ilə müqayisə edəndə konkret olaraq, kimi nəzərdə tutub?
İnanmaq çətindir ki, Ermənistanı beynəlxalq ictimaiyyət qarşısında təmsil edən məmur Azərbaycanın həm bölgə, həm də dünya miqyasında artan nüfuzunu görə-görə, ağlı başında ola-ola Azərbaycanın inkişaf səviyyəsini azaltmağa səy göstərə bilər.
Ermənistanın xarici işlər naziri bütün strategiyalarının arxasında bir-birini əvəzləyən uğursuzluqları gördüyü üçün, “Yalan nə qədər dəhşətlidirsə, ona bir o qədər asan inanırlar” fikrini səsləndirən Yozef Gebbelsin metodu üzrə işləməyə başlayıb” , - deyə, E.Aslanov bildirib.
Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi həmçinin qeyd edib ki, “Ermənistanda iqtisadiyyatın çökməsi, tənasübsüz xarici borc, dərin sosial böhran dövləti iflasa aparır.
Biznesmen deputatlar və digər məmurların bizneslərini bilavasitə öz adlarına qeydiyyata salmamalarına baxmayaraq, Ermənistanda hamı kimin nəyinin olduğunu yaxşı bilir.
Edvard Nalbandyan xəyalən uçduğu buludların üzərindən Ermənistan dövlətinin reallığına düşsə, ölkəsinin vətəndaşlarının gündəlik hansı problemlərlə rastlaşdıqlarını - İrəvanın siyasi şıltaqlığı nəticəsində dünyadan təcrid olunmuş Ermənistanın necə tənəzzül etdiyini və iflasa doğru irəlilədiyini görər.
Ermənistan iqtisadiyyatı “Forbes”in versiyasına görə dünyanın ən pis dövlətləri arasında “fəxri “ olaraq, ikinci yeri tutur”.
Elnur Aslanov həmçinin bildirib ki, “biz Ermənistan tərəfinin yalnız tərslik etdiyini və İrəvanın ölkənin ən adi inkişaf göstəricilərinə görə geri qaldığını, cəmiyyətdə artmaqda olan parçalanmanı etiraf etmək istəmədiyini və Azərbaycanı erməni milləti üçün təhlükə kimi göstərmək kimi sadəlövh cəhdlərini görürük.
Bu variant keçmədikdə isə, o, Azərbaycanı danışıqları sabotaj etməkdə ittiham edir. Bütün bu amillər regionun hər hansı bir müsbət inkişaf perspektivini nəinki köklü olaraq çətinləşdirir, həm də hazırki erməni cəmiyyətinin daxili resurslarını heçə endirir.
İrəvanın siyasi rejimi öz maraqları naminə işğalın status-kvosunu saxlamaqla dövlətin və erməni xalqının gələcəyini qurban verir.
Qarabağda maddi yardımlar hesabına oyuncaq rejimin qalması Qarabağdakı subsidiyaların hesabına mövcud olan oyuncaq rejimin yaşaması erməni cəmiyyətinin hərbiləşməsi və radikallaşmasının doğruldulmasına xidmət göstərərək, başqa düşüncə tərzinə qarşı dözümsüzlüyü daha da artırır.